DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!
Maraqlı

DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!

Stefan Sveyq

Almaniyanın məşhur bioqrafiya yazarı, araşdırmaçı və publisisti Stefan Sveyq... Həyatı əsərləri qədər maraqlı olmayan, hətta son dərəcə faciəli sonluqla bitən bu yazıçı daha çox  "Ürəyin səbirsizliyi" romanı ilə məşhurlaşıb. Sanki taleyindən xəbərdarmış kimi, tanınmış əsərini də bu sözlərlə  başlayıb: "Düz yolla getməyə can atmayanda, dolanbac həmişə daha cəzbedici görünür...".

Vyanada yəhudi əsilli, varlı bir fabrikant ailəsində dünyaya göz açan yazıçının, uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur. Hər zaman  özü haqda  xəsisliklə danışan  Stefan Sveyq yaradıcılığı ilə yanaşı,  xanımını da  intihara sürükləyən dahi kimi yadda  qalıb.

Nasistlərin labüd qələbəsinə inanaraq Petropolis (indiki Braziliya) şəhərində ümidsizliyə qapılan yazıçı, arvadı Şarlotta ilə birgə böyük dozada yuxu dərmanı içməklə  intihar edir. Belə ki, Pirl-Harber hadisəsi və Sinqapurun məğlubiyyətindən sonra Sveyq dünyada şər qüvvələrin qalib gəldiyini zənn edir və bu cür dünyada yaşamaq istəməyib həyatdan getməyə qərar verir. Arvadı isə onun bu qərarına etiraz etmir və taleyini onunla bölüşməyə razı olur.

Ər-arvad ölümlərindən öncə hətta  bir neçə məktub da  yazırlar. Şarlotta öz hərəkətinə bəraət qazandıraraq, ölümün həm Stefan, həm də özü üçün qurtuluş və yeganə çıxış yolu olduğunu söyləyir. Yeri gəlmişkən, qadın uzun illər idi ki, astmadan əziyyət çəkirdi.

Sveyq isə belə yazmışdı: "Altmışdan sonra həyatı yenidən başlamaq üçün adama xüsusi güc lazım olur. Mən isə illərdir vətəndən kənarda bütün qüvvəmi tükətmişəm. Bir də ki, ən yaxşısı, indi dik başla mövcudluğa son qoymaqdır. O mövcudluğa ki, əsas sevinci intellektual iş, ali dəyər isə şəxsi azadlıqdır. Bütün dostlarımı salamlayıram. Qoy onlara uzun gecədən sonra Günəşin doğmasını görmək nəsib olsun! Mənsə həddən ziyadə səbirsizəm və onlardan əvvəl buranı tərk edirəm".

"İnsanlar üçün tənhalıqdan betər bir şey yoxdur", Sveyqin faciədən iyirmi il öncə "Yad qadının məktubları" novellasında belə yazırdı...

Yazıçı özünə qəsd edəndə bütün dünya müharibə xəbərlərini bir kənara qoyub bu əhvalatdan yazmağa başlamışdı: "60 yaşlı yazıçı dövrün vəhşiliklərinə dözə bilməyib özünü öldürdü" ...Cütlüyün hətta ölüm anında belə bir-birini qucaqlaması səhnəsi bütün qəzetlərin ilk səhifəsini "bəzəmişdi". Yeri gəlmişkən qeyd edək ki, məşhur yazıçı Erix Mariya Remark bu faciəli epizodu özünün "Cənnətdə kölgələr" romanında əks etdirib: "Əgər onlar həmin axşam heç olmasa telefonla içlərini tökməyə kimisə tapsaydılar, bəlkə də, bu bədbəxtlik baş verməzdi. Lakin Sveyq qürbətdə özgə insanların əhatəsindəydi".

Müharibənin səs-küyü olmasaydı yəqin ki, qəzetlər,  uzaq Rio-de Janeyrodakı qəbiristanlıqda yanaşı dəfn edilən cütlüyün həyat hekayəsini  Romeo və Culyetta rəvayətinə bənzədərdi...

