“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
ƏDALƏT DUMAN (OMMİ)
1970-ci ildə Qaradağ bölgəsində Girdəzal kəndində dünyaya gəlib. Hələ uşaq yaşlarından şeir və musiqiyə maraq göstərib və Azərbaycan radiosunda gedən verilişlərə maraqla qulaq asıb. Elə o zamanlardan da şairlik duyğusu Ədaləti xəyallar dünyasına aparıb və kiçik yaşlarından şeir yazmağa başlayıb. İndiyədək üç şeir kitabı nəşr edilib. Quzey Azərbaycanda radio və televiziya verilişlərində çıxışları olub, qəzetlərdə çoxlu sayda şeirləri dərc olunub. Ədalətin şeir dili rəvan, axıcıdır və təmiz türkcə yazılıb.
Bəs nə olaydım?
Haqsızlıq oduna yurdum yananda,
Duman olmayaydım bəs nə olaydım.
Qara bağ dağından qara dağ yanır,
Duman olmayaydım, bəs nə olaydım?
***
Günəşdə yaxmasın deyirdi bəhmən,
Doğma anamızdı, bu doğma vətən.
Dağları həyalı söyləyərək mən,
Duman olmayaydım, bəs nə olaydım?
***
Alçaqlar,quduzlar kəkələnəndə,
Xocalım üstünə od ələnəndə,
Ayazda millətim güllələnəndə,
Duman olmayaydım, bəs nə olaydım.
***
Məni öz ürəyim qınardı axı,
Türklüyüm, qürurum sınardı axı
Dumansız Ədalət yanardı axı
Duman olmayaydım, bəs nə olaydım?..
KİYAN XİYAV
1970-ci ildə Meşkin şəhərində anadan olub. Fars dili və ədəbiyyatı üzrə mütəxəssisdir. Təbriz Universitetini də bu ixtisas üzrə bitirib. O, ilk şeirlərini Xiyovda oxuyan zaman yazıb. Ali təhsilini Təbrizdə alan Kiyan orada oxuduğu müddətdə doktor Cavad Heyətlə tanış olub. İlk şeirləri "Varlıq" və "Yol" dərgilərində çap olunub. Universiteti bitirəndən sonra bir müddət iş tapa bilməyib. Sonradan isə Miyana şəhərinin Xonəç bölgəsində müəllim kimi çalışmağa başlayıb. Fars dili və ədəbiyyat müəllimi olan Kiyan sonradan Xiyov şəhərində ixtisası üzrə çalışıb. O, həm də məhsuldar bir tərcüməçi kimi də tanınır. Türk və fars ədəbiyyatlarından dəyərli tərcümə əsərləri var.
Şairin "Ölüm öpüşündən yanmış lələklər", "Ah, gözlərində doğulmaq" və "Sarı saatlar dənizində" adında üç şeir toplusu çap olunub.
Ancaq qadın...
Nə gözəl, nə də özgür bir Tanrıça
sənin yalnız bir adın var:
Qadın!
Sənin necə dəyərli olduğuna
Mənim üçün bu yetər:
Anam bir qadın idi,
Bacım bir qadın,
Nazlıca qızım bir qadın olacaq
Və sən sevgilim qadınsan,
İnsanlıqdan könül alma ustası!..
Kimsən, nəsən, bilmirəm...
Ancaq adın
Amazonda dalğalanan kin köpüyü
deyilsə
və əllərin
Apulineri Acuna bağışlayan
Ancelikadırsa,
buyur!
Səni
Gülüşlərindən doymayan gözlərimlə,
Ağlayışlarından hələ getməyən
qulaqlarımla,
Bir insan sevirəm,
Bir qadın deyil,
Bir insan!..
MƏHƏMMƏD RZA LƏVAYİ
1970-ci ildə dünyaya göz açıb. Əslən Qaradağ mahalının Xoca şəhərindəndir. Təbriz Universitetində türk ədəbiyyatından dərs deyib. Bir müddət Bakıda yaşayıb. "Alma" qəzetində çalışıb. Sonradan ABŞ-a mühacirət edib. Şairin indiyədək 10-a yaxın kitabı işıq üzü görüb. Müxtəlif qəzet, dərgi və internet portallarında yayımlanan şeirləri ona oxucular arasında böyük şöhrət qazandırıb.
