Azərbaycan etibarlı tərəfdaş kimi böyük nüfuza malikdir
Siyasət

Azərbaycan etibarlı tərəfdaş kimi böyük nüfuza malikdir

Ölkəmiz beynəlxalq arenada faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir

Dünya birliyində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni, Azərbaycan tam müstəqil siyasət həyata keçirir, buna görə də ölkəmizə rəğbət daim artır, yüksək hörmət və etimad göstərilir.

Azərbaycan regional təhlükəsizliyə özünəməxsus səviyyədə töhfələr verir ki, bu da beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Ölkəmizin apardığı enerji siyasəti dünyada regional, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir.

Əsas güc mərkəzləri, böyük dövlətlər və beynəlxalq təşkilatlar ilə qurduğumuz uğurlu əməkdaşlıq, eləcə də qonşu ölkələrlə əlaqələrimizin inkişafı hazırda dünyanın bir çox yerlərində münaqişə, gərginlik və böhranların hökm sürdüyü bir dövrdə Azərbaycan üçün çox vacib müsbət beynəlxalq imic yaradır. Beynəlxalq səviyyədə mövqelərimizin güclənməsi, ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərimizin inkişafı Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması baxımından da əlverişli və arzuolunandır. Bu istiqamətdə müsbət addımlar atılmaqdadır. Belə ki, Azərbaycan Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir.

Qurumla yeni əməkdaşlıq müqaviləsinin hazırlanması üzərində iş gedir, artıq bir sıra məsələlər razılaşdırılıb. Yeni müqavilənin imzalanması Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına xidmət edəcək. Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqının rəhbərliyi, xüsusən də Avropa İttifaqının Prezidenti arasında görüşlər və telefon danışıqları baş tutub. Həmin görüş və danışıqların əsas mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Bu fakt özü də onu göstərir ki, Vətən müharibəsində Zəfərimizin nəticələri Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurum və ona üzv olan aparıcı dövlətlər tərəfindən də tanınır.

Qeyd edək ki, avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub. Onu da qeyd edək ki, bu görüşdən gözləntilər çoxdur. Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan və Ermənistan rəhbərləri Brüsseldəki görüşlərdən öncə bir neçə dəfə Rusiyanın təşəbbüsü ilə Moskvada sülh danışıqları üçün görüşsələr də, indiyədək heç bir substantiv nəticə əldə edə bilməmişdilər. Ermənistanla Azərbaycan arasında 30 il davam edən münaqişə müddətində bir çox formatda görüşlər keçirilib, danışıqlar aparılıb, lakin onların hamısı nəticəsiz qalıb. Avropa İttifaqının təşəbbüsü ilə üçtərəfli formatda görüşlərə isə 2021-ci ilin 14 dekabrında başlanıb. İlk üçtərəfli görüş də Brüsseldə baş tutub. Həm birinci, həm də ikinci Brüssel görüşünün yekunları onu deməyə əsas verir ki, artıq müəyyən irəliləyişlərə nail olunub. Cəmi iki görüş əsasında müsbət fikir söyləməyin əsas səbəbi isə əvvəlki təşəbbüskarlar və vasitəçilərdən fərqli olaraq, Avropa İttifaqının tərəfsizliyi, qərəzsizliyi və beynəlxalq hüququ olduğu kimi qəbul etməsidir. Məhz bu səbəbdən Azərbaycan da bu formata üstünlük verir. Bu formatda ilk üçtərəfli görüşdə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub.

Dövlət başçısı cənab İlham Əliyev Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımızın mövcud olduğunu vurğulamışdır. Belə ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Hazırda Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin təqribən yarısı üzv dövlətlərin payına düşür. Azərbaycan Avropa bazarlarına etibarlı şəkildə xam neft nəql edir. Artıq ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla da təchiz etməyə başlayıb. 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı da məhz Azərbaycan olmuş və layihəni maliyyələşdirmişdir. Avropanın enerji xəritəsini dəyişdirən Cənub Qaz Dəhlizinin çəkilişi uğurla sona çatmışdır. Dövlət başçısı sammitdəki çıxışında Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizini enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi adlandırmışdır.

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir. Keçmişə nəzər salaraq görürük ki, Azərbaycan və Gürcüstan enerji sahəsində sıx əməkdaşlığa başlayıblar. Hər iki ölkə Türkiyə ilə birgə strateji tərəfdaşlığı uğurlu şəkildə qurub.

Hazırda Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.

Ümumiyyətlə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir. Bütün bunlara əsasən deyə bilərik ki, Azərbaycan dövləti beynəlxalq miqyasda yüksək nüfuza malik olduğunu göstərir. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi, həyata keçirdiyimiz layihələr içərisində ölçüsünə görə özünəməxsus yer tutan nəhəng "Şahdəniz" qaz-kondensat yatağında hasilat artmaqda davam edir ki, Azərbaycanda müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim üçün, həm tərəfdaşlarımız üçün zəruridir.

Mustafa KAMAL,

"Respublika".