ANAMA: Ötən ay 379,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib
Digər xəbərlər

ANAMA: Ötən ay 379,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, fevralın 1-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 63 mina və 601 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ay ərzində 379,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

2020-ci il noyabrın 10-dan bu il fevralın 28-dək isə piyada əleyhinə 10 min 600, tank əleyhinə 4865 mina və 14 min 45 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Bu müddət ərzində 7560 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC