Torpaq çərşənbəsi
Sosial həyat

Torpaq çərşənbəsi

Çərşənbələrin dördüncüsü Torpaq çərşənbəsidir. Ona xalq arasında İlaxır çərşənbə, Zında çərşənbə, Yer çərşənbəsi, Xak çərşənbə də deyirlər. Əvvəlki həftələrdə oyanmış stixiyalar - su, od və yelin birgə səyi ilə torpaq da cana gəlir, silkinib yuxusundan oyanır. Donu açılır, hərarəti elə bir dərəcəyə çatır ki, artıq onu şumlamaq, toxum səpmək mümkün olsun. İnsanlar üçün yeni əmək mövsümünün başlanması çox vacib bir hadisə idi. Çünki insanın həyatı, güzəranı, rifahı torpaqdan asılıdır. Elə Novruzun təməlində də əcdadlarımızın əkinçilik görüşləri, zaman, təqvim təsəvvürləri durur.

Mifoloji mətnlərdə torpağın qadın kimi təsəvvür edildiyini görürük. Ona "Ana torpaq" deyilir. Bu da ilk növbədə torpağın törətmək, çoxaltmaq qabiliyyəti ilə bağlıdır. Qədimdə həmin təsəvvürlərin nəticəsi olaraq müəyyən mərasimlər keçirilmişdir. Onlardan biri səməni büsatıdır. Bildiyimiz kimi, səməni təbiətin, yaşıllığın rəmzidir. İnsanlar torpağı şumlayıb becərməzdən əvvəl onun artıq məhsul vermiş kiçik modelini evdə cücərdir, həftələrlə onun qayğısını çəkirdilər. Hətta səməninin bitməsindən asılı olaraq gələcək məhsulun necə olacağı haqqında fikir yürüdürdülər. Seyrək, əyri-üyrü bitən səməni məhsulun kasad, qıt, sıx bitmiş, düz, rəvan cücərmiş səməni isə nemətin bol olacağından xəbər verir. Mübarək torpaq çərşənbəsi axşamı hər ailədə "səməni mayası" hazırlayardılar. Bunun üçün səməni hələ göyərməmiş onun təzə cücərtilərini doğrayıb əzər, həlim şəklinə salardılar. Sonra bütün məhəllə, kənd sakinləri təmiz çəmənlik və ya açıq tarlada onu bişirərdilər. Bu şənlik axşam başlayıb, sübhədək davam edərdi. Səməni mayasını səhər tezdən yeyirdilər. Onu həyatverici, ömür-gün uzadan, min bir dərdin dərmanı olan məcun, Ana torpağın döş südü hesab edirdilər. O, nəsiltörəmə üçün də faydalıdır. Səməni mayasına müxtəlif ədviyyatlar və qoz tökməklə ondan halva da bişirərdilər.

Torpağın qadın, ana kimi təsəvvür edildiyini göstərən digər mərasim "Cütçü şumu"dur. Onun əsas qəhrəmanı olan cütçü babanı uzaq keçmişdə Gülbaba, Turab baba, Dehqan baba çağırmışlar. O, insanlara ilk dəfə taxıl əkib-biçməyi öyrətmişdi və cütçü, pir, övliya tək təsəvvür olunurdu. Cütçü baba rolu üçün kəndin ən nüfuzlu, namuslu, uzunömürlü, nəvə-nəticə görmüş əkinçisi el ağsaqqalı seçilirdi. Bəzən də kəndin ötən il bol məhsul götürmüş varlı sakini "hampa" bu rolu ifa edirdi. Mərasimi əvvəllər çox taxıl əkilən sahədə keçirsələr də, sonradan onu kotan üzü görməmiş, bu il əkiləcək xam torpaqda təşkil edirdilər. Çərşənbə gününün səhəri həmin yerə digöv adlanan, bir dənə də mismar vurulmadan kütöv iydə və ya ərik ağacından yonulan ibtidai bir kotan aparıb gün altında qızmağa qoyurdular. Onu güzgü qırıntıları, həmişəyaşıl bitki yarpaqları, qırmızı parça zolaqları ilə bəzəyib "Cüt gözəlləməsi" adlı bir hava səsləndirərdilər.

"Çərşənbələrin sonuncusu Axır çərşənbədir. Bu çərşənbə xalq arasında "Axır çərşənbə", "Torpaq çərşənbəsi", "Yel çərşənbəsi", "Çərşənbə-suri" adları ilə də tanınır. Sonuncu çərşənbədə torpaq oyanır", - deyən professor Azad Nəbiyev dördüncü çərşənbə kimi torpaq çərşənbəsini qəbul edib, onun özəllikləri haqqında yazır ki, "Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılayıb. Xalq arasında belə bir inam olub ki, dörd ünsürdən sonuncusunun oyanması ilə Sel (Su), Atəş, Yel və Torpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamları qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Elə bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə sel (su), atəş, yel, torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun "Adamları fəlakətə salan özü fəlakətə düşər", - deyə yerindən qalxır, Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib:

Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,

Təzə ömür, təzə məhsul, il gəldi,

- deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün elin əziz günü olan Axır çərşənbə idi.

Tədqiqatçı Xeybər Göyyallı "Novruz: genezisi, tarixi transformasiyaları və mərasimləri" kitabında da "Sonuncu çərşənbə sayılan torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir" deməklə professor Azad Nəbiyevin yuxarıdakı fikrinə şərikli münasibət göstərib, bu yöndəki düşüncələrini aşağıdakı şəkildə davam etdirir: "Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, sevincini-şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda ilaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.

Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-qadınlar qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları təşkil edilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-qadınlar ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.

Kişilər də həyət-bacada əsaslı işə başlayar. Bağ-bağata, həyət-bacaya əl gəzdirər, səliqə-sahmana salarlar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilərdi. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib-hazırlanardı".

Axırıncı çərşənbə digər özündən əvvəldə gələn üç doğruçu çərşənbənin ayin, mərasim və etiqadlarını öz canına çəkərək (öz içinə alaraq) həm özünün, həm də digər çərşənbələrin hamısının ümumilikdə elliklə bayram şənliyi şəklində yola salınması mərasimi kimi təmtəraqla, böyük coşqu ilə qeyd olunur. Başqa sözlə, ilin ən sonuncu çərşənbəsi olan Axır çərşənbə bayramı bütün yeddi çərşənbənin - yalançı və doğruçu çərşənbələrin hamısının ümumilikdə yola salınması və Novruzun qarşılanması mərasimi olduğundan da, bu cür yüksək əhvali-ruhiyyə şəraitində, böyük izdihamla keçirilir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunmuş olur. Axır çərşənbənin digər çərşənbələrdən üstün keçirilməsi və həmin çərşənbələrin rituallarını da öz əhatə dairəsinə alması məhz bununla əlamətdardır. Hansı ünsürlə bağlanmasından, hansı adla çağırılmasından asılı olmayaraq ilaxır çərşənbələrin sonuncusunun bir ümumiləşmiş adı var: Axır çərşənbə.

Axır çərşənbəniz mübarək!

"Respublika".