İranda yaşayan türklər və onların coğrafiyası
Güneydən səslər

İranda yaşayan türklər və onların coğrafiyası

Bugünkü İran ərazisinin dörddəbiri çöllük və yaşanılmaz ərazidir. Yaşanılan yerlərdən 1/4-i, yəni 300 min kvadratkilometr böyüklükdə bir ərazi türklərin yurdudur. Bu Azərbaycan Cümhuriyyətindən dörd dəfə böyük, Türkiyənin isə 40%-i deməkdir. İran türkləri isə ölkənin təxminən üçdəbirini təşkil edir. Demək olar ki, 85 milyon əhalisi olan İranın 30-35 milyonunu türklər təşkil edir. Türklərlə yanaşı, 3 milyona yaxın kürd, tat, lor, gilək və talış da türk dilindən istifadə edirlər. İranda yaşayan türklər əsasən 3 böyük sahədə yerləşirlər: 1) Azərbaycan ərazisi (İranın şimali-qərbi). 2) Xorasan (İranın şimali-şərqi). 3) Güney və mərkəzi türk yurdları.

Şimali-qərb Azərbaycan ərazisi 170 min kvadratkilometr təşkil edir. Burada yaşayan türklər siyasi, iqtisadi və ictimai sahələrdə daha çox inkişaf etmişlər. İranda yaşayan türklərin 3/4-ü bu bölgədədir ki, bu da 25 milyon insan deməkdir. Təbriz şəhərinin 5 milyon əhalisi, bütövlüklə Tehran şəhərinin isə 1/3-i türklərdir. Zəncandan qərbə doğru tarixi ərazi Azərbaycan, şərqə doğru Qəzvin, Qum, Tehran, Həmədan mərkəzi əyalətlər adlanır. Astara, Həşbər və Ənzəli şəhərləri türklərdən ibarətdir. Meşə və dağlarda isə talışlar yaşayır. Talışlar da kürdlər kimi türk dilini istifadə edirlər. Tehran, Kərəc, Savə və Qum bölgələrində türklərlə yanaşı, farslar da məskunlaşıblar. Bu ərazilərdə isə türklər fars dilini bilirlər.

İranın şimal-qərbindəki türklərin formalaşmasında əsas qədim türk ellərindən avşar, bayat, bəydilli, bayındır, qıpçaq və xələc türkləri üstünlük təşkil edir. Bunlarla yanaşı, təkəli, şamlı, zülqədər, varsaq, çəpəni, kəngərli, ayrım, qarapapaq, inanlı, usanlı, ispirli, qərəgözlü, borçalı, ağqoyunlu, qaraqoyunlu, rumlu, ustaclı və başqa ellərin adını çəkmək olar. Qeyd etmək lazımdır ki, İraqi-Əcəmdə tatlar da türkləşərək türk millətinə daxil olmuşdur. Buna baxmayaraq, qıpçaq və xələc türklərinin özünəməxsus ləhcələri qorunub saxlanılmışdır. Xələc türkcəsində danışan tayfalar Qum, Təfriş, Sələfçekan, Ərak şəhərlərində və kəndlərində yaşamaqdadırlar. Azərbaycanda türklərin 99%-i müsəlmandır.

Dediklərimizdən başqa, türkmən türkləri İranın şimal-şərq ərazilərində yaşayır. Onların ərazisi 23 min kvadratkilometr, sayları isə 1 milyondan çoxdur və Türkmənistan, eləcə də Əfqanıstan kimi ölkələrlə sərhəddir.

Xorasan türkləri isə 2.5 milyondan çoxdur və İranın Əfqanıstan sərhədlərində olan Dərəgəz, Şirvan, Bocnurd, Nişabur, İsfrayin və Türbətheydəriyyə şəhərlərində yaşamaqdadırlar. Həmçinin Findirisk və Ramyan mahalının əhalisi də türkdür. Burada yaşayan əhali türkmən türkcəsi ilə Azərbaycan türkcəsinin qarışığından ibarət bir dildə danışır. İranın Xorasan əyalətinin türklərinin danışdıqları dil özbək türklərinin dilinə yaxındır. Xorasan türklərinin təşkilində gəraylı, teymurtaş, ciğatay, cəlair, qarşıquzey, avşar, bayat, ustaclı, əcirli, kəngərli və qaragözlülər tayfaları iştirak edirlər. Bunlar isə 52 min kv. kilometr ərazidə məskunlaşmışlar.

