Ümummilli Liderin görmək istədiyi Azərbaycan
Siyasət

Ümummilli Liderin görmək istədiyi Azərbaycan

Müasir və müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə dünənimiz, bu günümüz və gələcəyimizlə bağlı bütün məqamları ehtiva edir. Müasir Azərbaycan dövləti daha da qüdrətlənir, hərtərəfli inkişafa nail olur.

Təbii ki, bu əminlik möhkəm təmələ, Ümummilli Lider Heydər Əliyevin müəyyənlənləşdirdiyi və gələcəyə hesablanmış inkişaf strategiyasına əsaslanır. Ulu Öndərin hakimiyyətinin hər iki dövrü xalqa, dövlətə xidmət nümunəsidir. Hakimiyyətinin birinci mərhələsində, 1969-1982-ci illərdə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirən Ümummilli Lider müstəqil ölkəmizin sənaye və iqtisadi potensialını məhz o illərdə formalaşdırmışdır.

Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından çıxarıb həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı. Onun ürəyi Azərbaycanın müstəqil gələcəyi, xalqımızın xoşbəxtliyi üçün çırpınırdı. Ümummilli Liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi müasir dünyada respublikamızın yerini müəyyən etdi, milli dövlətçiliyimiz, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və tariximizə intibah dövrü kimi həkk olunub.

Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail oldu. Azərbaycanın beynəlxalq aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi səylər dahi şəxsiyyətin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü işlərin tərkib hissəsi idi.

Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı həmin illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soy-kökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Beləliklə, xalqımızın illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yarandı. Ümummilli Lider Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkir və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edirdi. Milli kadrların yetişdirilməsi, doğma dilin inkişaf etdirilməsi və istifadəsi, dövlət idarəetmə qurumlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət göstərilməsi Ümummilli Liderin dövlətinə, xalqına bağlılığının, böyük sevgisinin nümayişi idi.

Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsi də bu günümüz və gələcəyimizlə bağlı mühüm addımlarla, qəbul edilən qərarlarla zəngindir. Ümummilli Lider yalnız muxtar respublika deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında" tarixi qərarlar qəbul edildi. Ulu Öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırıldı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə xidmət edən bu mühüm addımı da xüsusi qeyd etməliyik ki, 1991-ci il dekabrın 16-da Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında" qərar qəbul olunmuşdur. Tarixi qərar sonrakı dövrdə birliyimizi və həmrəyliyimizi möhkəmləndirdi, Naxçıvandan başlanan xilaskarlıq missiyası xalqımızı vahid ideologiya ətrafında birləşdirərək Milli Qurtuluşa və Qələbəyə qovuşdurdu.

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Onun ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

1993-cü ilin may-iyununda ölkədə yaranan gərginlik, mürəkkəb hadisələr Azərbaycanın müstəqilliyi üçün ən böyük təhlükə idi və sözün əsl mənasında müstəqilliyimizin taleyi həll olunurdu. Azərbaycanın düşdüyü ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi böhran daha da dərinləşərək son həddə çatmışdı. Daxili sabitlik pozulmuş, ayrı-ayrı qüvvələrin qarşıdurması, bəzi cinayətkar qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq niyyətlərini həyata keçirmək istəyi vəziyyəti daha da ağırlaşdırmışdı. Belə çətin günlərdə Ümummilli Lider Heydər Əliyev ölkəsinin taleyinə biganə qalmadı, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 9 iyunda Bakıya qayıdan və həmin ayın 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi, milyonların etimadı nəticəsində Prezident seçilən Ulu Öndər Heydər Əliyev bugünkü və gələcək inkişafımızın əsası olan strategiyanı müəyyənləşdirdi. Ulu Öndər Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında dövlət başçısı İlham Əliyev keçilən yolu təhlil edərək belə bir çağırışı səsləndirdi ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər: "Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın". Prezident İlham Əliyev, eyni zamanda bildirdi ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil nəyin bahasına müstəqilliyi qoruyub saxladığımızı, kimə borclu olduğumuzu bilməlidir. Əgər Ulu Öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi: "Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur".

Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, normal iqtisadi mühitin yaradılması həmin dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoydu. Azərbaycan qısa müddətdə sabitlik diyarına, böyük investisiyalar məkanına çevrildi. Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirdi, yeni dostlar, tərəfdaşlar qazanmasına stimul oldu. 2017-ci ildə "Yeni əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmlətdi. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurları davamlılığı ilə dünyanın diqqətindədir. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı rolunu artırır. Tarixi Zəfərimizdən sonra ölkəmizin etibarlı, arzuolunan tərəfdaş kimi mövqeyinin möhkəmləndiyi diqqətdən kənarda qalmır. Artıq Azərbaycan bərpaolunan enerji mənbələri ilə diqqətdədir və bu sahədə əməkdaşlıq üçün geniş imkanlar yaranır. Cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik İli" elan edilməsi də bir çox məqamlara işıq salır. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Qeyd etdiyimiz kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyimizi möhkəmləndirdi. Ümummilli Liderin həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biri də ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli Lider erməni yalanlarını faktlar əsasında ifşa edərək bir daha sübut etdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır. Ulu Öndər Heydər Əliyev, həmçinin belə bir çağırışı da səsləndirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Yaradılan möhkəm təməl əsasında bu gün Azərbaycan Ordusu missiyasını şərəflə yerinə yetirir, ölkəmizə qarşı törədilən hər bir təxribatın qarşısını qətiyyətlə alır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ötən ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması deyilənlərə bariz nümunədir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev təkmil islahatları, uğurlu siyasəti ilə Azərbaycanı bütün sahələrdə gücləndirdi. Dövlət başçımız böyük inam və qürur hissilə bildirir ki, 20 ildə verilən bütün vədlər həyata keçirildi. Yeni dövrün başlanğıcı olan 7 fevral növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində son 20 ilin uğurları fonunda bu məqamı xüsusi qeyd etdi: "Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək".

Azərbaycanın uğurlarında Heydər Əliyev Fondunun töhfələrini xüsusi qeyd etməliyik. Yaradılması Ümummilli Liderin doğum gününə təsadüf edən Heydər Əliyev Fondunun fəaliyyətinin 20 ili tamam olur. 20 il zaman baxımından kiçik görünsə də Fondun gördüyü işlərin, həyata keçirdiyi layihələrin və onların uğurlu nəticələrinin miqyası baxımından zəngin bir dövrdür. Prezident İlham Əliyevin 2017-ci ildə imzaladğı Sərəncama əsasən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edildi. Dövlətimizin başçısının sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında cənab İlham Əliyev bu qərarı şərtləndirən amillər sırasında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işləri xüsusi qeyd etdi. "2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir" söyləyən ölkə başçımız bildirdi ki, Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqram çərçivəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Digər layihələr də ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilmişdir. Fondun məqsədi ehtiyacı olan insanlara yardım etmək və ən az müdafiə olunan vətəndaşlara imkan daxilində dəstək göstərməkdir. Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynayır.

Hazırda Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizin bərpası, yenidən qurulması işlərini yüksək səviyyədə həyata keçirir. Fondun təşkilatçılığı ilə bu torpaqlarda keçirilən tədbirlər tarixi Zəfərimizin yaratdığı reallıqların dünyaya çatdırılmasında və qəbul edilməsində öz sözünü deyir.

Qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır. Hər bir uğur Heydər Əliyev siyasətinin təntənəsidir. Qarşıdakı illərdə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.

Şəhla ABDULLAYEVA,

YAP Ucar rayon təşkilatının sədri.