Azərbaycan çoxtərəfli əməkdaşlığa istiqamətlənmiş məqsədyönlü siyasət həyata keçirir
Siyasət

Azərbaycan çoxtərəfli əməkdaşlığa istiqamətlənmiş məqsədyönlü siyasət həyata keçirir

Ortaq tarix və mədəni əlaqələr üzərində qurulan İran-Azərbaycan münasibətləri əsrlər boyu yaranmış, inkişaf etdirilmiş və zamanla daha da genişləndirilmişdir. Azərbaycan cənub qonşusu ilə ikitərəfli münasibətlərində iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığa geniş yer vermiş və bu əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atmışdır. Son illər isə İran İslam Respublikasının islam dəyərlərinə böyük hörmətlə yanaşan və bu dəyərləri qoruyub saxlayan Azərbaycana qarşı yönəlmiş əməlləri illər əvvəl qurulmuş münasibətlərə kölgə salır. Belə ki, İranın əsrlərlə Azərbaycana qarşı düşmənçilik mövqeyində olan, fürsət düşdükcə ərazilərini işğal edən, xalqımızın başına min bir bəlalar gətirən və nəhayət, 30 il Azərbaycan torpaqlarını işğal edib əhalisini doğma yurdundan didərgin salan ermənilərə dost, qardaş deməsi humanist islam dəyərlərinə "sadiq" müsəlman ölkəsinə bu dəyərlərin müdafiəsi, yaxud da qorunması haqqında söz deməyə belə haqq vermir.

30 illik işğalçılığı dövründə Ermənistanın Azərbaycan xalqının mədəni irsini məhv etməsinə, məscidlərini dağıtmasına və murdarlamasına göz yumması, İrəvanda, Şuşada dini inanc yerlərimizi "təmir" etməklə Ermənistanın "humanist" simasını qoruyub saxlaması İranın ermənipərəst mövqeyinin göstəricisidir. Bununla yanaşı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında İran şirkətlərinin ermənilərlə işbirliyi quraraq ölkəmizin sərvətlərini talan edib xarici bazarlarda satması, İran dövlətinin Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkişaf etdirərək birgə layihələr həyata keçirməsi də dostluğun, əməkdaşlığın təcəssümüdür.

Bu gün İran Azərbaycanın Ermənistanın "qırmızı xətti"ni keçdiyini bəyan edir. Əslində isə 44 günlük Vətən müharibəsində Ermənistanı silah-sursatla təmin edən İran elə özü Azərbaycanın "qırmızı xətti"ni tapdamışdır. Beynəlxalq görüşlərdə hər zaman Azərbaycanın yürütdüyü siyasəti dəstəklədiyini bəyan etsə də, müsəlman qardaşımız İran, əslində anti-Azərbaycan missiyası həyata keçirərək Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini bütün əməlləri ilə təsdiq edir. Əgər belə olmasaydı, cənub qonşumuz Azərbaycan əraziləri 30 il erməni işğalı altında olanda təlimlər keçirər, müsəlman qardaşlarının qanını axıdan erməni dövlətinin işğal etdiyi Azərbaycan torpaqlarını özünün qırmızı xətti adlandırardı. Lakin çox təəssüflər olsun ki, bu il ərzində 2 dəfə təlim adı ilə Azərbaycanla sərhədə qoşun yeridərək anti-Azərbaycan mövqeyini nümayiş etdirən, Ermənistan kimi Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edə bilməyən İran hökuməti ölkəmizin nəinki regionda, bütün dünyada artan nüfuzundan narahatlıq keçirir. Türkiyə ilə Azərbaycan birliyi isə İranı sözün əsl mənasında qorxuya salıb. Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olmasının əsasında da elə bu faktor dayanır. Belə ki, İran Azərbaycan və Türkiyənin Zəngəzurda möhkəmlənməsi nəticəsində onun Ermənistan vasitəsilə Gürcüstana, oradan da Avropaya çıxış imkanlarına əngəl yaranacağından ehtiyat edir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə İran özünün Cənubi Qafqaza təsir gücünün minimuma enəcəyini düşünür. Lakin nə İran, nə də onun yaxın dostu Ermənistan anlamır ki, Zəngəzur dəhlizinin açılması heç bir ölkəyə qarşı yönəlməyib, əksinə, bu dəhlizin işləməsi ümumilikdə bütün regionun inkişafına səbəb olacaq. Oktyabrın 20-də işğaldan azad olunmuş Cəbrayıl rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: "Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır... Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək".

Hələ illər öncə qonşu İranla Azərbaycanın milli informasiya agentlikləri beynəlxalq media qurumları çərçivəsində də sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Bu gün isə İran mediası dövlətin yürütdüyü anti-Azərbaycan siyasətini təbliğ edərək ölkəmizin əleyhinə yalan və böhtanlarla dolu məqalələr dərc edir. İranın ali dini rəhbəri Əli Xameneinin ofisinin mətbuat orqanı sayılan "Keyhan" qəzetinin Azərbaycanla bağlı təxribat xarakterli məqaləsində Azərbaycan hökumətinin müsəlmanlara qarşı amansız davrandığı qeyd olunur. Məqalədə, həmçinin ölkədə başqa dinlərə və məzhəblərə qarşı müsbət yanaşma olduğu halda, guya islam dininə qarşı düşmənçilik siyasəti aparıldığı və s. böhtan xarakterli iddialar da öz əksini tapıb.

İranın daha bir anti-Azərbaycan mövqeyində olan "Rahborde Moaser" saytında dərc olunan məqalədə deyilir ki, son həftələr Bakıda siyasi-diplomatik müstəvidə əhəmiyyətli fəallıq nəzərə çarpıb. Xarici rəsmilərin demək olar ki, eyni vaxtda Bakıda olması guya regional güclərin Qafqaz regionunun sərhədlərini dəyişdirmək və İranı bölgədəki yeni dəhliz marşrutlarından kənarlaşdırmaq planlarından xəbər verir.

Bütün bunlar İkinci Qarabağ müharibəsində erməniləri silah-sursatla təmin edən, onların işğalçılıq siyasətini açıq bəyan edilmədən də olsa, dəstəkləyən və ən nəhayət, Azərbaycanın qalibiyyətini qəbul edə bilməyən İranın anti-Azərbaycan siyasətinin göstəricisidir. Nəinki regionda, bütün dünyada sülhün, əmin-amanlığın tərəfdarı olan, buna mühüm töhfələr verən Azərbaycan isə istər beynəlxalq, istərsə də regiondaxili əlaqələrini genişləndirməklə heç bir ölkənin daxili işlərinə qarışmadan çoxtərəfli əməkdaşlığa istiqamətlənmiş məqsədyönlü, uzaqgörən siyasəti ilə inamla irəliləyir.

Mehparə ƏLİYEVA,

"Respublika".