Azərbaycan televiziya və radiosu yeni inkişaf mərhələsində
Digər xəbərlər

Azərbaycan televiziya və radiosu yeni inkişaf mərhələsində

Televiziya hər bir insanın ayrı-ayrılıqda və bütövlükdə cəmiyyətin informasiya tələbatını ödəmək məqsədi daşıyan, son 90 ilə yaxın müddətdə bu missiyanı yerinə yetirən başlıca kütləvi informasiya vasitəsi olaraq qalır. O, bütün sələflərini (radio, çap və son onilliklərdə elektron mediası) üstələyir, çünki informasiyanın daha sürətli, aydın, etibarlı şəkildə yayılmasına imkan verir. Müasir cəmiyyətdə insanların müntəzəm olaraq iqtisadi, siyasi, sosial və mədəni informasiya alması normaya, daha dəqiq ifadə etsək, gündəlik tələbata çevrilib.

Təməl daşları noyabr ayının 6-da yaranan Azərbaycan Radiosunun efirə çıxması ilə qoyulan, ondan 30 il sonra, 1956-cı il fevral ayının 14-də yayımına başlayan Azərbaycan Televiziyası - bugünkü "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ictimai-siyasi, idman və mədəni həyatında, bütün sosial sahələrdə sözünü deyə bilməklə yeni inkişaf mərhələsindədir.

Azərbaycan Televiziyası fəaliyyətdə olduğu bütün zamanlarda özünün dövlət və milli maraqlarını, mental dəyərlərimizi qoruyaraq sivil dünyanın formalaşdırdığı bəşəri keyfiyyətlərlə birgə təbliğ etməkdədir. Dövlət müstəqilliyimizin bərpasından sonra özünün istər forma, istərsə də məzmunca inkişafının yeni mərhələsi Azərbaycan teleməkanında yeni imkanlar yaratdı. "Azərbaycan Milli Televiziyası xalqımızın milli sərvətidir", - deyən ümummilli liderimiz Heydər Əliyevin ölkə mediasına verdiyi dəyər və göstərdiyi diqqətin təzahürü olaraq ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycan Televiziyasının maddi-texniki bazasının yenilənməsi istiqamətində ilk və ardıcıl addımlar atılmağa başladı. Artıq həmin illərin sonlarında fakt olaraq meydana çıxan yeni televiziyaların yaradılması tendensiyasından doğan rəqabət mühiti kollektivimiz üçün başlayan prosesi daha aktual etdi. Yaradıcı mühitin canlandırılması, kreativ düşüncə tərzinə malik kadrların cəlb edilməsi işi başlıca hədəf oldu. Zərurətə çevrilən, qaçılmaz olan bu islahatların nəticəsi idi ki, yeniləşən Azərbaycan Televiziyası forma və məzmununa görə cəlbedici olmaqla bərabər, Azərbaycan xalqının əsrlər ərzində formalaşdırdığı mental xüsusiyyətləri, o xüsusiyyətlərdən yaranan milli keyfiyyətlərin qorunmasını özünün başlıca dəyişilməz xəttinə çevirdi. Buna görədir ki, hazırkı çoxsaylı efir məkanımızda bu günə qədər Azərbaycan Televiziya və Radiosu televiziya mütəxəssislərinin birmənalı olaraq təsdiq etdikləri kimi, Ana Televiziya və Ana Radio olaraq fəaliyyətini genişləndirməkdə, özünün çoxmilyonlu auditoriyasını artırmaqdadır.

