İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Minifutbol turnirinin qalibləri müəyyənləşib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş minifutbol turniri keçirilib.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin "Zəfər" komandası yarışı birinci pillədə başa vurub. Azərbaycan Dənizçilik Kollecinin "Zəngilan" komandası yarışda ikinci, "Ağdam" komandası isə üçüncü yeri tutublar.

 

Voleybol yarışına yekun vurulub

2007-2009-cu il təvəllüdlü voleybolçu oğlanlar arasında Zəfər Gününə həsr olunmuş voleybol turnirinə yekun vurulub.

Turnir 90 nömrəli tam orta məktəbin idman zalında təşkil olunub və 10 komanda birincilik uğrunda mübarizə aparıb. Turnirin nəticələrinə görə, 72 nömrəli tam orta məktəbin komandası qalib olub. 90 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 169 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

 

"Böyük dəbilqə"  turniri keçiriləcək

Noyabrın 4-6-da Heydər Əliyev adına İdman Arenasında keçiriləcək "Böyük dəbilqə" turnirində cüdoçular 14 dəst medal uğrunda mübarizə aparacaqlar. Turnirin medalları hazırdır. Medalların ön tərəfində yarışın loqosu, Azərbaycan Respublikasının xəritəsi, yarışın tarixi və adı həkk olunub. Medalın arxa hissəsində isə Beynəlxalq Cüdo Federasiyasının (BCF) loqosu yer alıb.

Qeyd dək ki, ilkin görüşlər hər gün yerli vaxtla saat 10:00-da, final görüşləri isə saat 17:00-da baş tutacaq.

 

Batut gimnastikası üzrə ən güclülər müəyyənləşəcək

Noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı paytaxt birinciliyi keçiriləcək.

Yarışda 2006-2009-cu, 2010-2011-ci, 2012-2014-cü, 2015-ci illər üzrə yaş kateqoriyalarından olan idmançılar yarışacaqlar.

Yarışda "Ocaq Sport" klubu və Bakı Gimnastika Məktəbinin kişilər arasında 55, qadınlar arasında 46 idmançısı fərdi proqramda öz aralarında paytaxtın ən güclüsünü müəyyənləşdirəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".