AZAL prezidenti və Rusiyanın Həştərxan vilayətinin qubernatoru əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Digər xəbərlər

AZAL prezidenti və Rusiyanın Həştərxan vilayətinin qubernatoru əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Aprelin 26-da "Azərbaycan Hava Yolları" aviaşirkətinin prezidenti Cahangir Əsgərovla Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin arasında iş görüşü keçirilib.

Görüşün əsas mövzusu tərəflər arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi və ölkələrin nəqliyyat imkanlarının daha da artırılması çərçivəsində birgə addımların atılması olub.

AZAL prezidenti Cahangir Əsgərov qubernatorla söhbəti zamanı qeyd edib ki, mülki hava daşımalarının inkişafı sahəsində "Azərbaycan Hava Yolları" hər zaman digər aviaşirkətlərlə sıx tərəfdaşlıq münasibətləri qurur. Onun sözlərinə görə, iki ölkə - Azərbaycan və Rusiya arasında hava əlaqəsi iqtisadi əməkdaşlığın inkişafı, turizm potensialının genişləndirilməsi, həmçinin, iki ölkənin biznes dairələri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayır.

 Qubernator İqor Babuşkin Bakıda keçirilən danışıqların əməkdaşlığın gələcək inkişafında əhəmiyyətli rol oynayacağını deyib. O, Həştərxanla Bakı arasında aviareyslərin bərpasının iki ölkə arasında ticari-iqtisadi, investisiya əməkdaşlığının fəallaşmasına, həmçinin turizm əlaqələrinin möhkəmlənməsinə təkan verəcəyini bildirib. Qubernator ölkələr arasında hava əlaqəsinin inkişafı çərçivəsində Rusiyanın "Azimut" aviaşirkəti Həştərxandan Bakıya və geri istiqamətdə həftədə dörd dəfəyədək müntəzəm reyslər yerinə yetirməyə hazır olduğunu vurğulayıb.

Görüşün yekunlarına əsasən tərəfdaşlığın inkişaf etdirilməsi və mülki hava daşımaları sahəsində müxtəlif məsələlərin birgə müzakirə edilməsi üzrə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi barədə razılıq əldə edilmişdir.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti.