GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

MƏSUM CABBARPUR

"1983-cü ildə yazın ilk günü Təbrizdə dünyaya göz açdım. Akademik təhsilatım riyaziyyat üzrə yüksək lisans olmağına baxmayaraq, çox zaman öncədən ədəbiyyat və fəlsəfə ilə maraqlanmışam. Bildiyiniz kimi, biz, Güney Azərbaycan türkləri İranda böyük çoxluq təşkil etdiyimiz halda, ana dilimizdə akademik təhsil almaqdan məhrumuq və hər kəs nə bacarırsa sonralar öz əməyi və çabası ilə əldə etmişdir! Mənim ilk yazdıqlarım fars dilində olub və sonuncu çap etdirdiyim kitab da farscadır. Ancaq Moləvi demişkən, sonunda mən də öz əslimə qayıtdım və ana dilimdə yazıb-yaratmağa başladım və bunun üçün də fəxr edirəm. Yazdığım şeir və yazıları "Məsum" təxəllüsü ilə imzalamışam. Yazın ilk günündə anadan olduğuma baxmayaraq, yaz heç məni sevməmişdir, mən də onu. Həyatım başabaş kədərlə dolu olub və onun əksini bütün yaradıcılığımda görə bilərsiniz. Yazın nəğməli quşları heç zaman mənim həyatımda oxumayıb və güllərinin ətri yaşamıma səpilməmişdir. Əksinə, mən həmişə qışı sevmişəm! Hazırda bir çox yazdığım əsər çap olmaq icazəsini gözləyir, ancaq İranda emal olunan qəddar təzyiqlərə görə, sonucu çox da bəlli deyildir…".

 

Beynimdəki sözləri nə oxul dili qanır,

Qanmaz oyuncaqlar!

Boranlı aysız gecə idi

Gün günü dindirirdi!

Qara saçlar qaranlığa qarışıb dalğalanırdı

Göy məscidindən

- Aba! Aba - səslənirdi

Dili qıvrılırdı bir acınacaqlı

kinayə ilə deyilən muştuluğa

Haray!

Təbriz yanırdı

Əsid səpilirdi ürəyinə

Yazıq bu qoca Təbrizim

Hələ iməkləmədən can verirdi.

 

SEVƏR ŞƏHABİ

1983-cü ildə Təbrizdə dünyaya göz açıb. Aşıq ədəbiyyatı, etimologiya, habelə mifologiya elmləri üzrə araşdırmalar aparıb. Bu elm sahələri ilə bağlı bir sıra çalışmaları vardır. Günümüzədək "Elə-belə" və "Sən adla" adlı iki kitabı işıq üzü görüb.

 

Doğulmuşam

 

Ay oğluyam, ulduzların

Qucağında doğulmuşam.

Günəş üzlü şamanların

Ocağında doğulmuşam.

 

Tomris dərib, Manas əkib,

Göbəyimi uyğur tikib,

Savalanda ağrı çəkib,

Şah dağında doğulmuşam.

 

Sən ağlama Xudafərin,

Göstərəcək, türk hünərin,

Qılınc onun, baş Sevərin,

Tam çağında doğulmuşam.

 

Bir də işıq salsa, Ay Kəlbəcərə,

Azadlıq nəğməsi düşsə şəhərə,

Minlərcə güllə də dəysə Sevərə,

Turan adlı ölkə görsəm ölmərəm.

 

 

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

(əvvəli 2, 3, 4, 5, 7, 8, 9, 10 və 11 fevral tarixli saylarımızda)

