Azərbaycan regionda sülhün tərəfdarıdır
Siyasət

Azərbaycan regionda sülhün tərəfdarıdır

Başqa yol düşmənin xeyrinə olmayacaq

Birinci Qarabağ müharibəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətllər, amansızlıq, qəddarlıq, görünməmiş nifrət, vəhşilik, elə bir həddə çatdı ki, düşmənlə bir damın altında yaşadığımıza görə çox peşmançılıq hissi də keçirtdik. Ermənilər cəllad sifətlərini dönə-dönə büruzə verdilər,  keçmiş sovetlər birliyinin 70 ilə yaxın təbliğ etdiyi qardaşlıq nəğmələri dinc insanların faciəsinə, göz yaşlarına, kədərinə, iztirabına çevrildi. 1988-1993-cü illərdə Qarabağda baş verən hadisələrin, amansız müharibənin, ermənilər tərəfindən azərbaycanlı əsir və girovların başına gətirilən müsibətlərin, Xocalı soyqırımının, Qaradağlı faciəsinin, qanla suvarılan torpaqların harayının şahidi olmuşam. Həmin illərdə qeydlər apardığım dəftərimin saralmış vərəqlərində bir çox hadisələr, münaqişənin alovlanması, insanların heç bir günahı olmadan öldürülməsi, azərbaycanlı olduğu üçün ermənilər tərəfindən diri-diri yandırılan adamların taleyi haqqında yazdığım cümlələr ötən illərin sərt sınaqlarından və sonsuz kədərindən xəbər verir.

Bir daha xatırladaq ki, son iki yüz  ildən artıq bir dövrdə azərbaycanlılara qarşı erməni soyqırımı, deportasiyası, torpaq işğalı dəfələrlə baş verib. Tarixin bu qanlı-qadalı səhifələri dinc azərbaycanlıların qanı ilə yazılıb, onlar deportasiya və qaçqınlıq, köçkünlük ağrıları yaşayıblar, doğma torpaqları erməni işğalına məruz qalıb. 1918-ci ilin martında və aprelin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar miqyasına və amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən dəhşətli cinayətlərdən biridir və hələ də yüz minlərlə azərbaycanlı bu soyqırımından və deportasiyadan əziyyət çəkir, yüzlərlə insanın taleyindən hələ də xəbər yoxdur. Torpaqlarımızda çar Rusiyası tərəfindən yerləşdirilən ermənilər burada möhkəmləndikdən sonra yerli azərbaycanlılara qarşı terror hadisələri törətməyə başladılar, yüzlərlə dinc azərbaycanlı öz evində, öz torpağında ermənilər tərəfindən öldürüldü, evləri yandırıldı, var-dövləti talan edildi.

Aydın məsələdir ki, faşist xislətli ermənilər tərəfindən törədilən qətliamların əsas məqsədi azərbaycanlıları xalq olaraq yer üzündən silmək, onların tarixi torpaqlarına sahiblənmək idi. Və bunu da həyasızlıqla, daşnak ədəbsizliyi ilə dilə gətirir, sığındıqları torpaqların onlara aid olduğunu qışqıraraq deyirdilər, çörəyi suyu ilə böyüdükləri Azərbaycana təpik atırdılar. 1988-ci ilin fevral ayında Xankəndidə ermənilərin başladığı mitinqlərdə bu barədə danışan və bərk qışqıranlardan biri də Robert Köçəryan idi. Bu uşaq qatili, hərbi cani, əlləri dirsəklərinə qədər azərbaycanlıların qanına bulaşmış nankor Qarabağ ermənisidir. Azərbaycanlılara qarşı patoloji nifrət bəsləyən, türk düşməni Robert Köçəryan 1988-ci ildə erməni separatçılarının liderlərindən biri idi. Eyni zamanda, azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinə və erməni diasporunun maliyyələşdirdiyi muzdluların da daxil olduğu silahlı dəstələrə başçılıq edib. Bir çox cinayətlərin təşkilatçısı və iştirakçısı olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımın əsas iştirakçılarından biri olub.

