Azərbaycan-Özbəkistan münasibətləri yeni müstəvidə
Siyasət

Azərbaycan-Özbəkistan münasibətləri yeni müstəvidə

Azərbaycanın dost, qardaş Özbəkistanla əlaqələrinin tarixi çox qədimdir. İki ölkə arasında əlaqələr təkcə dost münasibətlərinə deyil, həmçinin ortaq, oxşar bir çox dəyərlərə söykənir. Milli adət-ənənələrimiz, türk dilləri qrupuna aid olmağımız, oxşar mədəniyyətimiz və dinimiz eyni soydan olduğumuzu sübut edir.

Ölkələrimiz arasında diplomatik əlaqələr 1995-ci il oktyabr ayının 2-də qurulmuşdur. Sovet İttifaqı dağılandan sonra keçmiş respublikalar öz müstəqilliklərini əldə etsələr də yaxın, qardaş ölkələrin bir-biri ilə əlaqələri o qədər də inkişaf etməmişdir. Lakin ümummilli lider Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtması itmiş əlaqələrin bərpasına və yeni əməkdaşlığın meydana gəlməsinə şərait yaratmışdır. Ulu öndər keçmiş SSRİ-nin tərkibində olan türkdilli xalqların bir araya gəlməsi, onlarla yeni əlaqələrin qurulması üçün münasibətləri müsbətə doğru yönəltmişdir. Belə dövlətlərdən biri də Özbəkistan idi. 1996-cı ilin avqustunda Azərbaycan  Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlamış, bundan sonràkı dövrlərdə ölkələrimiz arasında sıx münasibətlər qurulmuşdur. Mütəmadi olaraq dövlət başçılarının hər iki ölkəyə səfərləri baş tutmuşdur. Hələ 1996-cı il may ayının 26-27-də ovaxtkı Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfərini bu əlaqələrin başlanğıcı kimi də qeyd etmək olar. Həmin tarixi səfər zamanı iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanmışdır. Elə həmin il 21-22 oktyabr tarixlərində isə Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və tarixi şəxsiyyət, dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olmuşdur.

Ölkələrimiz arasında Əlaqələrin və dostluq münasibətlərinin təməlini qoyan ulu öndərin Özbəkistana səfərini yeni əməkdaşlığın başlanğıcı kimi də qiymətləndirmək olar. Əslində, Heydər Əliyevin bu sahədə atdığı addımlar çoxdan həllini gözləyən məsələ idi və ümummilli lider ən vacib zamanda bunu gözəl bir şəkildə yoluna qoydu. Çünki Özbəkistan ərazisində ötən əsrin otuzuncu illərində kütləvi repressiyaların qurbanı olmuş on minlərlə azərbaycanlı soydaşımız yaşayırdı. Türk xalqlarına düşmən kəsilən Sovet hakimiyyəti o dövrlərdə azərbaycanlıları pantürkist damğası ilə uzaq Sibir kimi, Özbəkistana da sürgün etmişdir.

Bəli, bu gün ölkələrimiz arasında əlaqələr bütün istiqamətlərdə uğurla davam etdirilir. Hazırda Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır. Onlar bu ölkənin sosial-iqtisadi, mədəni və digər sahələrində fəal iştirak edirlər. Ölkə başçısı İlham Əliyevin xarici siyasətində başlıca məsələlərdən biri də uzaq, yaxın, bütün dost və qardaş ölkələrlə əməkdaşlığa xüsusi önəm verilməsidir. Həmçinin, dünyanın hansı nöqtəsində olmağından, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının taleyinə laqeyd yanaşılmamasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Özbəkistanda rəsmi səfərdə olmuşdur.

Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək  hökumətlərarası komissiya fəaliyyət göstərir. Sözügedən komissiya hər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına təkan verməklə uğurlu nəticələrə səbəb olur. Bu vaxta kimi komissiyanın səkkiz iclası keçirilmişdir. Əlaqələrimiz dostluq şəraitində artan sürətlə davam edir. Təkcə keçən il Prezident İlham Əliyev Özbəkistana üç dəfə səfər etmişdir. Belə ki, ölkə başçımız ötən il iyun ayının 21-22-də Özbəkistanda dövlət səfərində olmuş,  sentyabr ayının 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak etmişdir. Noyabr ayının 10-da isə Prezident İlham Əliyev yenidən Özbəkistanda səfərdə olmuşdur. Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü çərçivəsində baş tutan görüşdə ölkələrimiz arasında səmimi əməkdaşlıq və dostluq münasibətləri daha sıx müstəviyə yönəlmişdir. Ötən il ərzində üç dəfə Özbəkistanda səfərdə olan dövlət başçısı İlham Əliyev yenidən Səmərqənddə olmağından məmnunluğunu ifadə etmişdir.

200 milyonluq Türk dünyasında birləşən türkdilli dövlətlər böyük iqtisadi potensiala, enerji resurslarına, dünyanı birləşdirən nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyasını böyük bir ailəyə bənzədən Prezident İlham Əliyev çıxışlarında türk xalqlarının milli maraqları ilə yanaşı, həm də siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm və digər sahələri də inkişaf etdirməyin və  təhlükəsizlik, müdafiə sənayesində də əməkdaşlığı genişləndirməyin önəmini vurğulamışdır. Səfər zamanı ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi, maşınqayırma sahəsində razılaşmalar, əczaçılıq, energetika, həmçinin ipəkçilik sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin mövcudluğu diqqətə çatdırılmışdır.

Hələ 2021-ci ilin noyabr ayında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev işğaldan azad edilmiş Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına məktəb tikiləcəyini bildirmişdir. Hazırda tikinti işləri yüksək səviyyədə aparılır. Beş korpusdan ibarət olan məktəb binası Özbəkistan dövlətinin işğaldan azad olunmuş Füzuli torpağına və füzulililərə qardaş töhfəsidir. İllər keçəcək, zaman ötəcək, amma qardaş ərməğanı yaddaşlarımızda əziz xatirə kimi qalacaq. Ümumiyyətlə, Özbəkistan dövləti İkinci Qarabağ müharibəsi dövründə də Azərbaycana qarşı laqeyd qalmamış, torpaqlarımız işğaldan azad olunanda sevincimizə şərik çıxmış, qələbəmizi dəstəkləyən ölkələrdən olmuşdur. Ölkələrimiz arasında əlaqələr təkcə siyasi-iqtisadi yöndə deyil, mədəniyyət sahəsində də uğurla davam etdirilir. Ötən il oktyabrın 16-22-də Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" keçirilmişdir. Azərbaycan mədəniyyəti hər zaman özbək xalqı üçün maraqlı və sevilən olduğu kimi, azərbaycanlılar tərəfindən də özbək mədəniyyətinə, özbək musiqisinə maraq göstərilir.

Ramidə YAQUBQIZI,

“Respublika”.