Tarixin sınağından uğurla çıxan qardaşlıq
Siyasət

Tarixin sınağından uğurla çıxan qardaşlıq

Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri tarix boyu mövcudluğunu qoruyaraq bu günümüzə sağlam təməllər üzərində gəlib çatıb. Hər iki dövlət istər xoş günlərdə, istərsə də kədərli vaxtlarda bir-birilərinə daim dəstək nümayiş etdirib. Bu, ötən əsrin əvvəllərində və yaxın tarixdə baş verən hadisələrdə də özünü büruzə verib. Necə ki, Çanaqqala savaşında azərbaycanlı oğullar türk qardaşları ilə birlikdə şəhidlik zirvəsinə ucalıb qələbə qazanmışdılarsa, türk qardaşlarımız da eyni şücaəti Nuru Paşanın komandanlığı ilə Bakını işğaldan xilas edən zaman göstərmişdir.

İkinci Qarabağ müharibəsinin ilk günlərindən etibarən Azərbaycanın haqq işinə dəstək verən ölkələrdən biri də Türkiyə olub. Qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğanın beynəlxalq müstəvidə ölkəmizə arxa-dayaq durması müharibənin taleyində önəmli rol oynamışdır.

Bu gün Bakı və Ankaranın səmimi əməkdaşlığı, bütün sahələrdə uğurla davam edən işbirliyi artıq bütün dünya üçün bir nümunədir. 2021-ci il iyunun 15-də Şuşada imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Şuşa Bəyannaməsi hər iki dövlətin bütün sahələrdə əməkdaşlığını əhatə etsə də, hərbi müstəvidə nəzərdə tutulan müddəa xarici hərbi və siyasi təhdidlərin aradan qaldırılmasında xüsusi önəm daşıyır.

Ötən ilin fevral ayında Türkiyədə çoxsaylı insan tələfatı və dağıntılara səbəb olan dəhşətli zəlzələ bütün türk dünyasını, eləcə də Azərbaycanı dərindən sarsıtdı. Ağır nəticələrə yol açan təbii fəlakətin baş verdiyi ilk saatlardan ölkəmiz qardaş türk xalqına yardıma yetişdi. Kahramanmaraş faciəsinin yaralarını sarımaq üçün səfərbər olan Azərbaycan hadisə yerinə həkimlər, xilasedicilər, könüllülər göndərərək "bir millət, iki dövlət" ifadəsinə sadiqliyini göstərmişdir. Bundan başqa, ölkəmiz baş verən zəlzələdən sonra "Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı olmuşdur. Həmçinin Azərbaycan Türkiyənin zəlzələ bölgəsində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirmək məqsədilə 100 milyon ABŞ dolları vəsaiti də ayırıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Həmin illərdə Ermənistanın Qarabağa olan hərbi təcavüzü Naxçıvana da təhlükə yaradırdı. Qarabağ kimi, Naxçıvana da ərazi iddiaları ilə çıxış edən ermənilər zaman-zaman burada hücumlar təşkil edirdilər. Moskvadan ölkəmizə qayıtdıqdan sonra Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində çalışan Heydər Əliyev muxtar respublikanı blokada şəraitindən çıxarmaq üçün böyük səy göstərmişdir. Bu xüsusda ulu öndərin qardaş ölkəyə etdiyi səfərlər müstəqilliyin bərpa edilməsindən sonra Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında önəmli rol oynamışdır. İki qardaş ölkəni bir-birinə bağlayan Araz çayı üzərində "Ümid" körpüsünün tikintisi də bu illərə dayanır. 1991-ci il oktyabrın 29-da - Türkiyənin Cümhuriyyət günündə bünövrəsi qoyulan bu körpünün 1992-ci il mayın 28-də Azərbaycanın Müstəqillik Günündə Heydər Əliyevin və Süleyman Dəmirəlin iştirakı ilə açılışı olmuşdur. Eyni zamanda 1992-ci il mart ayının 22-dən 24-dək Heydər Əliyevin Türkiyəyə səfəri çərçivəsində "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu" imzalanması da çox mühüm hadisələrdəndir. Bu protokolda muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərilməsi, regionun zəruri ehtiyaclarını ödəmək üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, nəqliyyat kommunikasiyaların inkişaf etdirilməsi öz əksini tapdı.

Beləliklə, qeyd olunmalıdır ki, xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçib formalaşaraq bu gün özünün yeni mərhələsinə çatmışdır və hazırda dövlət başçıları tərəfindən uğurla inkişaf etdirilir.

Musa BAĞIRLI,

"Respublika".