Aldərənin nümunəvi təhsil ocağı
Elm və təhsil

Aldərənin nümunəvi təhsil ocağı

Yolunu sal dərəyə

Gülləri al dərəyə

Cənnət görmək istəsən

Buyur gəl Aldərəyə.

 “Aldərə həqiqətən də cənnəti xatırladırdı”. Bu sözləri Aldərənin Səməd Vurğun adına tam orta məktəbində 34 il direktor vəzifəsində çalışmış Səfərəli İbrahimov sağlığında söyləmişdi. Vəfatından bir qədər əvvəl Səfərəli müəllim Aldərə kəndi, xüsusilə məktəb haqqında xatirələrini dilə gətirmişdi. Mən də onun dediklərini elə olduğu kimi qələmə alıram:

--Yarandığı gündən tarixin bütün dövrlərində Aldərə Qərbi Azərbaycanda çox məşhur kənd olub. Kənd çox gözəl yerdə yerləşirdi. Özünün müdrik ağsaqqalları, əməksevər gəncləri, gözəl tamlı meyvələri ilə Qafqazda seçilən kəndlərdən biri idi. Ancaq bədxah qonşularımız bizi oradan didərgin saldılar.

Onun yaranması ilə bağlı bir çox fərziyyələr var. Deyilənə görə, kəndin ərazisində 5 nəhəng kilsə olub. Bu da qədim albanların bu ərazidə məskunlaşmasının canlı sübutudur. Aldərə sonralar yaranıb. İz kəndində dolanışıq çətin olduğundan əhali Aldərəyə köç edib. İlk gələn Əli adında bir kişi olduğundan onun adına uyğun Aldərə adlandırılıb. Aldərəni məşhur edən amillərdən biri də onun məktəbi olmuşdur. Hələ əsrin əvvəlində, 1900-1901-ci illərdə Aldərədə rus dilində məktəb açılmışdı. O zaman Şuşadan partalar gətirildi. Rəhmətlik Mirşahin ağa evinin 2 otağını məktəbə hədiyyə vermişdi. Tiflisdən rus milliyyətli bir nəfər gəlib burada dərs deyirdi. 1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda rus müəllim çıxıb getdi və məktəb fəaliyyətini dayandırdı. Sovet hakimiyyəti qurulduqdan sonra məktəb fəaliyyətini davam etdirdi. Əvvəlcə ibtidai, sonra yeddiillik, daha sonra orta məktəb statusu verildi. 1939-1940-cı tədris ilində məktəbin ilk buraxılışı oldu, məktəbi 22 nəfər artıq məzun bitirdi. Onu qeyd edim ki, rayonun bütün azərbaycanlı kəndlərindən, Nüvədidən, Elnəzirdən, Lökdən, Teydən, Leyfazdan uşaqlar gəlib burada oxuyurdular. 1943-1944-cü illərdə məktəbin fəaliyyətində müəyyən fasilələr oldu. Məktəbin ilk direktorlarından Səfərəli Məhərrəmovu, Əli Mahmudovu yaxşı xatırlayıram. Allah rəhmət eləsin. Məktəbə direktor kənar yerlərdən gəlirdi. 1947-ci ildən 1955-ci ilə qədər Həsənqulu Hacıyev, 1955-dən 1988-ci ilə qədər fasiləsiz mən direktor olmuşam. Mübaliğəsiz desək, Aldərə orta məktəbi universiteti xatırladırdı. Yəni uzun müddət azərbaycanlı orta məktəb təkcə bizim kəndimizdə oldu. Rayonumuzun bütün kəndlərindən, həmçinin Zəngilanın, Mincivanın Meğriyə yaxın kəndlərindən bizim məktəbdə oxumağa gəlirdilər. Məktəbin nəzdində internat təşkil etmişdik. İnternatda yataqxana fəaliyyət göstərirdi və təhsil yüksək səviyyədə idi. Aldərə məktəbinin müəllimlərindən Həsən, Rüstəm, Ənvər, Abdüəlli, Şirindil müəllimin bilik səviyyəsini bəzi ali məktəb müəllimlərindən üstün bilirdim. Mənim işlədiyim 34 il ərzində Aldərə məktəbinin 500 məzunu ali təhsil almış, müxtəlif peşələrə sahib olmuşdu.