Cani R.Köçəryan prezident olduğu illərdə, daha doğrusu, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində baş nazir Vazgen Sərkisyan, parlamentin sədri Karen Dəmirçiyan, bir sıra deputatlar və eləcə də hökumət üzvlərinin qətlə yetirilməsi ilə nəticələnən terror aktı baş vermişdi. Həmin günün axşamından başlayaraq erməni siyasətçiləri və jurnalistləri bu terrorun Robert Köçəryanın təşkil etdiyini bəyan etməyə başladılar. Göründüyü kimi, bu faşist öz xalqının nümayəndələrinin də qətlində iştirak edib. Baxın, bu insan qatili müsahibələrinin birində,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən "ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu barədə" irqçi fikir irəli sürüb. Əslində, ermənilərlə azərbaycanlılar əsrlərlə bir yerdə yaşayıblar, adət-ənənə, mətbəx oxşarlığı, qohumluq əlaqələri, bir bölgənin havasından, suyundan, nemətlərindən  birgə istifadə etmələri bu uşaq qatilinin yadına düşmür, ağzına gələni çərənləyir, daşnak ideologiyasının onların miskin şəkildə olan mənəviyyatlarına necə hopduğunu göstərir. 1992-ci ildə Birinci Qarabağ müharibəsi ən şiddətli fazaya daxil olmuşdu və hər iki tərəfdən çoxlu itkilər və əsirlər vardı. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun rəhbərlik etdiyi silahlı dəstə iki erməni döyüşçüsünü əsir götürmüşdü və onları Ağdam şəhərindəki uşaq yaradıcılıq mərkəzinin binasının zirzəmisində saxlayırdılar. Zirzəminin küçəyə tərəf iki balaca pəncərəsi var idi. Dəfələrlə şahidi olurdum ki, həmin ətrafda yaşayan ağdamlılar o erməni əsirlərə pəncərədən yemək, su, siqaret verirdilər.

İrqçi, qatil Köçəryan, Xocalıda qadınlara, uşaqlara, xəstələrə, qocalara hansı işgəncələr verdiyiniz, diri-diri torpağa basdırdığınız adamların faciəsi heç zaman yaddan çıxmır. Qışın soyuğunda ayaqyalın, başıaçıq, səhərə kimi buzun üstündə saxladığınız qadın və uşaqların fəryadı necə unudula bilər?! Artıq bu iki fakt onu göstərir ki, azərbaycanlıların insanlığı, mərhəməti, xeyirxahlığı ermənilərdə heç zaman olmayıb və ona görə də irqçinin, faşistin, qatilin hansı millətdən olduğunu dünya yavaş-yavaş anlamağa başlayır. Əslində iki əsrdən çoxdur ki, azərbaycanlılara qarşı soyqırımı törədən, fitnə-fəsadla məşğul olan, torpaqlarımızı işğal altında saxlayan, Vətən müharibəsində işğalçıları əzərək məhv edən qəhrəman oğulların qanı tökülən torpaqlarda ermənilərin yaşamasına onların haqqı çatmır, bu heç bir əxlaqa sığışmır. Axı, hansı əxlaqdan danışmaq olar ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür. Bəşər tarixində dünyada müharibələr və dağıntılar çox olub, lakin mənim fikrimcə, XX əsrdə belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib. Bunu sadə bir jurnalist, Qarabağ hadisələrinin iştirakçısı, uzun illər məcburi köçkün həyatı yaşayan bir Allah bəndəsi kimi deməyə haqqım çatır. Ermənilərdən fərqli olaraq bizim xalqın mənəviyyatı çox zəngindir, bizdə ağsaqqala, böyüyə, rəhbərə böyük hörmət qoyulur, onun göstərdiyi yolla gedirik.

Cani və korrupsioner Robert Köçəryan İrəvanda oturub ağlına gələni çərənləyir, Qarabağ xalqından danışır, onlar döyüşməyə hazırdırsa, deməli, hər şeyi dayandırmaq şansı var. Sonra daha da lovğalanaraq utanmadan, həyasız şəkildə deyir ki, Qarabağın gələcəyinin açarı "arsax" və Ermənistan xalqının əlindədir. Bu avama xatırladaq ki, Qarabağ xalqı yoxdur, arsax yoxdur, status yoxdur, məşhur ifadədə deyildiyi kimi, hamısı cəhənnəmə gedib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib ki, Ermənistan ərazi iddialarından birdəfəlik əl çəkməlidir. Azərbaycan müharibədə qalib gəldi. Bu müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Ölkənin Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər. Artıq Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb.

Revanşistlərə, qatil köçəryanlara və başqa yanlara, eləcə də sönmüş ocağın üstünə benzin tökənlərə, ermənipərəst qüvvələrə ən dürüst, ən doğru və bütün həqiqətləri əks etdirən cavab verilib. Qələbədən sonra Azərbaycan düşmənə barışıq əli uzadır, yenidən ocaqların sönməsinə, anaların ağlar, uşaqların yetim qalmasına, insan itkisinə imkan vermir, barışığı, sülhü, əməkdaşlığı, qonşuluğu, birgəyaşayışı üstün tutur. Zənnimizcə, başqa yol ermənilərin xeyrinə olmayacaq, bunu anlamağın vaxtı çatıb...

Salman ALIOĞLU,

"Respublika".