Söylənənlərə görə, "həmin dənizdən İsraillə İordaniya hər il milyardlarla dollarlıq gəlir götürürlər. Orada şərait yaradıblar, dəniz heyvanları saxlayırlar və s. Bu göldən də yaxşı mənfəət götürmək olar". Mənbələrin məlumatına görə, Urmiya gölü və onun yüksək müalicəvi funksiyaya malik palçığı artroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin müalicəsi üçün əhəmiyyətlidir. Zənbil, Həftəpə və Qaynaryer mineral və qaynar su mənbələri də böyük müalicəvi əhəmiyyətə malikdir. Çahar Bürc binası və İsmail Ağa, Kazım xan, Bardok, Dam Daş və Baxşı Qala qalaları kimi tarixi və memarlıq abidələri, Köhnə Bazar, Mirdavud məzarı, Əski Cami məscidi, Sərdar və Urmiya minarəsi, Ələvi minbəri təbiətin qoynunda açıq muzeylərdir. Urmiya beş bölgəyə ayrılır. Rza Şah Pəhləvinin hakimiyyətdə olduğu 1937-ci ildə gölün adı rəsmi mənbələrdə onun şərəfinə "Rzaiyyə" adlandırılıbmış. 1946-cı ildə Azərbaycan Milli Hökuməti bu adı dəyisdirsə də, oğlu Məhəmmərza Pəhləvinin dövründə gölə "Rzaiyyə", "Rzaiyyə gölü", "Kəbudan", "Çiçsit" kimi adlar da verilib. İran inqilabından sonra isə şahla bağlı adlar ləğv edildiyindən gölün adı da "amnistiyaya düşüb". "Rəsmi Tehran dəfələrlə edilən müraciətlərə baxmayaraq, Urmiya şəhərində tarixi abidələrin və məhəllələrin dağıdılması, qədim adların dəyişdirilməsi prosesini də dayandırmayıb. Urmiya şəhərindəki tarixi "Gülüstü" məhəlləsində yerləşən qədim "Lütfəlixan məscidi" artıq uçmaq üzrədir. Məlumata görə, 4-5 il öncə şəhərin hazırda "İmam" xiyabanı adlanan küçəsində "Şeyx Əlixan Hamamı" da "Sərdaran" prospektinin salınması adı altında sökülüb. Urmiya şəhərindəki "Doqquz pillə buzxanası"nın adı dəyisdirilərək "Yəxçəle nohe-pille", Qoşaçay Miyandoab, Soyuqbulaq isə Mahabad, Xana şəhəri Piranşəhr, Sulduz Nəğədə, Qızıl Xənəyə Xaneqahe-Sorx adlandırılıb".

Qədim adların dəyişdirilməsi prosesi eynilə erməni vandallarının Qərbi Azərbaycanda yürütdükləri addəyişmə, türk tarixini saxtalaşdırma əməliyyatlarını xatırladır. Vətənin və xalqın Urmu dərdi, bu dərdlə nəfəs-nəfəsə yaşamaq, gözlərinin qabağında əsrarəngiz gözəlliklər yurdunun, duzlu gəlininin son nəfəsini verməsi Güney şairlərinin ürəyini köz-köz edir, qəlb ağrısından azacıq da olsa, qurtulmaq üçün qələmə sarılır, fəryad və nalələrini misralara çevirirlər. Bu dərd, ağrı-acı Qadir Cəfəri, Ülkər Ucqar, İsmayıl Ülkər, Hüşəng Cəfəri, Nazir Şərəfxani, Mahmud Sadıqpur Şaminin və b. şeirlərinin misraları arasından boy verir. Hüşəng Cəfərinin Urmuya həsr etdiyi şeirdə Güney fəallarının gölün qurudulmasına qarşı keçirdikləri aksiyada səsləndirdikləri "Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!" şüarının əks-sədası ilə bərabər, dünyanın bu böyüklükdə problemə laqeydliyi, Güney Azərbaycan türklərinin də Ermənistanın amansız hücumlarının, soyğunçuluq və işğalçılıq planının məngənəsində can çəkişdirən Quzey Azərbaycan türkləri kimi meydanda köməksiz, yalqız qalması səbəbindən şairin qəlb ağrıları da təsirli bədii ifadəsini tapmışdır. Hansı tərəfdən baxırsa, Vətənini dustaq görən Hüşəng Cəfərinin dərdə həssas ürəyi sıxılır, quruyan gölü göz yaşları ilə doldurmaq istəyində bulunur, eyni zamanda bu iş üçün də məhz el birliyinin gərək olduğunu, əks təqdirdə, yəni, bu birlik olmazsa, məğlub ediləcəyini anlayan və anladan elin qeyrətli oğlu yazır:

Ürəyim darıxır, sıxılıram mən

Qolumdan saxlayın, halımı sorun...

El gücü olmasa yıxılıram mən

Urmu gölü tək yalqızam, yalqız

Gedirəm zülmətin kökün yolduram

O qədər ağlıyam ki, Urmu gölündə

Göz yaşımla Urmu gölün dolduram...

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.