İlk olaraq onu xatırladaq ki, dövlət müstəqilliyimizin bərpasından sonra regionda, xüsusilə Azərbaycanda qeyri-stabilliyin yaranmasında maraqlı qüvvələrin erməni separatizminə gizli dəstəyinin davam etdirildiyi vaxtlarda Ermənistanın açıq şəkildə proseslərə qoşulması ilə Birinci Qarabağ müharibəsi alovlandı. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Ermənistanın həyata keçirdiyi terrorun ilk qurbanları sırasında dövlət və hökumət nümayəndələri ilə birlikdə əməkdaşlarımız da vardı. 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən vurulan helikopterdə əməkdaşlarımız - telejurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov və 19 yaşlı işıqçı Arif Hüseynzadə də var idi. Qeyd etmək istərdik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Ermənistan tərəfinin hərbi təxribatları nəticəsində həlak olan iki media mənsublarından biri də televiziyamızın operatoru Sirac Abışov oldu.

90-cı illərin əvvəllərində baş verən hadisələr yenicə dövlət müstəqilliyinin bərpasını elan edən xalqımız üçün xarakter və miqyasına görə misilsiz faciə olsa da, öz tarixi boyu ağır sınaqlardan çıxan Azərbaycan xalqı bu dəhşətli zərbəyə dözdü. 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin dərin dövlətçilik fəlsəfəsinin mahiyyəti nəinki Qarabağ müharibəsində ciddi dönüş yaratdı, həmçinin 1994-cü ildə Ermənistan tərəfinin təşəbbüsü ilə elan olunan atəşkəs rejimi ordu quruculuğunda, habelə bütün sosial-iqtisadi sahələrdə yeni inkişaf mərhələsinə impuls verdi.

Qeyd edək ki, Azərbaycan Televiziyası həmin vaxtlar ölkəmizdə gedən proseslərin tam və mükəmməl salnaməsi olan başlıca məkandır. Xüsusilə, yaradıcı heyətin istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı hadisə yerindən çəkilişlər edərək hazırladığı, efirə gedən və getməyən materiallar ötən 30 il müddətinin etibarlı yol yoldaşı kimi televiziyamızın "Qızıl fondu"nda saxlanılır. Bu işdə Prezident cənab İlham Əliyevin 30 may 2022-ci il tarixli "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında" imzaladığı Sərəncamın oynadığı rolu xüsusi vurğulamaq lazımdır. Sərəncamdan irəli gələn başlıca vəzifə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, "Azərbaycan Radiosu" və "Beynəlxalq Radio"nun ümumilikdə bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə ayrılan vəsait imkan verir ki, bununla bağlı işləri uğurla davam etdirək.

Bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan Televiziyası və Radiosu bu fonda inqilabi deyil, təkamül yeniləşmə yoluna qədəm basdı və bu seçkilərdə xalqının mütləq əksəriyyətinin səs verdiyi Prezident cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlişi ilə yeni proqressiv dövr başladı.

Kollektivimizdə onu birmənalı olaraq bilirlər ki, televiziya tamaşaçısı bir növ makro bütövlükdür. Hər dəfə tamaşaçıları birləşdirən ümumi istiqamətlər - həyat tərzi, ortaq dil, mədəniyyət, dəyər oriyentasiyaları, peşəkar maraqlar, sosial məsələlər və s. biz bunların sintezindəki "qızıl ortanı" saxlamağa çalışırıq.

Televiziya proqramlarını "məcbur etmək", yəni, tamaşaçının verilişlərə baxma vaxtının, onların ardıcıllığının, quruluşunun və temp-ritminin dəyişməsinin mümkünsüzlüyü proqramlaşdırmaya xüsusi diqqətli yanaşma tələb edir. Azərbaycan Televiziyası özünün proqram siyasətini məhz bu yanaşmalar əsasında qurur. Buna görədir ki, televiziyamız tamaşaçılardan gələn sosial sifarişlərə həssaslıqla yanaşır və onun yaradıcı kollektivi bütün spektrləri nəzərə alaraq çoxprofilli layihələrə üstünlük verir. Bununla belə, o da unudulmur ki, müasir tamaşaçını daha çox sosial-siyasi həyatda baş verənlər maraqlandırır və bu məqam proqram siyasətimizin fəlsəfəsində aparıcı yerlərdən birini tutur.

