Azərbaycanda ekoloji siyasətə xüsusi diqqət
Ekologiya

Azərbaycanda ekoloji siyasətə xüsusi diqqət

Xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə yaşıllığın qədrini bilməyənlərə anlatdı ki, yaşıllıq olmayan yerdə həyat yoxdur. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıdışından sonra müharibə şəraitində, ağır vəziyyətdə olsaq da, respublikamızın bütün bölgələrində yaşıllığa diqqət yenidən artırıldı.

Bakıda yeni parklar açıldı və əhalinin istifadəsinə verildi. 10 iyul 1999-cu il tarixdə Ulu Öndər Bakının Suraxanı rayonunda yeni parkın açılışı mərasimində demişdir: “Bu park haqqında düşünərkən keçmişi xatırlayıram. Mən 1970-ci ildə Bakının yaşıllaşdırılması planı hazırlayıb həyata keçirməyə başladım və o vaxt bir çox çağırışlar etdim: Hər bir bakılı iki ağac əkib böyütməlidir. Mənim bu çağırışıma bakılılar cavab verdilər və qısa müddətdə Bakının yaşıllaşması planının həyata keçirilməsinə başlandı. Siz bunu bilirsiniz. Siz onu da bilirsiniz ki, keçmiş zamanlarda, qədim dövrlərdə Bakı ağacsız, yaşıllıqsız olubdur, bundan insanlar çox əziyyət çəkiblər. Həmin planın həyata keçirilməsində suraxanılıların da böyük rolu vardır. İndi baxıram, ətrafda, hər yerdə ağaclar, yaşıllıqlar vardır...”.

Əsası Ulu Öndər tərəfindən qoyulan yaşıllaşdırma işləri bu gün də davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Təsadüfi deyil ki, ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biri də ətraf mühitin mühafizəsini, həmçinin insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Dövlətimizin başçısı tərəfindən 2010-cu ilin ölkədə “Ekologiya ili” elan edilməsi isə bunun bariz nümunəsi olmaqla yanaşı, bir daha sübut edir ki, Azərbaycanda ekoloji siyasətə xüsusi diqqət ayrılır.

Ölkəmizin zəngin flora və faunasının qorunması, ekoloji durumun daha da yaxşılaşdırılması, Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində ulu öndərin əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.

Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərə Heydər Əliyev Fondu mühüm töhfələr verib. 2019-cu ildə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, ümumilikdə, Azərbaycanın ekoloji durumuna çox müsbət təsir göstərməklə, yaşıllıq zolaqlarının artmasına səbəb olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına hesablanan layihələr də əhəmiyyəti ilə seçilir.

Çirklənmiş torpaqların ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası, neftlə çirklənmiş torpaqların və müxtəlif maddələrlə çirklənmiş göl və gölməçələrin bərpası istiqamətində tədbirlər görülüb.

2008-2018-ci illərdə 16 böyük yaşıllaşdırma layihələri işlənmişdir. Bu illər ərzində Yaşıllaşdırma idarələrinin sayı 3-dən 9-a çatdırılmışdır ki, bu da layihələr və layihələrdən kənar ərazilərdə salınmış yaşıllıqların becərilməsi, mühafizəsi və qorunması işinin daha operativ həyata keçirilməsini təmin etmişdir.

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC fəaliyyətinə başladığı dövrdən 2018-ci ilə kimi yaşıllıqların salınması üçün ayrılmış ərazilər, hətta mal-qara otarmağa yararsız, şoranlaşmış, neft və tikinti tullantıları ilə çirklənmiş, istifadəsiz qalmış torpaqlardan ibarət olmuşdur.

Bu müddət ərzində həmin ərazilərdə 4 milyon kubmetrdən artıq torpaq hamarlama işləri aparılmış, dərə və yarğanlar doldurulmuş, sahələrə yaşıllıqların salınması üçün 1 milyon kubmetrdən artıq torpaq qatı əlavə edilmiş, üzvi və mineral gübrələr verilmişdir. Ümumilikdə 2008-2018-ci illərdə icra edilmiş layihələr əsasında, habelə, ASC-nin tabeli qurumları tərəfindən qeyri-meşə fondu torpaqlarında 4236 hektar ərazidə müxtəlif cinəli 5 milyon 395 min 792 ədəd ağac və kol bitkiləri əkilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Sərəncamına əsasən dövlət investisiya layihələrinin icrası istiqamətində “Suraxanı rayonunun keçmiş Yod-Brom Zavodunun tullantılar və çirklənmiş ərazilərinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi icra olunub.

2018-ci il ərzində Yod-Brom Zavodunun tullantılarla çirklənmiş 66 hektar sahəsi təmizlənib və sahə əkinə yararlı vəziyyətə gətirildikdən sonra burada 55 min ədəddən çox “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tinglik sahələrində yetişdirilmiş zeytun, Eldar şamı, adi sərv, oleandr, Arizona sərvi, sezralpin, ardıc və tuya cinslərindən ibarət yaşıllıqlar salınıb. Yaşıllıq sahəsində aqrotexniki tədbirlər nəticəsində ərazidə 98 faiz bitmiş yaşıllıq əldə edilib.

Ərazidəki yağış və qrunt sularının idarə olunması üçün münasib tələblərə cavab verən drenaj şəbəkəsi çəkilib, ağacların suvarılması üçün damcılı suvarma sistemi quraşdırılıb.

Ekoloji vəziyyətin sağlamlaşdırılması işlərinin davamı olaraq 2019-cu ildə “Suraxanı rayonunun inzibati ərazisində keçmiş Yod-Brom Zavodunun ətrafında daha 100 hektar çirklənmiş ərazilərin bərpası, yaşıllıqların salınması və damcılı suvarma sisteminin qurulması” layihəsi işlənib. Ərazidə 80 min ədəddən çox zeytun, Eldar şamı, adi sərv, oleandr cinslərindən istifadə edilməklə yeni yaşıllıqlar salınıb.

2018-2019-cu illər ərzində iki layihə üzrə 166 hektar neft və neft tullantıları ilə çirklənmiş ərazilər təmizlənib və yerində 135 mindən çox ağac əkilib. Yaşıllıqlar əraziyə çəkilmiş müasir avtomatlaşdırılmış damcılı suvarma sistemi vasitəsilə suvarılır, suvarma üçün Su Hövsan Aerasiya Stansiyasından götürülür və təmizləyici qurğuda təmizləndikdən sonra suvarmaya ötürülür.

10 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakının Suraxanı rayonundakı keçmiş Yod-Brom Zavodunun ərazisində ağac əkiblər.

Müxtəlif vaxtlarda yaşıllaşdırma ilə bağlı icra olunan layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir.

Kamil İSMAYILOV,

“Respublika”.