Güney və Orta İran türkləri. Bu türklər 5 tayfadan ibarətdirlər, qaşqaylar, xəmsələr, Xuzistan türkləri, Kirman türkləri, İsfahan türkləri. Qaşqaylar Fars, Çaharmahal bəxtiyari, Kohkiluye və Buyurəhməd əyalətlərində, bir qisimləri isə Buşəhr və Xuzistanda yaşayırlar. Onların tərkibində isə qayı, avşar, bayad və xələc tayfaları vardır. Xəmsələr fars əyalətinin şərqində, Usanlı və İnanlı tayfalarının tərkibindədir. Xuzistan türkləri isə İranın Ramhormoz və Şuştər şəhərlərində, ağaceri, avşar və lerki tayfalarından ibarət olaraq yaşamaqdadırlar.

Kirman türkləri isə avşar və bıçaqçı ellərindən ibarətdir və Baft, Sircan və Ciroft bölgələrində, orta İran türkləri isə Ərak şəhərinin güneyində, İsfahan şəhərinin yaxınlığında Feridən və Şadqan bölgələrində yaşayırlar və ümumən bayad elindəndirlər. Bu türklər çox qədim zamanlardan buraları özlərinə məskən etmişlər. Bunların məskunlaşdığı ərazi isə təxminən 65 min kvadratkilometrdir. Orta İran türklərinin dili demək olar ki, Azərbaycan türkcəsinin müxtəlif şivələrindən sayıla bilər, ancaq fars dilinin təsiri buralarda daha güclü olmuşdur.

Təbiətcə zəngin olan Azərbaycan və digər türklərin yaşadığı ərazi zaman-zaman əsl türklər tərəfindən tutulmuş və hələ də bu gün özlərini türk hesab edərək yaşamaqdadırlar. Ərdəbil, Zəncan, Xəmsə, Əbhər, Tarum, Xürrəmdərə, Qəzvin, Həmədan, Əsədabad, Sunqur, Savə, Ərak, Zərənd, Qidar, Şəhrikurd, İsfahan, Şirvan, Servilayət, Nişabur, Məşəd, Dərəgəz, Bocnurd, Daşlıburun, Tehran, Təbriz, Şəhriyar, Kərəc, Ləvasanad, Əhər, Urmiyə, Meşkin (Xiyav), Muğan, Germi, Biləsuvar, Aslandüz, Astara, Həşdbər, Miyana, Qərəçimən, Culfa, Mərənd, Maku, Marağa, Xoy, Xudafərin, Kəleybər, Gərmadüz, Borand, Qaradağ və digər şəhərlər demək olar ki, türklərin çox yaşadığı şəhərlərdəndir.

Ümumən Azərbaycan türkləri İranda aparıcı türklər hesab olunur və İran ərazisində yaşayan başqa türklər bunlara böyük qardaş gözü ilə baxırlar. İran deyilən ölkə çox sayda türk toponimləri ilə tanınmaqdadır. Demək olar ki, bütün İran ərazisində türk yer, dağ və tayfa adlarına rast gəlmək mümkündür. Bu da qədim tarixə malikdir. Akketlər, lulubilər, quttilər, hurilər, kasipilər, osetlər bu ərazilərdə yaşayaraq öz izlərini buraxmışlar. Azərbaycan qədim Zərdüşt inancına görə müqəddəs məkan kimi digər xalqlar tərəfindən ziyarətgah kimi istifadə olunmuşdur. Müxtəlif etnik tayfa və qövmlərin Azərbaycana gəlib yerləşmələri iltisaqi dilli xalqlarla yanaşı, çox uzun tarixi məsafə qət etmişdir. Nəhayət, Azərbaycan ümummədəniyyətinin tarixi intibahı dövrü, yəni XII-XIII əsrlərdən başlayaraq, nəzəri əsaslarla üzə çıxmışdır.

(davamı növbəti saylarımızda)

Dr. Hüseyn ŞƏRQİDƏRƏCƏK.