MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Bu qanunu Nyuton kəşf etməyib?

Bu yaxınlarda dahi ingilis fiziki Nyutonun məşhur qanunu ilə bağlı maraqlı bir fakt üzə çıxıb. Elm adamları italyan alimi Leonardo da Vinçinin qeydlərini təhlil edərkən onun ümumdünya cazibə qanununu Nyutondan 150 il öncə kəşf etdiyini müəyyən ediblər.

Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçıları Leonardo da Vinçinin qeyd dəftərində alimin cazibə qüvvəsinin düşən cisimlərə təsir etdiyini bildiyini və sərbəstdüşmə sürətini hesabladığını göstərən təcrübələrinə dair bəzi dəlillər tapıblar. Tədqiqatçıların fikrincə, dahi alim sürətlənməni təsvir etmək üçün riyazi tənlik yaratmağa çalışsa da, orada ilişib qalıb.

Bununla belə, kompüter simulyasiyalarının nəticələri göstərib ki, alim təsvir etdiyi təcrübələri həyata keçirə bilsəydi, sərbəstdüşmə sürətini 97 faiz dəqiqliklə hesablaya bilərdi. Tədqiqatçılar bunu 1452-1519-cu illər arasında yaşayıb-yaratmış, öz dövrünü qabaqlayan alimin qəti bir qanun kəşf etməsi üçün xüsusi cihazlara sahib olmaması ilə əlaqələndirirlər. Bununla belə, o, əlində olan üsullardan - həndəsədən istifadə edərək, cazibə qanununu kəşf etməyə bacardığı qədər yaxın olub.

 

Cazibədar görünmək istəyirsinizsə...

Yuxu rejiminin insanlara təsirini araşdıran elm adamları, "gözəllik yuxusu" anlayışının mif deyil, elmi cəhətdən izahı olduğunu söyləyirlər. Alimlərin fikrincə, az yatanlar daha az cəlbedici görünürlər.

"Royal Society" jurnalında dərc olunan araşdırmada bildirilir ki, ardıcıl olaraq bir neçə gecə az yatmaq insanların sağlamlığına ciddi təsir göstərir və bu da onların zahiri görünüşündə dəyişikliklərə səbəb olur.

Tədqiqat zamanı təcrübəyə ümumilikdə 25 nəfər qız və oğlanlardan ibarət universitet tələbəsi cəlb edilib. Könüllülərə iki gün ardıcıl olaraq normal yuxu rejiminə riayət etmələri tapşırılıb. Bir həftə sonra isə onlardan yuxu saatlarını azaltmaq və iki gecə ardıcıl olaraq cəmi 4 saat yatmaq istənilib. Tədqiqatçılar könüllülərin yuxuya getdikdən və oyandıqdan sonra makiyajsız fotolarını çəkiblər. Daha sonra isə həmin fotolar İsveçin paytaxtı Stokholmda yaşayan 122 əcnəbiyə göstərilib və onlardan könüllüləri zahiri görünüş və sağlamlıq baxımından qiymətləndirmələri istənilib. Həmçinin onlara "bu fotoşəkildəki şəxslə ünsiyyət qurmaq istərdinizmi?", - sualı verilib. Fotodakı şəxsləri ümumiyyətlə tanımayan bu insanlar yorğun, yuxulu görünüşə sahib olan sınaq iştirakçılarına aşağı bal veriblər və belələri ilə ünsiyyətdə olmaq istəmədiklərini söyləyiblər.

"Biz insanları lap çox yatmağa sövq etmək niyyətində deyilik. Sadəcə, onların cəlbedici və enerjili olmalarını istəyirik. "Gözəllik yuxusu" həqiqətən var, dəri keyfiyyətimiz yuxu sayəsində yaxşılaşır, kollagen sintezi baş verir ki, dərimiz toksiki maddələrdən və ödəmdən azad olur. Bu araşdırma bir daha bizlərə yuxunun nə qədər vacib olduğunu xatırladır", - deyə tədqiqat müəllifi dr. Tina Sundelin qeyd edib.

