Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Korney Çukovski

O nu daha çox uşaq nağılları yazarı kimi tanıyırlar. Halbuki, yaradıcılığa uşaq nağılları yazmaqla başlamamışdı. Tamam başqa arzuları vardı... Məşhur tənqidçi idi... Dövrünün ədəbi mühiti haqqında tənqidi məqalələr yazırdı. Söhbət oxucuların yaddaşında daha çox "Aybolit" nağılı ilə qalan, iki övlad acısı yaşayan, Leninin arvadının güdazına gedən rus yazıçısı Korney Çukovskidən gedir...

Korney İvanoviç Çukovskinin həyatı maraqlı hadisələrlə dolu olub. Yazıçı Sankt-Peterburqda zadəgan ailəsində dünyaya gəlib. Onun anası kəndli qadın Yekaterina Osipovna Korneyçukova uşaqlarının gələcək atası ilə evlərində qulluqçu işləyərkən tanış olub. Atası Emmanuel Solomonoviç Levenson - fəxri vətəndaş titulunu daşıdığı üçün kəndli qadını ona layiqli həyat yoldaşı olaraq görmürdülər. Ancaq bütün bunlara baxmayaraq, Korneyin valideynləri cəmisi üç il birlikdə yaşayıblar. Daha sonra atası öz çevrəsindən olan qadın ilə evlənərək Bakıya, anası Yekaterina isə Odessaya köçür. Beləcə, gələcək yazıçının uşaqlığı Odessada keçir. Anasının evlərdə qulluqçuluq etməsi yazıçının həyatında silinməz izlər buraxır. "Aşağı təbəqədən" hesab olunduğu üçün gimnaziyadan xaric olunur. Lakin gənc Korney ruhdan düşmür və özü müstəqil şəkildə hazırlaşaraq kamillik attestatı alır.

Yazıçı çox erkən, 18 yaşında ikən nikaha girib. Mariya adlı xanımla ailə quran Çukovskinin bu izdivacdan 2 oğlu və 2 qızı dünyaya gəlib. Kiçik qızı 11 yaşında vərəm xəstəliyindən dünyasını dəyişib. Böyük oğlu isə müharibədə həlak olub.

Çukovskinin yaradıcılığında uşaq nağıllarına yer verməsinin maraqlı bir tarixçəsi var. Deyilənə görə, bir dəfə Maksim Qorki Çukovskidən uşaqlar üçün nağıl yazmasını xahiş edir. Yazıçı öncə çox həyəcan keçirir, çünki əvvəllər belə fəaliyyətlə məşğul olmamışdı. Lakin təsadüf hər şeyi həll edir. Belə ki, Çukovski və xəstə oğlu qatarla Peterburqa qayıdırmışlar. Uşaq yolda anidən ağlamağa başlayır.

Tənqidçi oğlunun başını qatmaq üçün qatar tıqqıltılarının səsi altında özündən nağıl uydurmağa başlayır, süjet qurur. Bir neçə gün keçir, yazıçı artıq bu epizodu unudur. Lakin oğlu bu nağılı yadında əzbər saxlayır. "Timsah" nağılı belə yaranır. Çukovski "Timsah"ı çap etdirir. Nağıl məşhurlaşır. Həmin vaxtdan Korney Çukovski sevimli uşaq yazıçısına çevrilir. Daha sonralar isə Çukovski "Moydadır", "Milçək-vizilçək", "Tarkanşina", "Barmaley", "Aybolit" adlı uşaq nağılları yazır. Beləcə, onu hər yerdə uşaq nağılları müəllifi kimi qəbul edirlər.

SSRİ-nin ilk illərində də Korney Çukovskinin uşaq nağılları rəsmi ideologiya tərəfindən qəbul olunur, yazdığı nağıl kitabları çap edilir. Onun yaratdığı nağıl qəhrəmanlarının şərəfinə heykəl qoyulur, onların əsasında uşaq oyuncaqları hazırlanır.