 

Stiv Cobs

"Qazandığım pulları özümlə apara bilməyəcəyəm. Qəbiristanlıqda ən varlı adam olmaq isə mənim üçün heç nə ifadə etmir. Bu uzun yolda yeganə yol yoldaşım xatirələrimdir". Bu,  məşhur "Apple" şirkətinin qurucusu, milyonçu Stiv Cobsun ölüm qabağı son sözləri idi...

  Nikahdankənar dünyaya gələn gələcəyin milyonçusu  suriyalı valideynləri tərəfindən başqa bir ailəyə övladlığa verilib. Səbəbi isə həmin vaxt uşağın qeyri-qanuni dünyaya gəlməsinin ABŞ-da rüsvayçılıq hesab edilməsi olub. Lakin bir qədər böyüdükdən sonra bioloji valideynlərini axtarıb tapan Stiv Mona adlı bacısının da varlığından xəbər tutub. Yeri gəlmişkən, Mona sonralar ABŞ-ın ən populyar yazıçılarından biri olub. Stiv 27 yaşlı bacısı Mona ilə tanış olduqdan sonra həyatının sonuna kimi onunla dostluq edib. O, bir neçə dəfə anası ilə görüşsə də, ömrünün axırına kimi atasını görməyib.

  Stiv ömrü boyu  Albert Eynşteyn və Henri Ford kimi öyrənmə xəstəliyi olan disleksiyadan əziyyət çəkib. Məktəbdə oxuduğu müddətdə  tam bir baş bəlası olan gələcəyin milyonçusu, sinfə ilan gətirdiyini və bir neçə dəfə  isə orada bomba partlatdığını sonralar özü etiraf edib. Lakin bütün bunlara baxmayaraq,  bəzəkli yazı yazmağı - kalliqrafiyanı çox sevib. Qeyd edək ki, Macintosh'un (Makintoş) (Windows tərəfindən kopyalanan) xoş görünüşlü yazı şrifti də ona aid olub.

  Deyilənlərə görə, milyonçu o qədər pinti olub ki, hətta gənc ikən işlədiyi müəssisədə pis qoxuduğu və əyin-başı çirkli olduğuna görə gecə növbəsinə alınıbmış. İlk kostyumunu isə şirkətini tanıtmaq üçün qatılacağı tədbirə görə almaq məcburiyyətində qalıbmış. 

  Maraqlıdır ki, dünyanın ən varlı şəxsləri sırasında 136-cı  yerdə olan, sərvəti isə 5.5 milyard dollara çatan tanınmış brend sahibi  yalnız rəsmi mərasimlərə  geyim dizaynerlərinin məhz onun üçün hazırladıqları bahalı kostyumlarda qatılırdı. Lakin adi günlərdə çox zövqsüz geyinərdi. Bu da mətbuatın gözündən yayınmırdı. Çox vaxt jurnalistlər ona zarafatla: “Apple” şirkəti öz markalarını yeniləyir, amma Stivin geyimi illərdir eyni qalıb", - deyirdilər.

  Bu sözlər isə milyonların qibtə edəcəyi sərvətə sahib, şəxsi təyyarəsində səyahətlərə çıxan Stivi heç də qıcıqlandırmırdı. O, hər zaman deyirdi: "Başqalarının haqqımda nə düşündüyü mənə zərrə qədər maraqlı deyil. Bir vaxtlar mənim heç öz  otağım da yox idi və dostlarımın mənzilində quru döşəmədə yatırdım. Yemək almaq üçün isə boş "Coca-Cola" şüşələri satırdım. Hər bazar günü pulsuz nahar etmək üçün kilsəyə 10 kilometr yolu piyada gedirdim. Nə olsun ki, mən o günlərimdə də çox xoşbəxt idim!".

  Kompüter texnologiyasında yenilik edən Stiv həm də avtomobilləri çox sevirdi. Onun daha çox sevdiyi avtomobil isə "Mercedes" idi.  Amerikalı mütəxəssis nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etməyi xoşlayırdı.

  Özündən doqquz yaş kiçik Lorin Pauellə ailə həyatı quran milyarderin bu izdivacdan iki qızı və bir oğlu dünyaya gəlib. Sonralar Stiv Cobsun rəssam Kris-Enn Brennandan qeyri-qanuni  qız övladı Liza da doğulub. Stiv özünün övladlığa verilməsinə baxmayaraq, uzun müddət  qızını övlad kimi tanımayıb.