Ayaqlarımı kəsdilər
Vətəndən
Qatarın səsində səni sevirəm var,
oturub qulağımda.
Qatarın səsində yavaş-yavaş
Şərqdən-Qərbə gözlərinin Azərbaycanı
Alıb boşaldıram gözlərindən
hüznün iyirmi bir əsrini
Doldururam gözlərinə sevgini
Bakısını, Təbrizini, İstanbulunu.
Qatarın səsində köynəyinin qırmızısı
qanım qaynayır sənə!
Qatarın səsində
Xəzər qoyur çiynimə mavi örtüyün
Vətənin ətri dəli edir yenə bir yazıq
Ləvayini.
Düşünmədilər hə, düşünmədilər
Ayaqlarımı kəsdilər Vətəndən
Halbuki,
ürəkdən
bağlıyam
ona!
AZƏRYAR DANİŞVƏR
1971-ci ildə Təbrizin Hesar məhəlləsində doğulub. Məktəbdə fars dili və ədəbiyyatını öyrədiblər. Məktəbə getməzdən öncə isə türkcə yazıb-oxumağı atasından öyrənib mənimsəyib, bir çox şairlərin şeirlərini əzbərləyib.
Təbrizdə xalq və sənətkarlar tərəfindən düzənlənən musiqi tədbirlərinin bir çoxunun aparıcısı olmaq ona həvalə edilib. Beləliklə də kitab ola bilməyən şeirlərini səhnələrdən xalqına canlı-canlı çatdırıb. Azəryar insanların qulağına xoş gələn məlahətli səsini də Tanrının neməti sayır. Bu səs onu canlı şeir kitabı kimi yaşamağa doğru çəkir və hər yerdə insanlara sevə-sevə şeir oxumaqla Vətənə olan övladlıq borcunu ödəməyə çalışır...
Ssenari, pyes, şeir və mahnı sözləri yazmaq və aparıcılıq etmək onun əsas fəaliyyəti, həm də ən sevimli məşğuliyyəti olub. Bütün qadağalara rəğmən səhnədə saysız-hesabsız çıxışları olur, qələmə aldığı ssenarilər teatr səhnəsində tamaşalara dönüb. Təbriz televiziyası üçün bir neçə serial (dizi) mətni yazıb. İctimai motivli şeirləri və "Vətən pülüşü" poeması ona böyük ədəbi hörmət qazandırıb.
Lalam mən
Yenə payız şəhərimə çəkdi rəng
İl başladı, mədrəsələr çaldı zəng
Haray gəldi mədrəsədən dəng-dəng
Çantamı mən götürmüşəm əlimdə
Eyvay, yenə dilim qaldı evimdə…
Dərs verilir dünyanın hər yerində
Uşaqlara öz ana dillərində…
Hərə oxur öz baba tarixində
Mən də burda özgə dildə ağlıram.
Dəftərimi tərsədən varaqlıram,
Ey vay, indi dilim evdə darıxır.
Bu sayqısızlıq onu hətmən sıxır,
Tez-tez divardakı saata baxır
Yolumu gözləyir evə qayıdım,
Yatmış dilimi yuxudan ayıldım.
Nədən yasaq olub mənim öz adım?!
Niyə çatmır elə, səsim, fəryadım?!
Qolçaq kimi, köklənibdir müəllim,
Ayağımı bağlır mənim öz əlim!
Susub baxır buna, mehriban elim.
Bir də Nəsimi soyulur dəridən
Ayaq deyil, dildi bizi yeridən!
Azəryaram, öz dilimə bağlıyam,
Yeri vardır, vay deyəm, qan ağlıyam,
Bu dərdə mən bir ömürdür dağlıyam.
Odda yanır ayım, günüm, ilim də!
Eyvay, yenə dilim qaldı evimdə!
Təqdim etdi:
Esmira FUAD,
Filologiya elmləri doktoru.