Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndələri Diasporla İş üzrə Dövlət Komitəsində olublar
Digər xəbərlər

Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndələri Diasporla İş üzrə Dövlət Komitəsində olublar

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) rəhbəri Tomris Azərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən F.Muradov diaspor siyasəti, diasporumuzun formalaşma tarixi, Komitənin fəaliyyət istiqamətləri, yeni və mühüm layihələr, diaspor nümayəndələrinin, xarici jurnalist və tarixçilərin Qarabağa təşkil olunan səfərləri barədə ətraflı məlumat verib. ASA-nın diaspor fəaliyyətinə verdiyi töhfələr, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasındakı rolu yüksək qiymətləndirilib.

Sonra çıxış edən Tomris Azəri və digər qonaqlar ABŞ-dakı türk və Azərbaycan diasporlarının əməkdaşlığı, diasporumuzun bu ölkənin ictimai-siyasi həyatında müəyyən mövqeyə malik olmaq imkanları, həmçinin Komitə ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün təkliflər barədə danışıblar.

Komitənin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində ölkəmizə gələn və müxtəlif sahələri təmsil edən amerikalıların daxil olduğu nümayəndə heyətinin səfər çərçivəsində bir sıra dövlət qurumlarının nümayəndələri, ali məktəb kollektivləri ilə görüşləri, eyni zamanda, Qarabağa səfərləri planlaşdırılıb.

Maraqlı fikir mübadiləsi ilə yekunlaşan görüşün sonunda T.Azəriyə təltif olunduğu "Diaspor fəaliyyətində xidmətlərə görə" medalı təqdim olunub.

AZƏRTAC