AMEA-da yeni şöbələr yaradılıb
Digər xəbərlər

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər. AMEA Rəyasət Heyəti aparatının Media və informasiya şöbəsindən verilən məlumata görə, iclasın gündəliyindəki  məsələlərdən biri  Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının təsis edilməsi ilə əlaqədar nitqi və AMEA-nın vəzifələri haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Akademik diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər dövlət qurumları, o cümlədən AMEA-nın qarşısında da bir sıra vəzifələri, tapşırıq və tövsiyələri ehtiva edir. Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı fikirlərini AMEA alimlərinin tam dəstəklədiyini söyləyən akademik İsa Həbibbəyli bu sənədin dövlət başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçiriləcək ikinci Böyük Qayıdış Proqramı olacağını bildirib: “Böyük Qayıdış işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası isə müstəqil Azərbaycan Respublikasının strategiyasını əks etdirir”.

AMEA rəhbəri Elmlər Akademiyasında Qərbi Azərbaycanla bağlı bu günə kimi bir çox tədqiqatların aparıldığını, kitabların nəşr edildiyini, lakin görülən işlərin sistemli və məqsədli şəkildə olmadığını vurğulayıb. Qeyd edib ki, dövlət başçısının tapşırıqlarından irəli gələrək, bu istiqamətdə Akademiyada həyata keçiriləcək tədqiqatların keyfiyyətini artırmaq və sistemləşdirmək məqsədilə Tarix, Folklor və Dilçilik institutlarında müvafiq şöbələr yaradılacaq.

Dövlət başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev mövzu ilə əlaqədar çıxışında bildirib ki, ölkə başçısının Qərbi Azərbaycana Qayıdış Konsepsiyası sülhsevər bir konsepsiyadır və Azərbaycanın iddiası yalnız mədəni iddiadır.

Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov və Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov isə rəhbərlik etdikləri müəssisələrdə Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatlar barədə məlumat veriblər.

Daha sonra qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb.

                                                                                                                Müşfiq MİRZƏ,

                                                                                                                 “Respublika”.