Azərbaycan dünyada həm də qurucu dövlət kimi tanınır
Siyasət

Azərbaycan dünyada həm də qurucu dövlət kimi tanınır

Əlaqələndirmə Qərargahının səmərəli və məqsədyönlü fəaliyyəti də bunu təsdiq edir

Bu gün Qarabağda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Tarixi Zəfər sayəsində yaranmış reallıqlar Böyük Qayıdışın başlanğıcını təmin etməklə, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır.

Ölkənin siyasi, iqtisadi potensialı Qarabağda işğaldan azad edilmiş ərazilərin tam dirçəlişinə hədəflənib. İşlər qurumlararası dəqiq koordinasiya ilə həyata keçirilir...

Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə 2020-ci il noyabrın 24-də Sərəncam imzalamış, Sərəncama əsasən Əlaqələndirmə Qərargahı yaradılmışdır.

Əlaqələndirmə Qərargahının nəzdində İdarələrarası Mərkəzin müvafiq işçi qrupları yaradılıb ki, bu qruplar da işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə nəzarət edir. Bu işlər öz doğma yurd-yuvalarına geri qayıdacaq vətəndaşlar üçün lazımi həyat şəraitinin yaradılmasını nəzərdə tutmaqla, dövlətimizin strateji inkişaf prioritetlərinə uyğun aparılır. 2021-ci il fevralın 22-də Əlaqələndirmə Qərargahında işçi qrup rəhbərlərinin iştirakı ilə keçirilən iclasda işğaldan azad edilmiş ərazilərdə hərbi-siyasi, sosial-iqtisadi, minalardan təmizləmə, şəhərsalma, enerji, humanitar, beynəlxalq əməkdaşlıq, təşkilati və digər məsələlər üzrə işlərə cavabdeh olan müvafiq dövlət qurumlarının səlahiyyətli şəxsləri tərəfindən görülmüş işlərlə bağlı ətraflı məlumat verilib.

Qərargahın işçi qruplarının mütəmadi şəkildə keçirilən iclaslarında qarşıya qoyulan tapşırıqlar barədə fikir mübadilələri aparılır. Bu cür iclasların keçirilməsində əsas məqsəd işçi qrupların və üzvlərinin ərazilərdə aparılan işlərlə yaxından, praktiki tanış olmasını, həmçinin onların fəaliyyətinin daha səmərəli təşkilini təmin etməkdir.

Onu da qeyd edək ki, Əlaqələndirmə Qərargahının üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri də təşkil olunur. 2022-ci il iyulun 5-də Baş nazir Əli Əsədovun və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılıq etdiyi aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutub. Heyət əvvəlcə Tərtər rayonunun Suqovuşan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Daha sonra "Suqovuşan-1" Su Elektrik Stansiyası və Suqovuşan su anbarına baxış keçirilib, "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov görülən işlər barədə məlumat verib. Daha sonra Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Turizm İnkişaf Konsepsiyası ilə bağlı görülən işlər barədə məruzə edib.

Heyət Suqovuşan qəsəbəsində turizm təyinatlı fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olub. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlərdən danışıb.

Heyət üzvləri, həmçinin Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı layihə, daha sonra Bərdə-Ağdam dəmir yolunun, eləcə də Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yollarının tikinti işləri ilə tanış olublar. Onlara Şahbulaq qalasında görülən işlər barədə məlumat verilib. Heyət üzvləri Ağdam şəhəri ərazisində "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzində, Ağdam Sənaye Parkında, həmçinin Ağdamda inşa olunan yaşayış kompleksində işlərin gedişi ilə maraqlanıblar. Ağdam Cümə Məscidi və 1 saylı tam orta məktəbdə aparılan tikinti işlərinə baxış keçirilib.

Əlaqələndirmə Qərargahının ekoloji məsələlər üzrə işçi qrupu da bu istiqamətdə fəaliyyətini davam etdirir. Belə ki, ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda, o cümlədən Laçın şəhəri, Zabux və Sus kəndləri ərazisində meşə və yaşıllıq sahəsinə vurulmuş ziyanın hesablanması, radioekoloji vəziyyətin öyrənilməsi, çaylarda su və dib çöküntüləri nümunələrinin götürülməsi daxil olmaqla kompleks monitorinqlər keçirilib, Laçın və Kəlbəcər regionları ərazisindəki filiz və qeyri-filiz mineral xammal yataqlarında təftiş və qiymətləndirmə işləri aparılıb.

Qarabağ və Şərqi Zəngəzurda nadir və nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi məqsədilə ekspedisiyalar təşkil olunur, nadir fauna növlərinin populyasiyalarının qiymətləndirilməsi üçün monitorinqlər keçirilir. Kənd təsərrüfatı sahəsində görülən işlər, o cümlədən əkinçilik sahəsində məhsuldarlığın artırılması, heyvandarlıq, arıçılıq təsərrüfatlarının köçürülməsi, kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizə tədbirləri görülür.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, noyabrın 1-də Baş nazir Əli Əsədov və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı ilə aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyət Şərqi Zəngəzur iqtisadi rayonu üzrə ərazilərə səfər edib. Nümayəndə heyəti əvvəlcə yeni istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olub. Sonra heyət Qubadlı şəhərinə yola düşüb, burada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev şəhərin Baş planı barədə məruzə edib. Həmçinin heyət 110 kv-luq "Qubadlı" yarımstansiyasına da baxış keçirib.

Xudafərin-Qubadlı-Laçın avtomobil yoluna da baxış olub. Laçın rayonunun Zabux kəndində isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov tezliklə soydaşlarımızın Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışı, habelə mina və partlamamış sursatlardan ərazinin təmizlənməsi istiqamətində aparılan işlər barədə məlumat veriblər.

Nümayəndə heyəti 110 kv-luq "Laçın şəhəri" qovşaq yarımstansiyası ilə tanışlıqdan sonra Laçına gəlib. Onlara burada görülən işlər barədə məlumat verilib, şəhər xəstəxanasının binasına da baxış keçirilib.

Heyət daha sonra Laçın rayonunun Qorçu kəndi yaxınlığında hava limanının inşa edildiyi ərazidə olub, Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə maraqlanıb.

Bir sözlə, Əlaqələndirmə Qərargahı səmərəli və məqsədyönlü fəaliyyət göstərir. Qərargahın nəzdindəki İdarələrarası Mərkəzin tabeliyindəki işçi qrupları bərpa fəaliyyətinin bütün istiqamətlərini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dünya miqyasında nümunəvi xarakter daşıyır. Bununla yanaşı, müəyyən olunmuş vəzifələrin yüksək keyfiyyətlə və daha operativ yerinə yetirilməsi üçün Qərargahın, habelə İdarələrarası Mərkəzin nəzdindəki hər bir işçi qrupunun fəaliyyəti konkret nəticələrin əldə olunması istiqamətində səfərbər edilir. Bu isə Qarabağda bərpa və quruculuq işlərinin uğurla başa çatmasını təmin edəcək.

Zümrüd QURBANQIZI,

"Respublika".