 Yemək vərdişi ilə də seçilən Stiv qəhvəni çox sevib. Ömrünün sonuna qədər vegeterian olan milyonçu meyvələr içərisində isə ən çox almaya üstünlük verib. Deyilənə görə, elə bu səbəbdən də şirkətinin adını "Apple" adlandırıb.

  Ölümü həyatın ən böyük ixtirası adlandıran və daima ölümdən qorxmadığını vurğulayan milyonçu 56 yaşında uzun müddət əziyyət çəkdiyi qaraciyər xərçəngindən dünyasını dəyişib.

 

Anri Puankare

Dünya elminin riyaziyyat və fizika sahəsinin görkəmli nümayəndələrindən biri, Paris Elmlər Akademiyası və Fransa Akademiyasının  prezidenti Jül Anri Puankare  nisbilik nəzəriyyəsinin kəşfinə çox yaxın olmuşdur. Puankarenin riyaziyyat müəllimlərindən biri dostuna yazdığı məktubda bu istedadlı şagirdini belə təsvir etmişdir: "Mənim sinfimdə riyaziyyatın əjdahası peyda olub".

9 yaşında danışmağa başlayan bu alim uşaqlıq illərində huşsuzluğu və diqqətsizliyi ilə ad qazanıb. Yaşıdları arasında zəifliyi  ilə seçilən Anri  5 yaşında ikən difteriya xəstələyinə tutulmuş, ayaqları və boğazı iflic olduğu üçün nə yeriyə, nə də danışa bilmişdir.

Lakin sonralar xəstəlikdən sağalmış, ən kiçik səsləri eşidə bilmiş, ətrafda baş verən hadisələri çox diqqətlə izləmişdir. Bununla belə xəstəlik müddətində onda çox qeyri-adi xüsusiyyət təzahür etmişdir. Belə ki, dinləmə qabiliyyəti o qədər güclü şəkildə inkişaf etmişdi ki, alim ömrünün sonuna qədər səslərə qarşı son dərəcə həssas olmuşdur. Bundan sonra isə onun həyatında kəskin dönüş yaranmışdır. Bütün bunlarla yanaşı,  fiziki cəhətdən də çox zəif olmuşdur. Deyilənə görə, Anri dərsdə çox nadir halda əlinə karandaş və qələm alırmış. Lakin buna baxmayaraq, bədii ədəbiyyatı, latın dilini və tarixi çox yaxşı bilirmiş.

Hətta bir dəfə  riyaziyyat dərsində professor Eplio görür ki, Anri mühazirəni qeyd etmir. Professor əsəbiləşir, Anrini ayağa qaldıraraq ona mühazirəyə aid çoxlu suallar verir. Anri bütün suallara dəqiq cavab verir və bununla da professoru çox təəccübləndirir. Ümumiyyətlə, Anri dərslərə zaman ayırmırdı. O, mühazirələri və məsələlərin həllini küçədə, bulvarda gəzərkən beynində hazırlayırdı. Məsələləri ayaq üstündə və ya qaralamada çox tez həll edərdi. Üstəlik qaralamanı da  köçürməzdi.

Hələ universitetdə oxuduğu müddətdə  Luiza Pulen d'Andens adlı gözəl bir qızla tanış olan riyaziyyatçı qısa müddətdə ailə həyatı qurmuşdur. Onun bu izdivacdan 3 qızı və bir oğlu dünyaya gəlmişdir.

Təbiətcə həddindən artıq utancaq  olan riyaziyyatçı  çox  sadə bir həyat sürüb. Şöhrətpərəstlikdən uzaq və təvazökar  alim  özünə  qapalı olduğu üçün insanlarla ünsiyyətdən çəkinib.

Şöhrətin ən ali zirvəsinə ucalan alim ömrünün son bir neçə ilini ağır xəstəlikdən əziyyət çəkmiş və çətin əməliyyat keçirməli olmuşdur. Daha sonra isə 58 yaşında emboliya (qan dövranı pozğunluğu) xəstəliyindən vəfat etmişdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".