Hər gün 13 dəfə hazırlanaraq efirə gedən "AzTV Xəbər" proqramı çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda baş verən hadisələrlə bağlı operativ məlumatlar ötürülür. "Həftə", "Əsas məsələ", "Çıxışa doğru", "Sözümüz imzamızdır", "Obyektiv", "Hədəf", "Parlament saatı" proqramları gündəmdə olan məsələlər barədə tamaşaçıları təhlil və şərhlərlə əsas istiqamətə yönəldir. Bunlardan əlavə, Şuşadan - "Zəfər yolu"nun tikintisindən, Zəngilandan - "Ağıllı kənd" layihəsinin icrasından və işğaldan azad olunmuş digər rayonlardan hazırlanan verilişlər gündəlikdə dayanan məsələlərlə bağlı tribunaya çevrilir. Həmçinin "Telesəhər", "Gün başladı", "Tarixin izi ilə", "Xalqın Adamı", "Hər yer vətəndir", "Döyüşçü", "Region xəbərləri", "SMG-Sosial Media Gündəmi", "Peşəkarlar", "Gerçəklər", "Texnoxəbər", "Gəncsən", "Çöl adamı", "Qazan manqal", "Gül kimi", "Şərqilər", "Əslində biz", "Oralar", "Günün ortası", "Şuşam mənim", "Vətənin səsi" və digər verilişlər öz auditoriyasını maraqlandıran suallara cavab tapmaqda kömək edir.

Ekspertlər qeyd edirlər ki, internet davamlı olaraq tamaşaçıları televiziyadan uzaqlaşdırır. Əlbəttə, bunlar mübahisə doğuracaq mülahizələrdir. Televiziya verilişi efirdə olarkən bir neçə dəqiqə yaşayır. Biz proqramlarımızı sosial şəbəkə və saytlarımızda yerləşdirməklə onların tamaşaçı auditoriyasını genişləndirməyə müvəffəq oluruq.

Televiziya proqramlarının təhlili göstərir ki, tamaşaçının obrazı da birbaşa olaraq konkret televiziya məhsulunun tipoloji təyinatı ilə düz mütənasibdir. Buna görədir ki, müəyyən uzun ömürlü, milyonlarla auditoriyası olan layihələrə üstünlük veririk. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının keçirdiyi "Muğam Televiziya Müsabiqəsi" belə layihələrdən biridir. Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə reallaşan layihənin aktuallığı təsdiq etdi ki, o, nəinki Azərbaycanda, hətta ölkəmizdən kənarda yaşayan soydaşlarımızın da dərin rəğbətini qazanıb. Ona görə də, həmin festival ənənəvi olaraq davam etdirilir.

Azərbaycanda idman siyasətini prioritet sahələrdən biri elan edən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xətdən bəhrələnən Ana Televiziyamızın bazasında "İdman Azərbaycan" telekanalının təşkili də sosial sifarişin nəticəsidir. 2009-cu il fevral ayının 1-də Prezident cənab İlham Əliyevin iradəsi ilə yaradılan telekanal öz sabit auditoriyası, xüsusilə, yeniyetmə və gənclərimiz və bütün cəmiyyətimiz üçün idmanın populyarlaşması istiqamətində apardığı işlər bu gün də davam etdirilir.

Xatırladaq ki, kanalın yaradıcılıq nailiyyətləri ilə birlikdə, texniki uğurları da kifayət qədərdir. 2010-cu il yanvarın 15-dən proqramların peyk vasitəsilə yayımı başlanıb, verilişlərin gündəlik həcmi 15 saata çatdırılıb.

2015-ci il oktyabrın 12-dən "İdman" telekanalı 24 saatlıq iş rejiminə keçib. Hazırda kanalın proqramları HD formatında yayımlanır. Bu yenilik videotəsvirlərin daha rahat vizual qəbuluna imkan yaradır. Dünya ölkələrində idman kanalı açıq efir vasitəsilə yayımlanmır, buna görə maliyyə vəsaiti ödənilir. Yay və Qış Olimpiya Oyunları, ümumdünya universiadaları, Avropa Gənclərinin Olimpiya Festivalı, müxtəlif növlər üzrə dünya və qitə çempionatları, Formula-1 turnirləri, UEFA Çempionlar Liqası, Avroliqa, habelə Avropa Voleybol Konfederasiyasının ən mötəbər yarışları, ölkəmizin milli çempionatları məhz bizim kanalda peşəkarlıqla azarkeşlərə təqdim olunur.

