AHİK-in İcraiyyə Komitəsi bir sıra vacib qərarlar qəbul edib
Digər xəbərlər

AHİK-in İcraiyyə Komitəsi bir sıra vacib qərarlar qəbul edib

Dekabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib. Öncə Vətənimizin müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, gündəlikdə AHİK-in V Məclisin çağırılması, Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, Məclisin tərkibində qismən dəyişikliklər aparılması, 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar AHİK-in Tədbirlər planı, AHİK-in yaranmasının 30 illiyi ilə əlaqədar Tədbirlər Planı, "Azərbaycan həmkarlar ittifaqlarının 30 illik yubiley" döş nişanının təsis olunması, 2022-ci il üzrə "İlin peşəkar gənci" fəxri adının verilməsi, Azərbaycanda əhali arasında 2020-2021-ci illərdə xəstələnmə hallarının analitik təhlili, şəhid ailələri, müharibə iştirakçıları və veteranları, müharibə ilə əlaqədar əlillik təyin edilən şəxslərə qanunvericilikdə verilən hüquq və imtiyazlar, bu sahədə həmkarlar ittifaqlarının gördükləri işlər barədə məsələlər öz əksini tapıb.

İclasda 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar AHİK-in Tədbirlər planı təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, "Heydər Əliyev İli" çərçivəsində AHİK tərəfindən ağacəkmə aksiyasının, idman yarışlarının, sərgilərin təşkili, konfransların keçirilməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. tədbirlər nəzərdə tutulub. Səttar Möhbalıyev üzv təşkilatların rəhbərlərinə bu prosesdə fəal iştirak etməyi tövsiyə edib.

Sonda AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib.

"Respublika".