Aldərə məktəbinin ilk binası 1939- cu ildə tikilmişdi. 1956-cı ildə ikinci və 1978-1979-cu illərdə üçüncü binanın tikilməsində çox əziyyət çəkdim. Bunu kəndin və rayonun bütün camaatı etiraf edir. Çox böyük çətinliklə 1979-cu ilin noyabr ayında yeni binaya köçdük. Çox gözəl bina idi, Gürcüstan layihəsi əsasında  tikilmişdi. Məktəbin gözəl idman, iclas, fənn zalları, laboratoriyaları var idi. Bir qeyd də etmək istəyirəm ki, bu illərdə 36 nəfər qızıl medal almışdı. Məktəb məzunlarının 80-90 faizi birinci ildən ali məktəbə daxil olurdular. İftixar hissi ilə qeyd etmək lazımdır ki, 25 nəfərdən artıq elmlər doktoru, elmlər namizədləri yetişib ali məktəblərdə, elmi müəssisələrdə fəaliyyət göstərirdi.

N.S.Xruşşov hakimiyyətə gələndən sonra təhsil haqqında yeni qanun verdilər və bizim məktəb səkkizillik oldu. Mən çox səy göstərdim, narazılıq etdim. Rayon partiya komitəsinə getdim. Mənə açıqca dedilər: məcbur deyil ki, hər kəs attestat alsın, 8 il oxuyub qurtarıb getsinlər istehsalatda işləsinlər. Mən respublikanın ali orqanlarına, mərkəzi hakimiyyətə müraciət etdim ki, azərbaycanlıların da bir orta məktəbi olmalıdır. Və elə də oldu. 1957-ci ildə məktəbə Xalq şairi Səməd Vurğunun adı verildi. 1986-cı ildə şairin anadan olmasının 80 illiyi münasibətilə məktəbin həyətində gözəl abidə ucaltdıq.  Mənim təkidim və xahişim əsasında Nazirlər Soveti məktəbin həyətində Səməd Vurğunun abidəsinin qoyulması barədə qərar vermişdi. Çox müqavimətə rast gəldik. Abidənin layihəsi hazır olandan sonra rayon icraiyyə komitəsinin sədri tikintiyə pul ayırmaqdan imtina etdi. Belə bir əsas da gətirdi ki, nə üçün Səməd Vurğunun kənddə qoyulan abidəsi Stepan Şaumyanın rayon mərkəzinin mərkəzində qoyulan abidəsindən yüksək olmalıdır. Yenə böyük narazılıq yarandı, mən rayon partiya komitəsinə müraciət etdim. Onlar da rayon soveti sədrinin sözünü dedi: pul onlarındır vəsait ayırmırlar, siz də abidəni balaca edin. Mən çox minnətdarlıq hissi ilə qeyd edirəm ki, kolxozumuzun sədri Hüseynqulu Məmmədhəsənoğlu bu işi öhdəsinə götürdü. 1986-cı il sentyabr ayının 25-də abidənin açılışı oldu. Səməd Vurğunun oğlu Yusif Səmədoğlu, qızı Aybəniz Vəkilova, Azərbaycandan bir çox ziyalılar, İrəvandan nümayəndələr gəldi. Məktəbin həyətində Səməd Vurğunun abidəsini açdıq.

... Azərbaycanlıların təhsil almasında önəmli rol oynayan bu insan bütün aldərəlilərin sevgisini və hörmətini qazanmışdı. Aldərəyə qayıtmağı  çox arzu edirdi.  Doğma soydaşlarımızın yenidən bu torpaqlara qayıtması Səfərəli müəllim kimi dünyasını dəyişən Qərbi azərbaycanlıların ruhunu şad edəcək.

Musa BAĞIRLI,

“Respublika”.