Arzuları reallığa çevrilən xalqımız öz liderinin ətrafında daha sıx birləşəcək
Siyasət

Arzuları reallığa çevrilən xalqımız öz liderinin ətrafında daha sıx birləşəcək

Son illərdə ölkəmizin sürətli iqtisadi inkişafının təmin edilməsi, artım tempinə görə dünyada öncüllüyünün əldə saxlanılması, islahatların yeni mərhələsini əks etdirən proqramların həyata keçirilməsi, inkişafın müasir konsepsiyasının irəli sürülməsi, qarşıya qoyulan irimiqyaslı layihələrin yerinə yetirilməsi üçün yeni-yeni resursların üzə çıxarılması və səfərbər edilməsi, dövrün çağırışlarına vaxtında və adekvat  reaksiya  verilməsi və s. kimi idarəçilik metodlarının və yanaşma tərzinin uğurla dövlətçilik təcrübəsinə gətirilməsi  Azərbaycanın müasir tərəqqisinin əsasını təşkil edən yeni fenomenin qətiyyətlə özünütəsdiqindən xəbər verir. Bu, əlbəttə İlham Əliyev fenomenidir.

İlham Əliyev fenomeni mahiyyət etibarilə həm Azərbaycanın dövlətçilik ənənələrinin tələblərini, həm də yeni şəraitin çağırışlarını təmin etmək parametrlərinə malik olması ilə seçilir. Yüksək praqmatizmə söykənən siyasətçi imici İlham  Əliyev fenomeninin ən başlıca xüsusiyyətlərindən biridir. Məhz bu səbəbdən onun təşəbbüsü ilə həyata keçirilən istənilən proqram və ya islahat, ilk növbədə, öz praqmatizmi ilə fərqlənir. Elə son illərin nəhəng iqtisadi və sosial uğurlarının ən ciddi səbəblərindən biri məhz bu amildir. Siyasətin saflığı və səmimiyyəti İlham Əliyev fenomeninin digər mühüm cəhətlərindən biri kimi dəyərləndirilir. Dövlət başçısının xalq arasında böyük nüfuz və hörmət qazanmasında onun həm özünə, həm də yürütdüyü siyasətə xas açıq səmimiyyəti müstəsna rol oynayır.

Prezidentlik fəaliyyətində özünü aydın büruzə verən müasirlik ruhu onun  liderliyinin səciyyəvi cəhəti kimi qəbul olunan keyfiyyətlər içərisində xüsusilə diqqəti cəlb edir. Azərbaycan Respublikası Prezidentinin düşüncə tərzinə xas olan bu cəhət getdikcə daha qabarıq şəkildə bütünlüklə cəmiyyətin həyat tərzi kimi formalaşmaqdadır. Müasirlik dövlət başçısının irəli sürdüyü prinsiplərdə Azərbaycanın sürətli inkişafının, dünya birliyində özünə layiqli yer tutmasının, xalqın rifah halının yaxşılaşdırılmasının başlıca keyfiyyət göstəricisi kimi dəyərləndirilir.

2003-cü ilin prezident seçkiləri ərəfəsindən başlayaraq İlham Əliyev tərəfindən irəli sürülən bütün vəzifələr o dövrdə bu vəzifələrin icrasını qeyri-mümkün hesab edən opponentlərin şübhə və tərəddüdlərinə rəğmən uğurla yerinə yetirilmişdir. 2009-cu il fevralın 23-də regionların sosial-iqtisadi inkişaf proqramının icrasının yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “2003-cü ildə prezident seçkiləri ərəfəsində verilən bütün vədlər həyatda öz əksini tapdı. Elə bir məsələ yoxdur ki, həll olunmasın, yaxud da verilən vəd icra olunmasın və ya yarımçıq qalsın... Azərbaycan xalqı yaxşı bilir ki, əgər nə demişiksə, onu edəcəyik. Onu da yaxşı bilir ki, biz Azərbaycanın hərtərəfli inkişafı üçün və müstəqilliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik”.

Həqiqətən də hakimiyyətə gəldiyi gündən keçən 18 il ərzində ölkə başçısı İlham Əliyev andiçmə mərasimində verdiyi hər bir sözə əməl etdi.

