“Təhsil və mədəniyyətin vəhdəti: nümunələr və yeni missiya
Elm və təhsil

“Təhsil və mədəniyyətin vəhdəti: nümunələr və yeni missiya"

ADA Universitetinin təşkilatçılığı ilə "Təhsil və mədəniyyətin vəhdəti: nümunələr və yeni missiya" mövzusunda konfrans keçirilib.

Konfransda ADA Universitetinin rektoru Hafiz Paşayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov və digər qonaqlar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində keçirilən konfrans iştirakçıları şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək memorial önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.

Firudin bəy Köçərli və Badisəba xanım haqqında, eləcə də Qazax Müəllimlər Seminariyasının əvvəlki vəziyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını və qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı deyib: "Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm", - deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuşdur. Bu gün hər birimiz qürurla deyə bilirik ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Ulu Öndər Heydər Əliyev Qazax Müəllimlər Seminariyasının tarixi əhəmiyyətini vurğulayaraq demişdir: "Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rolu danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir".

İcra başçısı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. O, çıxışı zamanı Azərbaycan təhsilinə böyük töhfələr verən, fəaliyyətə başladığı ilk gündən Azərbaycan elminə yeniliklər gətirən, beynəlxalq səviyyədə özünəməxsus yeri olan ADA Universitetinin də təhsilin inkişaf etdirilməsi istiqamətində mühüm layihələr, tədbirlər həyata keçirdiyini qeyd edib. 2021-ci ildə ADA Universitetinin "Bir müəllimin manifesti" təhsil layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyası binasının yenidən qurulmasını bu sahədə olan işlərin əyani sübutu kimi dəyərləndirib. Qazax Müəllimlər Seminariyasının binasını qısa müddət ərzində bərpa etməklə ali təhsil ocağının yenidən öz tarixi missiyasını özünə qaytardığını söyləyib. "Bir müəllimin manifesti" təhsil layihəsinə Qazaxdan başlanılmasını, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin yaradılmasını əslində Azərbaycanda maarifçilik irsimizin və seminariyadan aldığımız milli qürurumuzun bərpası kimi qeyd edib.

Qazax Müəllimlər Seminariyası İdarə heyətinin üzvü Qalib Məmməd 2021-ci il 1 oktyabr tarixində Qazax Müəllimlər Seminariyasının qarşısında ADA Universitetinin tərəfdaşlarının iştirakı ilə niyyət protokolu imzalandığını bildirib. 100 il sonra ADA Universiteti olaraq Firudin bəy Köçərlinin, Badisəba xanımın, Məşədi İbrahim ağanın ənənələrini davam etdirdiklərini vurğulayıb.

Sonra ADA Universitetinin Strategiya və İnkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyası İdarə heyətinin üzvü Vəfa Kazdalın moderatorluğu ilə "Bir müəllimin manifesti": Müəllimlərin peşəkar inkişafında perspektivləri" mövzusunda dəyirmi masa keçirilib.

ADA Universitetinin Xarici Əlaqələr və Tələbə İşləri üzrə prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə "Bir sahibkarın manifesti: Təhsildə və mədəniyyətdə xeyriyyəçilik ənənələrinin dirçəlişi" mövzusunda panel müzakirə olub.

Tədbirdə məzunlara ADA Universiteti və Təhsil İnstitutunun diplomları, sertifikatlar təqdim olunub.

Vəli VƏLİYEV,

"Respublika".