Əbədi yurd yerlərimizə qayıdış reallaşır
Digər xəbərlər

Əbədi yurd yerlərimizə qayıdış reallaşır

İşğaldan azad edilmiş ərazilər Böyük Qayıdış və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əlavə tədbirlərin maliyyələşdirilməsi qarşıya məqsəd kimi qoyulub. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib: "Cari ilin ötən dövrü ərzində dövlət büdcəsi gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin payızında verilmiş proqnozun yenilənməsi, ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını, onların bölünməsini gündəmə gətirir".

Böyük Qayıdışın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli Sərəncamı ilə isə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq olunub. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, qarşıda duran hədəflər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında beynəlxalq təcrübə və bu sahədə strateji inkişaf tendensiyaları, eyni zamanda işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə yaradılıb.

İşğaldan azad edilmiş bölgələrimizdə yeni infrasrukturun qurulması, evlərin tikilməsi, həmçinin yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlərə əsasən deyə bilərik ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək. Böyük Qayıdış layihəsi dövlət siyasətimizin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir. Azad olunan regionlarımızda yaşayan insanların rahatlığının təmin edilməsi üçün qurumların hamısı bütün güclərini səfərbər ediblər. Böyük Qayıdışın tam şəkildə təmin olunması üçün bir sıra mühüm amillər vacib şərtdir. Bunların arasında isə minalanmış ərazilərin təmizlənməsi də birinci sıralarda yer alır. Təcavüzkar, terrorçu düşmənlərin 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızda apardıqları minalama indiyə qədər yüzlərlə vətəndaşımızın həyatına son qoyub. Lakin qeyd etmək lazımdır ki, həmin ərazilərin minadan təmizləmə işləri isə sürətlə davam etdirilir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək - ətraf mühitin tarazlı inkişafı, infrastruktur, sosial inkişaf, iqtisadiyyatın yenidən qurulması istiqamətlərini müəyyənləşdirib. Bu sənəddə Böyük Qayıdışla bağlı müəyyən olunmuş çoxşaxəli prioritet vəzifələr də öz yerini tapıb.

Şəhərsalma tədbirləri çərçivəsində texnoloji, demoqrafik və ekoloji şərtlərin təsiri altında dünyada dəyişən qlobal şəhər planlaşdırma tendensiyaları nəzərə alınmalıdır. İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər. Azərbaycan Böyük Qayıdış proqramı çərçivəsində gördüyü genişmiqyaslı quruculuq işləri ilə Qarabağın əzəli torpağımız olduğunu bütün dünyaya sübut edir.

Nuranə DAXİLQIZI,

"Respublika".