Heydər Əliyev siyasətinə sadiq qalaraq, bu yoldan dönmədi, dövlətin müstəqil olmasını müəyyən edən real suverenliyi qoruyub saxladı, müstəqil siyasət aparmaq, ölkə daxilində və onun ətrafındakı nizamın formalaşmasına təsir göstərmək qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqaməti oldu. Bu sahədə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial-müdafiə sisteminin gücləndirilməsi  istiqamətində mühüm addımların atılmasında real ifadəsini tapır.

2003-cü ildə keçirilən prezident  seçkilərində seçicilərin 76,84 faiz səsini qazanaraq dövlət başçısı seçilən İlham Əliyev fəaliyyəti dövründə “hər bir vətəndaşın prezidenti olmaq” vədinə əməl etdi, atdığı hər bir addımın, həyata keçirdiyi hər bir proqramın, layihənin əsasında Azərbaycan vətəndaşı dayandı, onun problemləri önə çəkildi. Bütün bunlar isə onu xalqın gözündə ucaltdı.

Bu illərdə ordu quruculuğu prosesini daim diqqətdə saxladı. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə də zəmin yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. Bunun nəticəsi idi ki, 2016-cı il Aprel döyüşləri və torpaqlarımızın bir qisminin işğaldan azad edilməsi, 2018-ci il Günnüt əməliyyatı Azərbaycan Ordusunun gücünü, qüdrətini, hərbçilərmizin vətənpərvərliyini, peşəkarlığını və qəhrəmanlığını nümayiş etdirən tarixi hadisə kimi yadda qaldı.

Vətən müharibəsi dövründə səfərbərlik xidməti orqanlarının qarşısında ordu sıralarına yazılmaq üçün uzun növbələrin yaranması, hamının cəbhədən xoş müjdələri səbirsizliklə gözləməsi, azad edilmiş rayonların, qəsəbə və kəndlərin küçələrdə bayram edilməsi Vətən müharibəsinin tarixi əhəmiyyəti və xalqın öz ordusuna inamının, sevgisinin nümayişi idi. Azərbaycan Ordusu da öz tarixi missiyasını uğurla reallaşdırdı və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Məhz, Vətən müharibəsi dövründə Azərbaycan hərbçisinin nümayiş etdirdiyi cəsarət, rəşadət, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsi nəticəsində bu gün qalib Ordu obrazından, yeni əsrin müharibəsini aparmış Azərbaycan ordusunun qüdrətindən, gücündən danışılmaqdadır.

Siyasətdə şəxsiyyət amilinin mühümlüyünün tərəfdarları dövlət idarəçiliyində hər şeyi insan şəxsiyyətinin həll etdiyini hesab edir, ölkənin dirçəlişinin də böyük şəxsiyyətlərin rəhbərlik qabiliyyətindən asılı olduğunu düşünürlər. Ötən bu illərdə Prezident İlham Əliyevin atdığı addımların arxasında Qarabağ Zəfəri məsələsi dayanırdısa, müharibə dövründə qarşılaşdığı təzyiqlər, bu təzyiqlərə təmkinlə verdiyi cavablar da məhz onun liderlik fəaliyyətinin nəticəsi idi. “Mən xalqımdan heç nəyi gizlətmirəm” deyərək xalqa hər müraciətində cəbhədən xəbərləri məhz özü çatdırması, xalqını əmin edərək “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” mesajını verməsi dövlət başçısının prioritet olaraq xalqın milli maraqlarını görməsindən xəbər verir. “Bəs xalq öz liderinə necə cavab verdi?” – deyə soruşularsa, demək olar ki, istər Azərbaycanda istərsə də dünyanın müxtəlif yerlərində məskən salan azərbaycanlılar bir səslə: “Öldü var, döndü yoxdur!” deyərək öz liderlərinin ətrafında yumruq kimi birləşib, o “Dəmir yumruğu” liderə olan inamları ilə daha da möhkəmləndirdilər.

On səkkiz illik fəaliyyəti dövründə Prezident İlham Əliyevi dəstəkləyən Azərbaycan xalqı onun arzularını gerçəkliyə, reallığa çevirən öz liderini yenə də dərin inam, güvən və səmimi sevgi ilə dəstəkləməkdədir.

Xalqımız öz liderinə, qalib Ali Baş Komandanına verdiyi dəstəklə həm də dövlət baçısı ilə xalqın mövqeyinin eyni olması faktını təsdiqləmiş olur.

Zümrüd QURBANQIZI,
“Respublika”.