Ancaq Xalq Maarif Komissarının müavini, Leninin xanımı Nadejda Krupskayanın "Pravda" qəzetində "Çukovskinin "Timsah"ı haqqında" adlı məqaləsi çıxır. Məqalədə Krupskaya yazıçının nağıllarını sərt tənqid edir, uşaqlar üçün zərərli olduğunu deyir: "Bu boşboğazlıq uşaqlara hörmətsizlikdir... Onları əvvəlcə pryaniklə, şən qafiyələrlə, komik obrazlarla şirnikləşdirirlər, eyni zamanda da məcbur edirlər ki, tör-töküntü udsunlar. Bu da izsiz baş verməyəcək. Mən fikirləşirəm ki, "Timsah"ı bizim uşaqlara vermək olmaz".

Yuxarıdan gələn siqnal tezliklə lazımi reaksiya oyadır. Bundan sonra mətbuatda Çukovskinin əleyhinə kampaniya başlanır, məqalələr yazılır. Onu fərdiyyətçilikdə ittiham edirlər. Belə çıxır ki, onun nağılları partiyanın xətti ilə uyğun gəlmir, köhnənin qalığıdır, burjuaziya tör-töküntüsüdür. Bu nağıllarda Kommunist partiyasının rolu haqqında heç nə yoxdur.

Redaktorlar arasında "çukovşina" termini yaranır. Bəziləri daha irəli gedir: "Biz Çukovski və onun qrupunu güllələməliyik". Valideynlər kütləvi şəkildə bəyan edirlər ki, uşaqlarına Çukovski nağılları oxutmayacaqlar: "Biz gərək qəti şəkildə mövqe göstərək, uşaq ədəbiyyatında Çukovski qrupu ilə yola gedə bilmərik. Əgər biz ədəbiyyatımızı düşmən təsirindən qoruya bilməsək, onda onlar bunu əlimizdən alacaqlar. Biz də Kreml uşaq bağçasının valideynləri qərara gəlmişik ki, uşaqlara bu kitabları oxutmayaq".

Bundan sonra naşirlər Çukovski ilə əməkdaşlığı dayandırırlar, onun nağılları qadağan olunur, kitabları yığışdırılır. İşsiz qalan yazıçı intihar həddinə belə çatır. "Literaturnaya qazeta"ya məktub yazaraq əvvəlki nağıllarından imtina etdiyini, "ağıllandığını" bildirir. Lakin bundan sonra da nəşriyyatların qapıları onun üzünə açılmır.

Ömrünün ahıl yaşlarında hepatit xəstəliyindən əziyyət çəkən yazıçı elə bu səbəbdən də 87 yaşında Moskvada vəfat edib.

Rixard Zorge

"Özümü tamamilə azərbaycanlı hiss edə bilərdim, bəla burasındadır ki, azərbaycanca bir söz belə danışa bilmirəm". Zarafatyana belə deyərdi dostlarına əfsanəvi sovet kəşfiyyatçısı, Stalinin bakılı agenti, "Ramzay" ləqəbli Rixard Zorge... Qadınlara olan hisslərinin qurbanına çevrilən bu kəşfiyyatçının çox acınacaqlı taleyi olub...

Rixard Zorge Bakıda Sabunçu qəsəbəsində, alman əsilli neft mühəndisi Vilhelm Zorgenin ailəsində anadan olub. Atası Bakıya neft mədənlərində işləmək üçün gəlmişdi. Əvvəlcə neft işini dərindən anlamasa da, qısa müddətdə yerli ustalardan bu sahənin incəliklərini öyrənə bilmişdi. Bir neçə ildən sonra Vilhelm Zorge artıq Bakıda neft çıxan ərazilərin alqı-satqısı ilə məşğul olan imkanlı sahibkara çevrilmişdi. Anası Nina Semyonovna Kobeleva isə Bakı-Sabunçu-Qaraşəhər dəmir yolunda podratla işləyən rus fəhləsinin qızı idi. O, Abşeronda böyümüşdü. Bu məkanın həmin illərdəki tutqun, qəmli gözəlliyinə ürəkdən bağlanmışdı. Yaxınları xatırlayır ki, sonralar xaricdə yaşayanda da o, ömrünün axırına qədər Bakının xiffətini çəkərdi. Bu doğmalıq hissi oğlu Zorgeyə də keçmişdi.

