İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Bakı kəndləri birinciliyi keçiriləcək

Fevralın 11-13-də ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə U-13 və U-15 yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçiriləcək.

Gənclər və İdman Nazirliyi, "Bakı Abadlıq Xidməti" MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq turnirdə Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 200-ə yaxın cüdoçu qatılacaq. Turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq.

İlk gün 2009-2010-cu il təvəllüdlü, ikinci gün isə 2011-2012-ci il təvəllüdlü yeniyetmələrin fərdi yarışları keçiriləcək. Yarışın üçüncü günündə U-15 yeniyetmələr arasında komanda yarışı baş tutacaq.

 

Cüdoçularımız təlim-məşq toplanışında

Parisdə cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir. Hazırlıq prosesinə dünyanın 59 ölkəsindən 458 idmançı qatılıb. Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 16 üzvü hazırlıq prosesində iştirak edir.

Təlim-məşq toplanışı qarşıdan gələn irimiqyaslı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Hazırlıq prosesində Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev, Rüstəm Orucov, Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (100 kq-dan yuxarı) iştirak edirlər.

 

"Quba Open" beynəlxalq şahmat turnirinə start verilib

Qubada ilk dəfə "Quba Open" beynəlxalq şahmat turnirinə start verilib. Doqquz turdan ibarət yarışda Azərbaycan, Rusiya və Qazaxıstandan ümumilikdə 110 şahmatçı iştirak edir. Turnirin əsas yarışında 66, U-12 kateqoriyasında isə 44 şahmatçı mübarizə aparır.

Yarışa fevralın 13-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 5 min 950 manat təşkil edir.

 

Badminton üzrə qaliblər müəyyənləşib

Azərbaycan Badminton Federasiyası (ABF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2013-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında keçirilən paytaxt birinciliyinə yekun vurulub.

1 nömrəli idman liseyində keçirilən yarışda 34 oğlan və 21 qız badmintonçu 5 kateqoriya üzrə mübarizə aparıb.

Fərdi yarışlarda Məhəmməd Hacıyev və Ayla Abdullayeva birinci olublar. Məhəmməd Hacıyev-Eldəniz Novruzov, Mədinə Musayeva-Duyğu Mustafalı qoşa, Mədinə Musayeva-Məhəmməd Hacıyev qarışıq qoşa yarışlarda bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".