 

sən demə, zürafələr bu sistem sayəsində sağ qalırmış

Heyvanlar aləminin qeyri-adi quruluşa sahib və olduqca heyrətamiz xüsusiyyətləri ilə seçilən canlılarından biri də zürafələrdir. Dünyanın ən hündürboylu heyvanı olan zürafələr ilk baxışdan boyun quruluşlarına görə fərqli təsir bağışlasalar da, əslində, onlar da digər bütün məməlilər kimi, sadəcə 7 fəqərəyə malikdir. Fərqi yalnız ondadır ki, zürafənin fəqərələri çox uzundur.

Bu heyvanların heyrətləndirici digər bir xüsusiyyəti də uzun boyunlarına görə beyinlərinə qanın çətin çatmasıdır. Bir az düşünsək, o qədər uzağa qanın işləməsinin nə dərəcədə çətin olduğunu təsəvvür edə bilərik. Lakin zürafələr bu baxımdan çox çətinlik çəkmirlər, çünki ürəkləri qanı lazım olduğu qədər uzağa pompalaya bilən xüsusiyyətlərə malikdir. Bu da zürafələrin həyatlarını rahat davam etdirə bilmələrinə imkan yaradır.

Fəqət, bu dəfə də onlar başqa bir çətin vəziyyətlə qarşı-qarşıya qalırlar ki, o da su içmək üçün əyilərkən qan təzyiqinə tab gətirməyərək beyin qanamasından ölə bilmə təhlükəsidir. Ancaq boyunlarındakı mükəmməl sistem sayəsində bu risk də tamamilə aradan qaldırılır. Yerə əyilərkən boyun damarlarında olan qapaqlar bağlanaraq beyinə həddən artıq qan getməsinə mane olur. Şübhəsiz ki, zürafələr bu xüsusiyyətləri öz ehtiyaclarına görə planlayaraq qazanmamışlar. Bu mühüm xüsusiyyətlərin yavaş-yavaş gedən təkamül prosesi ilə əmələ gəldiyini də söyləmək olmaz. Çünki bir zürafənin yaşaya bilməsi üçün qanı beyninə çatdıracaq nasoslama və ani qan təzyiqini əngəlləyəcək qapaq sisteminə sahib olması zəruridir. Bunlardan biri olmasa və ya tam çalışmasaydı, zürafənin yaşaması qeyri-mümkün olacaqdı. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, zürafələr yaşaması üçün lazım olan bütün xüsusiyyətlərlə birlikdə dünyaya gəlmişdir.

 

Daha çox kitab oxuyun ki...

Bu yaxınlarda aparılan araşdırma nəticəsində insanların həyatında mühüm rol oynayan kitabın daha bir faydası ortaya çıxıb. Belə ki, kitab oxuyan insanların heç oxumayanlara nisbətən iki il daha çox yaşadıqları məlum olub.

"Open Culture" veb saytının 3 min 635 insan arasında apardığı araşdırmanın nəticələri göstərib ki, həftədə 3,5 saatdan az kitab oxuyanlar, daha çox oxuyanlara nisbətən qısa ömür sürür. Kitab oxuyanların ömrü isə heç oxumayanlara nisbətən iki il daha uzun olur. Gün ərzində ən azı yarım saat kitab oxuyanlar oxumayanlarla müqayisədə ömür müddəti baxımından əhəmiyyətli bir üstünlüyə sahibdir. Araşdırmada bunun səbəbinin nə ilə əlaqəli olması barədə isə heç bir məlumat verilmir. Daha əvvəl də bəzi araşdırmalarla mütaliənin sosial nöqteyi-nəzərdən başlayaraq, ruh sağlamlığına qədər fərqli sahələrdə insanların həyatına əhəmiyyətli dərəcədə təsir göstərdiyi sübut edilib. İndiyə qədər aparılan araşdırmanın nəticələri göstərib ki, kitab oxumaq beynin funksiyasına təsir edərək yaddaşı, empatiya duyğusunu gücləndirir, diqqəti artırır, danışıq və yazı qabiliyyətini yaxşılaşdırır. Bundan əlavə, hətta kitab oxumağın stres atmağa, əsəb və gərginliyin azalmasına, depressiyadan xilas olmağa da kömək etdiyi bildirilir.

İnformasiyanı "İndependent" veb saytı yayıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".