Rixard Zorge ailənin 5-ci övladı idi. Bir müddət Bakıda yaşayandan sonra ailə yenidən Almaniyaya köçmüşdür. Atası Berlinin qərb mikrorayonunda çox da iri olmayan bir ev almış, bağ salmış və orada yaşamağa başlamışdır. Onlar Berlinə neft Bakısının ruhunu da aparmışdılar. Zorgelər kosmopolit ailə mühitinə malik idilər. Berlindəki həyatları standart alman ailələrindən xeyli fərqlənirdi. Rixardın böyük əmisi Fridrix Zorge o dövrün tanınmış ictimai-siyasi xadimləri olan Karl Marks və Fridrix Engels ilə dost idi. Rixardın babası Albert Zorge də fəal siyasi fəaliyyətlə məşğul olurdu. Ailənin bir çox təmsilçiləri kommunizm ideallarına bağlı idilər. Dünyanın gələcəyini, bəşəriyyətin xoşbəxtliyini bu ideologiyada görürdülər. Belə bir münasibət, təbii ki, kiçik Rixardın baxışlarına da öz təsirini göstərdi.

Birinci Dünya müharibəsinin başlaması ilə Zorge könüllü olaraq cəbhəyə yollanıb. Döyüşdə yaralanan kəşfiyyatçının bu səbəbdən üç barmağı kəsilib. Hər iki ayağı sınan Zorge həyatının sonuna qədər axsayıb. Bir müddət sonra, kommunizm ideyalarını müdafiə etdiyinə görə SSRİ-yə qaçmaq məcburiyyətində qalıb və orada Xüsusi Kəşfiyyat Orqanları ilə əməkdaşlığa cəlb olunub. Jurnalist kimi fəaliyyət göstərməklə Avropa ölkələrinə, sonra isə Çinə və Yaponiyaya göndərilib, "Ramzay" adı ilə casusluq edib. O, Birinci Dünya müharibəsində Almaniya tərəfdən döyüşsə də, sonra sovet kəşfiyyatına xidmət edib və faşizm üzərində qələbə üçün az əmək sərf etməyib.

Deyilənlərə görə, onun həyatında çox qadın olub. 30-dan çox məşuqəsi olan "ürək ovçusu" üç dəfə rəsmi olaraq nikaha girib. Çox dözümlü adam olan Zorge, həyatını riskə ataraq uzun illər Yaponiyada yaşayıb. Bahalı maşınlar və qadınlara olan ehtirası Zorgenin zəif cəhəti idi. Kəşfiyyatçı elə bu ehtirasın da qurbanına çevrilib. Belə ki, Yaponiyada yerli rəqqasələrdən biri ilə olan qısamüddətli əlaqəsi əfsanəvi kəşfiyyatçının qanlı sonunu gətirib. Qızın verdiyi danosdan sonra Rixard həbs olunaraq edam edilib.

Zorge ələ keçərkən ağır işgəncələr altında casus olduğunu etiraf etsə də, SSRİ üçün işlədiyini inkar edir. Yaponiya, SSRİ-nin əlində olan yapon casuslarını Zorge ilə dəyişmək istədiyini bildirir. Maraqlı burasıdır ki, SSRİ cavabında Rixard Zorge adlı birini tanımadığını bəyan edir. Bu səbəbdən də 49 yaşlı Zorge saxlanıldığı həbsxanada asılaraq edam edilir.

SSRİ bir müddət Zorge adında bir casusunun olduğunu inkar etsə də, nəhayət, ona ölümünün 20 illiyi münasibətilə Sovet İttifaqı Qəhrəmanı adı verir. Əvvəl saxlanıldığı Suqamo həbsxanasının məzarlığında dəfn edilən casusun cənazəsi sonralar Tokionun Füçi səmtində yerləşən qəbiristanlığa köçürülür.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".