Qeyd edək ki, planetimizdə ən çox maraq doğuran yarışlardan biri - futbol üzrə dünya çempionatının yayımı 2014 və 2018-ci illərdə "İdman" telekanalına həvalə edilmişdi. 2020-ci il Tokio Olimpiadasının respublikamızda yayım hüququ barədə razılıq əldə olunmuş və pandemiya səbəbindən 2021-ci ildə keçirilən Olimpiya oyunlarını milyonlarla tamaşaçı auditoriyası izləmişdi.

"Mədəniyyət" telekanalının yaradılması dövlətimizin başçısı cənab İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının daha bir nümunəsidir. 2011-ci il fevral ayının 14-də "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin bazasında yaradılan və qısa müddətdə tamaşaçı rəğbəti qazanan "Mədəniyyət" telekanalı Ana Televiziyamızın ərsəyə gətirdiyi peşəkar kanaldır.

Verilişlərini HD formatda yayımlayan "Mədəniyyət" telekanalı - bütün dünyada seyr edilmək imkanı qazanan telekanal "Səhər çağı", "Deməli..." tok-şou, "Mədəniyyət xəbərləri", "Evimizdə", "Dərs saatı", "Vətənim", "Nağıl vaxtı", "Ovqat", "Çıraq", "Vətən daşı", "Görüş", "Muğam dünyamız", "Nəcib söhbətlər", "Zəmanə", "Haqqın dərgahı", "Sehirli səslər", "Güzgü", "Caz Ulduzları", "Qızıl fond", "Vətənimiz Azərbaycan", "Saz söz axşamı", "Yadigarlar", "Sənətim", "Körpü" və digər musiqi, bədii və sənədli film yayımları geniş tamaşaçı auditoriyası qazanıb.

Son illər Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin təbliği sahəsində çoxsaylı layihələr həyata keçirilib. "Mədəniyyət" telekanalı fəaliyyətə başladığı gündən mədəni həyatımızın tribunasına çevrilib.

Son 3 ildə HD formatda təqdim olunan müxtəlif mövzularda tok-şoular, portret, ədəbi-bədii və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər Azərbaycan Televiziyasının potensial göstəricilərindən sayıla bilər. Bu, müasir sivil dünyanın tərkib hissəsi olan Azərbaycan Respublikasının bütün sahələrdə imza atdığı nailiyyətlərdən biri kimi də təqdimatıdır. Ölkəmizdə aparılan siyasi xətt bütün sahələrdə olduğu kimi, bizim kollektivimizdən də kreativ olmaqla inkişaf tələb edir. Zamanın tələblərindən irəli gələn, perspektiv inkişafımıza impuls verən bu islahatlar Ana Televiziyamızın onu sevən doğma tamaşaçılarla ünsiyyətini daha da dərinləşdirəcəkdir. Qətiyyətli və düşünülmüş islahatların nəticəsi özünü göstərir. Bu gün müasir studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, yeni avadanlıqla təchiz olunmuş montaj otaqlarında hazırlanan yüksəksəviyyəli proqramlar tamaşaçı və dinləyicilərə təqdim edilir.

Onu da qeyd edək ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin tarixində böyük yüksəliş, yenilənmə və tərəqqi dövrü kimi səciyyələnən bu faktor kütləvi informasiya vasitələrinin inkişafına yönələn dövlət siyasəti ilə birbaşa bağlıdır.

Elməddin QULİYEV,

"Azərbaycan Televiziya və

Radio Verilişləri" QSC-nin məsul işçisi.