Avropa Parlamentinin növbəti şousu
SİYASƏT

Avropa Parlamentinin növbəti şousu

Erməni lobbisinin asılılığında olan bu qurum siyasi oyuncağa çevrilib

Avropa Parlamentinin erməni lobbisindən asılı olduğu hər kəsə gün kimi bəllidir. Elə bu səbəbdən də, həmin qurum erməni vandalizminə dəstək xarakterli "təşəbbüs"lərlə çıxış edir. Erməni lobbisinin qidalandırdığı siyasi korrupsionerlər - bəzi avropalı parlamentarilər timsah göz yaşları axıdaraq bu işlərin peşəkarı olan barbarların "dərdinə" şərik çıxırlar. Ötən ilin yazında qurum Azərbaycan əleyhinə "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" qətnaməni də bu təsir altında qəbul etmişdi. Təbii ki, bu, Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanmış, onu qəbuledilməz və yolverilməz hesab etmişdi.

Doğrudur, Avropa Parlamentində erməni lobbisinin asılılığında olan bir qrup deputatın təşəbbüsü və canfəşanlığı ilə Azərbaycan əleyhinə qərəzli qətnamənin qəbul edilməsi heç nəyi dəyişmədi, çünki belə kağız parçasının heç bir hüquqi qüvvəsi və siyasi təsir mexanizmi yoxdur. Digər tərəfdən, bununla reallıqları təhrif etmək, erməni vandalizmini və Ermənistanın hərbi-siyasi cinayətlərini gizlətmək, diqqəti bu məsələlərdən yayındırmaq mümkün deyil. Elə beynəlxalq ictimaiyyət də belə təşəbbüslərin haradan gəldiyini, "qətnamə" adlandırılan kağız parçalarının kimlərin fəallığı ilə qəbul edildiyini yaxşı bilir.

Təəssüf doğuran odur ki, Avropa İttifaqının qurumu olan Avropa Parlamenti siyasi oyuncağa çevrilib, gah separatizmə, erməni vandalizminə dəstək verir, gah da beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş qətnamələr, sənədlər qəbul edir. Ancaq Avropa Parlamentinin deputatları "Avropa dəyərləri" adlandırdıqları normaları, o cümlədən insan hüquqlarını, ədalətli yanaşmanı əsas tutsaydılar, ikili standartlardan uzaq dursaydılar daha obyektiv qərarlar verə bilərdilər.

2023-cü il yanvarın 18-də Avropa Parlamenti reallıqlardan tamam uzaq, böhtan mahiyyətli daha bir anti-Azərbaycan xarakterli qətnamə qəbul edib. Qurum yenə əvvəlki havasını çalır. Belə ki, qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun "blokadaya alınması" kimi sərsəm iddialarla yanaşı, artıq tarixin künc-bucağında itib-batmış "Madrid prinsipləri"nə istinadlar edilmişdir. Həmişə olduğu kimi, bu qətnamə də yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamlarla doludur. Burada da fransalı nümayəndələr daha çox canfəşanlıq etmiş, Azərbaycana qarşı qərəzli mövqe tutan deputatların təşəbbüsü ilə sənəd müzakirəyə çıxarılmış, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edən birgə qətnamə qəbul edilmişdir. Bu isə yenə sənədi hazırlayan müəlliflərin ikili standartlarının nəticəsidir.

Avropa Parlamentinin deputatları anlamaq istəmirlər ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin önəmli bir hissəsi, xüsusən erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi və yeni nəqliyyat-kommunikasiya infrastrukturunun inşası ilə bağlı öhdəliklər Ermənistanın təqsiri ucbatından indiyədək yerinə yetirilməyib. Bəyanat imzalandıqdan sonra Azərbaycanın bölgədə sülh və sabitlik yaradılması üçün göstərdiyi səylərə bəzi qüvvələr tərəfindən qəsdən və məqsədyönlü şəkildə zərbə vurulur.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə təbii sərvətlərin qanunsuz istismarı davam etdirilir. Bununla əlaqədar olaraq, Azərbaycanın dövlət qurumları nümayəndələrinin və mütəxəssislərinin monitorinq məqsədilə əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti üzvlərinin, ekoloqların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası da bir aydan artıqdır ki, davam edir. Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə olaraq, Qarabağ ərazisində yaşayan 20 mindən bir qədər artıq erməni mənşəli vətəndaşın blokadaya alınmasından söhbət belə gedə bilməz. Çünki Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır. Qətnamədə həmçinin, Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə əsassız iddialar da irəli sürülür.

Ümumiyyətlə, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinin əsasında başqa bir məqam da dayanır. Məsələn, bu cür əsassız qətnamələrin hazırlanmasında fəal iştirak edən parlamentarilərdən biri, Hollandiyadakı Xristian-Demokrat Partiyasının funksioneri, Avropa Xalq Partiyasının rəhbərlərindən olan Piter van Dalen siyasi-ideoloji ekstremist təsiri bağışlayan çıxışlarının birində deyib: "Avropada müsəlmanların sayının artması çox böyük təhlükədir. Türkiyənin Avropa İttifaqında yer almasını qətiyyən yolverilməz saydığım kimi, hesab edirəm ki, Avropa ölkələrindəki iqtisadi problemlərin əsas səbəblərindən biri sekulyarlaşmadır. Biz xristian dəyərlərini unuduruq, qloballaşırıq, hətta müsəlmanlarla yanaşı yaşamağın normal olduğunu deyirik. Halbuki, dünyada intellektual və mədəniyyət sivilizasiyası və bacarıq baxımından güclü xalqlarla zəif xalqlar var". Piterin bu mövqeyi, irqçi, nasist, islamafob və barbar yanaşmadan başqa bir şey deyil. Belə olan halda, onun kimilərin pul qarşılığında, çirkin niyyət və çirkli siyasi məqsədlər naminə erməni vandalizminə haqq qazandırmaları, Azərbaycan əleyhinə "qara piar" kampaniyası aparmaları təəccüblü görünmür. Deyəsən, Piter tarixi də yaxşı bilmir, axı İslam mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələri elə Avropanın özü də etiraf edir, Qərb mədəniyyətinin Şərq mədəni irsindən qaynaqlandığını deyir. Yəni bu danılmaz faktın qarşısından qaça bilmir.

Avropa Parlamenti artıq öz nüfuzunu getdikcə itirməkdədir. Ötən ilin sonlarında qurumun Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandallarında hallandırılması da Avropa Parlamentinin bu ikili standartlarının mahiyyətini açıq-aydın göstərir. Yəni satılmış parlamentarilərin sifarişçilərinin havasına oynamaqdan başqa çarələri yoxdur. Beləliklə, demək olar ki, özü başdan-ayağa çirkabın içində olan Avropa Parlamentinin Azərbaycana öyüd-nəsihət verməyə heç bir haqqı çatmır.

Zümrüd QURBANQIZI,

"Respublika".