Qarabağ dirçəlir
Siyasət

Qarabağ dirçəlir

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində İtaliya şirkətləri də fəal iştirak edir

"İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Türkiyə şirkətlərinin birinci yerdə olması təbiidir. Çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların məşhur tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləridir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "IL Sole 24 Ore" qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində bildirib.

Dövlət başçısı daha sonra deyib ki, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib: "Daha bir İtaliya şirkəti bizim xahişimizlə Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Beləliklə, bu, bizim münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərir. Çünki Şuşa hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Şuşada tikiləcək yeni məscidin layihəsi İtaliya şirkətinə həvalə olunub. Bu, o deməkdir ki, bizim aramızda çox yüksək dərəcədə etimad var və bu addımı atmışıq", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Qeyd edək ki, sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda Azərbaycan Prezidenti İlham Əliyev də qonaq qismində iştirak edib. Dövlətimizin başçısının forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı maraqla qarşılanıb.

1965-ci ildən fəaliyət göstərən "The European House - Ambrosetti" İtaliyanın idarəetmə - məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzidir. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan "The European House - Ambrosetti" İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtaliya şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və ölkəmiz İtaliyaya neft təchizatının bir nömrəli mənbəyi kimi çıxış edib. İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə respublikamız önəmli qaz təchizatçısına çevrilib və Azərbaycan bu sahədə 3-cü yerdə qərarlaşıb.

İki ölkənin enerji sahəsində əməkdaşlığında da ötən illər ərzində mühüm uğurlar əldə olunub. Belə ki, 1995-ci il noyabrın 10-da ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Qarabağ", 1996-cı il iyunun 4-də "Şahdəniz" perspektiv strukturlarının, 1998-ci il iyunun 2-də isə "Kürdaşı" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb.

Xatırladaq ki, 2002-ci ilin sentyabr ayında İtaliyanın ENİ/Agip şirkəti Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsinə dair saziş imzalayaraq 5 faiz payla layihə üzrə sponsorlar qrupunun üzvünə çevrilib.

Ümumiyyətlə, iqtisadi sahədə görülən və nəzərdə tutulan işlər iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsindən xəbər verir, əlaqələrin strateji və uzunmüddətli xarakter daşıdığını, humanitar sahədə də münasibətlərin diqqətdə saxlanıldığını göstərir.

Azərbaycanla İtaliya arasında təhsil sahəsində yeni genişmiqyaslı əməkdaşlığın əsası qoyulub. Belə ki, sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Juiss Guido Carli, Romanın Sapienza, Turin Politexnik, Alma Mater Bolonya və Milan Politexnik universitetləri arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi olub.

İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsinin əsas səbəblərindən biri ölkəmizin hər zaman verdiyi vədə sadiq qalması, razılaşdırılan məsələlərin icrasını diqqətdə saxlamasıdır.

İki ölkə arasında enerji və digər sahələr üzrə əməkdaşlıq çərçivəsində ticarət dövriyyəsinin artması, TAP layihəsi üzrə əldə olunan uğurlar da səmimi münasibətləri əks etdirir. İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 6 mlrd. ABŞ dollarından çoxdur. Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşıdır. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində sərmayə yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard ABŞ dolları olan 277, qeyri-neft sektorunda isə dəyəri 708 milyon ABŞ dolları olan 37 layihədə podratçı kimi iştirak edirlər. Bu sahədə isə 100-dən çox İtaliya şirkəti çalışır.

"Uni Construction" şirkətinin bərpaçısı, italiyalı mütəxəssis Luigi Scrinzi qeyd edib ki, Qarabağdakı maddi-mənəvi abidələr inanılmaz dağıntılara məruz qalıb. "Qarabağ" "böyük bağ, abad məkan" deməkdir. Lakin bu məfhumlara indi Qarabağda rast gəlinmir. Bu gün Qarabağın yenidən dirçəldilməsi, həyata qaytarılması istiqamətində görülən işlər, bu yerlərin abadlaşdırılması həm də müqəddəs mahiyyət daşıyır.

İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr getdikcə genişlənir. Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Nazirlər Şurasının yeni təyin olunmuş sədri xanım Ciorcia Meloniyə ünvanladığı təbrik məktubunda da dövlət başçısı ölkəmizin Azərbaycan-İtaliya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini, İtaliyanın bizim üçün dost ölkə və etibarlı strateji tərəfdaş olduğunu qeyd edib. Azərbaycan Prezidentinin məktubunda deyilir: "İnanıram ki, Azərbaycan-İtaliya dostluğu və strateji tərəfdaşlığı, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir".

Zümrüd QURBANQIZI,

"Respublika".