Azərbaycan humanist dövlət kimi öz prinsiplərinə sadiqdir
Digər xəbərlər

Azərbaycan humanist dövlət kimi öz prinsiplərinə sadiqdir

"Biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik... Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq", - bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Ermənistana qarşı humanist davranıb. Və münaqişə ilə bağlı bütün çıxışlarında qarşı tərəfi barışığa səsləyib. Münaqişənin sülh yolu ilə həllinə üstünlük verib.

Baxmayaraq ki, 30 il davam edən münaqişədə zərərçəkən biz olmuşuq. Bu müddətdə 20 faiz torpaqlarımız işğal altında olub. 1 milyon vətəndaşımız doğma yurd yerlərindən didərgin düşərək ölkənin hər tərəfinə səpələnib, Vətəndə vətənsiz qalaraq köçkün həyatı yaşayıblar. Ermənistan tərəfindən işğal olunan ərazilərimiz hər cür istismara məruz qalıb. Yeraltı,  yerüstü təbii sərvətlərimiz talan edilib. Hektarlarla meşə sahələrimiz yandırılıb, tarixi, mədəni, dini abidələrimiz dağıdılıb. Ötən otuzillik müddətdə ermənilər bu torpaqlardan istədikləri kimi yararlanıblar. Biz torpaq həsrəti çəkəndə,  onlar bizim torpaqlarda narkotik vasitələr əkib-becərdilər. Biz yurd-yuvasız qalanda onlar bütün evləri, binaları söküb daşıdılar. Qarabağlılar üzü yurda sarı həsrətə dözməyib can verəndə, onlar bizim qəbiristanlıqları belə dağıdıb uçurdular. İndi dünyaya insanlıq dərsi keçib, humanistlikdən danışırlar.

Yaltaq hiyləgər olar, deyiblər. Yalançı göz yaşları töküb, Fransa kimi havadarlarının ətəyinə sığınanda Azərbaycan onlara barışıq əli uzatdı. Azərbaycan dövləti münaqişəni sülh yolu ilə həll etməyi təklif etdi. Qan tökülməsini, günahsız insanların ölməsini istəmədi. Hətta müharibənin ən qızğın vaxtlarında belə Azərbaycan Prezidenti İlham Əliyev - biz müharibəni ancaq döyüş meydanında aparırıq. Dinc əhali ilə döyüşmürük deyirdi. Ermənistan tərəfi isə münaqişə zonasından kifayət qədər uzaq məsafədə yerləşən şəhər və kəndlərimizi raket atəşinə tutdu. Onlarla dinc sakin, qadınlar, günahsız körpələr öldü. Yenə də Azərbaycan münasibətləri dinc yolla nizamlamağa çalışdı. Baxmayaraq ki, müharibədə qazandığımız qələbədən iki ildən çox vaxt keçib, Ermənistan hələ də sülh sazişinə imza atmır. Təxribatlar törətməyə davam edir. Məğlub Ermənistan hələ də mina xəritəsini tam olaraq Azərbaycana verməyib. Verdiyi xəritənin isə yalnız 25 faizi düz çıxır. Azərbaycan isə bu gün də barışıq,  sülh tərəfdarıdır. Ermənistanı sakit qonşuluq münasibətləri qurmağa, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını birgəyaşayışa dəvət edir.  Bütün bunlara baxmayaraq, Ermənistan yenə də Azərbaycanın humanistliyindən heç bir nəticə çıxarmır.

 Azərbaycan dövləti bütün dövrlərdə humanizm prinsiplərinə sadiq qalaraq münaqişənin sülh, barışıq yolu ilə həllinə tərəfdar olduğunu göstərmiş oldu. Dövlət başçısı İlham Əliyev böyük dövlətlərə sübut etdi ki, Azərbaycan humanist dövlət kimi həm müharibədən öncə, həm də müharibədən sonrakı dövrdə öz sülh, əmin-amanlıq mövqeyində qalır. Ölkəmiz öz humanist xarakterini qoruyub saxlayaraq işğaldan azad etdiyi ərazilərdən ermənilərin rahat, təhlükəsiz çıxışını təmin etdi. Hətta onlara rahat şəkildə bütün əşyalarını toplamağa vaxt da verdi. Müqayisə edəndə illər öncə ermənilərin işğal etdikləri ərazilərimizdən didərgin düşən vətəndaşlarımızın yaşadıqları faciələr, fəlakətlər göz önündə canlanır. Xalqımıza qarşı törətdikləri terror əməlləri, Xocalı faciəsi, günahsız körpə uşaqların başına gətirdikləri müsibətlər yada düşür. Və fikirləşirsən, kimin mövqeyi humanistdir? Bölgəni dağıdıb, talan edən Ermənistanın, yaxud illərlə Ermənistan tərəfindən dağıdılıb xarabazara çevrilən Qarabağ ərazisində bölgənin inkişafını, tikilib yenidən qurulmasını yüksək səviyyədə həyata keçirən Azərbaycanın?  30 il ərzində Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında bütün infrastrukturu dağıdıb, talan edib, yerində keçilməz səngərlər, istehkamlar tikib. Azərbaycan isə yenidən bu yerlərə həyat verir. Ölkəmiz hər zaman ədalətli, düzgün,  məsuliyyətli və humanist siyasət həyata keçirir.

Bütün beynəlxalq ictimaiyyət şahiddir ki, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya da humanist xarakter daşıyır. Bu, ölkəmizin təbii sərvətlərinin vəhşicəsinə talan edilməsinə, Qarabağın və bütövlükdə Azərbaycanın ətraf mühitinə vurulan ölçüyəgəlməz zərərə qarşı bir etirazdır. Aksiya iştirakçıları açıq şəkildə bildirir ki, torpaqlarımızda növbəti ekoloji cinayət törədilməsinə imkan verilməyəcək.

Ramidə YAQUBQIZI,

"Respublika".