Azərbaycan nümayəndə heyəti
İdman

Azərbaycan nümayəndə heyəti "Pekin-2022" Qış Olimpiya Oyunlarına yola düşüb

On nəfərdən artıq üzvü olan Azərbaycan nümayəndə heyətinin böyük bir qrupu "Pekin-2022" Qış Olimpiya Oyunlarında idmançılarımızın iştirakına hazırlıq işlərini təşkil etmək üçün Çinə yola düşüb.

Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a bildiriblər ki, Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu, komitənin beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırovun rəhbərliyi ilə qurumun marketinq idarəsinin müdiri Mehman Kərimov, "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev, MOK-un beynəlxalq proqramlar üzrə katibi Ceyhun Rəhmanov ilk olaraq Pekinə yollanıblar.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev Pekinə Azərbaycan idmançılarının yarış təqviminə əsasən gedəcəklər.

Azərbaycanın Olimpiya komandası fevralın 4-18-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmə növündə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar.

Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvintsev fevralın 8-də və 10-da yarışacaq. Fevralın 12-də isə Yekaterina Ryabova Pekinə yola düşəcək. Ryabovanın yarışı fevralın 15-də və 17-də baş tutacaq. Hər iki idmançımız və məşqçilər Aleksey Çetvertuxin, Aleksey Ryabov Pekinə Moskvadan yola düşəcəklər.

AZƏRTAC