GÜNEYDƏN SƏSLƏR...
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR...

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

 SƏİD MUĞANLI

1975-ci ildə Muğan bölgəsinin Üngüt mahalında anadan olub. İlk təhsilini orada başa çatdırdıqdan sonra Qum və Tehran şəhərlərində 10 ilə yaxın islami bilikləri öyrənib. Həmin illərdə yaradıcılığa başlayıb. İlk şeir və məqalələri "Yol", "Təmaşayi zendgi", eləcə də "Varlıq" jurnallarında nəşr olunub. 2000-ci illərdə yaxın dost və fikirdaşları ilə birgə "Yaşmaq" ədəbi nəşr evini yaradıblar. "Sonay" ədəbi (hekayə) və "Azərbaycan kitablar kitabı" festivalının təşkilatçısı olub.

2000-ci onilliyin ortalarında, Təbrizdə təşkil olunan "Qızıl alma" şeir festivalının qalibi olub.

2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin "Səməd Bəhrəngi" ədəbi mükafatını qazanıb.

 

Adını terror edirlər,

Adını güdürlər,

Adını güllələyirlər...

Adına aşıq mahnısı oxunur

Hüseyn Cavanın boğazından

Adınla danışır Firidun İbrahimi

Azərbaycandan

Adın Həllacdır kəssək atıram!

Adın Nəsimidir soyulur meydanlarda

Göylümün Hələbində

soyundurduğum gecə tək!

Adın Şəriətmədaridir fanatlar boğur,

Adın mən,

Dustaq,

Evin...

Adın Ləvayidir gözündən doğulur,

Adın Ziba Kərbasidir yuxuma girir,

Adın heç zaddır,

Qucağımda lülələnir...

Qan-tər içində çalınır kəsmə-şikəstə adın

Adın Qaraçaydır sürgündə ölür...

 

LEYLİ KƏHALİ

1977-ci ildə Zəngan şəhərində anadan olub. İbtidai və orta məktəbi Tehranda bitirib, daha sonra təhsilini fəlsəfə institutunda davam etdirib. Rəssamlıq və tərcümə sənəti ilə də məşğuldur.

İlk kitabı 2013-cü ildə Tehranda işıq üzü görüb.

 

Aç pəncərəni!

Əssəlamu əla...

Adın sirdir.

Min ikinci addır.

Qutsaldır yanı.

Qorxuram çağıram səsim batsın.

Qoy səssiz dayanım.

Qoy səsim batsın!

 

Bu qapıdan dönmək sanma rahətdir.

Hərdən hayat ölümdən ibarətdir.

Yazıram,

dan olur,

dəftərim dolur.

Başında dolanır göyərçinlərim.

Açma pəncərəni.

O dəxilləri.

Hərəm qapısından,

öpürəm

səni...

 

 

TARİXİ ABİDƏLƏR

(əvvəli 14, 15, 17, 18 və 19 yanvar tarixli saylarımızda)

Tərbiyət kitabxanası adı ilə bu gün də fəaliyyətini davam etdirən İranda birinci ümumi kitabxananı da 1921-ci ildə Məhəmmədəli Tərbiyət elə Təbriz şəhərində yaradıb. Kitabxana öncə "Məarif umumi kitabxana və qiraətxana" adlanmış, lakin sonralar bu elm və bilik məbədini qurub-yaradanın xatirəsinə ehtiram əlaməti olaraq Tərbiyət adı verilib. 1956-cı ildə Təbrizin milli kitabxanası yaradılır və inqilabdan sonra Tərbiyət kitabxanasının xətti nüsxələri buraya aparılır.

1900-cü ildə Təbriz şəhərində fransalıların kilsələrinin lap yaxınlığında İranda ilk ümumi kinoteatr qurulub. Bundan dörd il sonra isə Mirzə İbrahım Xan Səhhafbaşı tərəfindən Tehranda birinci ümumi kino salonu yaradılıb.

İranda ilk yeni üsullu məktəbin də əsasını Mirzə Həsən Rüşdiyyə Təbrizin Şeşgilan məhəlləsində qoyub. "Əxtər" qəzetində yayınlanmış bir məqalədəki "Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir… İranda da avropasayağı məktəblər olmalıdır" fikri üzərində çox düşünən Hacı Mirzə Həsən Osmanlı dövlətinə yollanır və burada fəaliyyət göstərən məktəblərin adı o qədər diqqətini çəkir ki, özünə Rüşdiyyə təxəllüsünü götürür. Osmanlı İmperiyasının ərazisinə aid İstanbul, həmçinin Beyrut və digər şəhərlərin təhsil sistemi ilə yaxından maraqlanan Mirzə Həsən Rüşdiyyə 1880-ci ildə daxil olduğu Beyrut şəhərindəki Darülmüəllimində (Pedaqoji Universitet) türk aydınlarından dərs alarkən üsuli-cədid, "yeni tərz" və ya "yeni üsul"lu məktəblərin təsisi və idarə edilməsi prosesini, eyni zamanda "Əlifbanın asan və yeni üsul ilə tədrisi"ni də öyrənir. 1883-cü ildə İrəvanda yaşayan qardaşı Mirzə Əlinin köməyi ilə yerli müsəlmanlar üçün müasir tipli dünyəvi məktəb - özünün ilk üsuli-cədid məktəbini açır. 1888-ci ildə artıq təcrübəli müəllim kimi yenidən doğma Təbrizə qayıdır və burada "Dəbirestani-Rüşdiyyə" və "Mədrəseyi-Rüşdiyyə" adlı İranın ilk müasir təhsil müəssisələrini təsis edir.

 Memorial mədrəsə də Təbrizin qədim mədrəsələrindəndir. Bu tarixi mədrəsə binası amrilalılar tərəfindən idarə olunurdu.

Cabbarbəy Bağçaban isə "Bağçeye ətfal" adında birinci uşaq bağçası və ilk kar və lallar mədrəsəsini də Təbriz şəhərində yaradıb…

İranda birinci Ticarət otağı 1907-ci ildə yenə Təbrizdə qurulub. Tehranın ticarət otağı Təbrizin ticarət otağından sonra yaradılıb.

İranın birinci telefon mərkəzi 1901-ci ildə məhz Təbrizdə Qasım xan Vali tərəfindən qurulub. Telefon mərkəzi fəaliyyətə başladıqdan bir neçə il sonra Qasım xan Vali Təbrizin birinci bələdiyyə sədri seçilib. Qasım xan Vali 1942-ci ildə İranın birinci elektrik fabrikini yaratmağa və Məcidiyyə xiyabanının kənarlarını işıqlandırmağa nail olub.

Təbriz tarixi boyu dəfələrlə (858, 1041 və 1721-ci illərdə) baş verən zəlzələlər nəticəsində viran qalıb. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv edib. Bu zəlzələlərdən salamat çıxan ən önəmli abidələr Ərk qalası və Göy məsciddir. Təbrizdə Azərbaycan muzeyi, Ölçü muzeyi, Məşrutiyyə muzeyi, Şəhriyar muzeyi, Qacar muzeyi, Ustad Bohtuni muzeyi, Bələdiyyə muzeyi, Təbiət muzeyi kimi səkkizdən çox böyük muzey fəaliyyət göstərir.

Əsası 1958-ci ildə qoyulan Azərbaycan muzeyi İranın ən böyük muzeylərindən biridir. Muzeydə əsasən İranın Azərbaycan vilayətindən qazıntılar zamanı tapılan eksponatlar, heykəltəraşların əl işləri yer alır. Muzeydə 2500-ə yaxın əlyazma və kitab var.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.