Qısa, şərəfli ömür
Region

Qısa, şərəfli ömür

Uşaqlıqdan yaranmışdı onda Vətən sevgisi. Lap aşağı siniflərdə oxuyanda atasından xahiş etmişdi ki, yazı stolunun üstünə qoymaq üçün ona Azərbaycan Bayrağını alsın. Balaca canı ilə bayraqla fəxr edirdi İlkin. Ona baxıb o qədər sevinirdi ki... Bayraq bu uşağın beynində, qəlbində Vətən idi. Bir vaxt uğrunda şəhid olacağı müqəddəs Vətən. Vətənpərvərlik  hissi balaca ürəyində sonralar daha da alovlandı. Hərbi xidmətdən geri qayıtmadı. Torpaqlarımız işğaldan azad olana qədər orduda xidmət edəcəyəm, - dedi. Və belə də etdi. “N” saylı hərbi hissədə yenidən xidmətə başladı.

Ağaquliyev İlkin Saməddin oğlu 2000-ci ildə Şabran şəhərində doğulub boya-başa çatıb. Ağaquliyevlər ailəsinin yeganə övladı idi. 2017-ci ildə Şabran şəhər Tofiq Abbasov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki  Kollecə qəbul olunmuşdu. “Fiziki tərbiyə müəllimliyi” ixtisasına yiyələnəcək idi. İdmanla da məşğul idi. Dəfələrlə rayon və zona yarışlarının qalibi olmuşdu. Çağırış vərəqəsini alan kimi hərbi xidmətə yollandı. Xidmətini  cəbhə bölgəsində nümunəvi əsgər kimi başa vurdu. Təhsilini dondurub “N”  saylı hərbi hissədə qalaraq əsgər, MAHHXHQ kimi xidmətini davam etdirdi.  Vətən müharibəsi başlayan kimi, Xüsusi Təyinatlı Əməliyyat Taborunda (“Həmlə dəstələri”) pulemyotçu kimi döyüşlərə qatıldı. Murov yüksəkliyi, Talış, Ağuçuq, Ətyeməz kəndlərinin və Suqovuşanın alınması istiqamətində savaşdı. Ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirirdi. Hərbi xidmətdə olarkən taktiki hərəkətlərə yaxşı yiyələnmişdi. Döyüşlərdə ayıq-sayıq, çevikliklə, bacarıqla hərəkət edirdi.  Atəş mövqelərini düzgün seçirdi. Düşmənin mövqelərini asanlıqla keçərək kəşfiyyat məlumatları toplayırdı. Hətta geri qayıdarkən düşmənin ordumuz tərəfindən məhv edilmiş və qoyub qaçdığı texnikanın, hərbi sursatların da  çəkilişlərini aparmışdı. Oktyabrın 16-da qəhrəman döyüşçü Suqovuşan uğrunda gedən döyüşlərdə düşmən snayperindən açılan gülləyə tuş gəldi. Şəhidlik zirvəsinə yüksəldi. Cəsur döyüşçü  ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edildi.

Yaşadığı məhəllədə onu böyükdən-kiçiyə hamı böyük ehtiramla xatırlayır, ondan fəxrlə, qürurla danışır. Bir elin sevimlisi olan bu mehriban gəncin yoxluğunu kövrək hislərlə xatırlayan qonşuları Şahin kişi deyir ki, sanki ailəmizin bir üzvünü itirmişik. Çox qeyrətli, böyük-kiçik yeri bilən, mehriban bala idi İlkin. Ürəyiaçıq, səxavətli.

Cəmi 20 illik ömrünü mənalı, şərəfli yaşadı İlkin. Gələcək nəsillərə nümunə ola biləcək qısa bir həyat yolu keçdi. Şabran şəhərində onun xatirəsi əbədiləşdirilib. Adına küçə verilib. Bulaq-abidə inşa olunub.

O günü Şabran Şəhər Şəhidlər Xiyabanında xeyli adam yığışmışdı. RİH rəsmiləri, şəhər sakinləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhid İlkin Ağaquliyevin doğum günündə onu yad etməyə gəlmişdilər. Bütün şəhidlərin ruhuna dualar oxundu. İlkinin xatirəsi böyük ehtiramla anıldı, məzarı üzərinə çiçək dəstələri düzüldü. Şəhid  haqqında xoş xatirələr söylənildi. Məktəblilər şəhidlərə aid şeirlər söylədilər.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.