Əsrin  müqaviləsi
SİYASƏT

Əsrin  müqaviləsi"ndən Əsrin müharibəsi"nə

(əvvəli 27 sentyabr tarixli sayımızda)

Xeyirlə şərin, gerçəkliklə mifin mübarizəsi

"Əsrin müharibəsi"

Ölkəmizin bütün ərazisində hərbi vəziyyət və qismən səfərbərlik elan edilməklə komendant saatı tətbiq edildi. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edərək cəbhəboyu Azərbaycan mövqelərinə qarşı növbəti təcavüz aktı nəticəsində bölgədə yaranan son dərəcə gərgin vəziyyətlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün lazımi tədbirlər görülürdü.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə erməni təxribatları barədə dünya ictimaiyyətinə məlumat vermələri üçün göstəriş verildi. Həmçinin ölkəmizdəki akkreditasiya olunan diplomatik korpusun nümayəndələri bu hadisələri obyektiv qiymətləndirmələri barədə məlumatlandırıldı.

Dost və qardaş ölkə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk dəqiqələrindən bildirdi ki, Türkiyə "bir millət, iki dövlət" anlayışı ilə azərbaycanlı qardaşlarına həmrəyliyi gücləndirməyi davam etdirəcək, hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır.

Ermənistanın bütün cəbhə xətti boyunca genişmiqyaslı növbəti təxribatı ilə əlaqədar Yeni Azərbaycan Partiyası, Azərbaycanın Rus İcması, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri, Azərbaycanın siyasi partiyaları, Azərbaycan gəncləri və idman ictimaiyyətinin nümayəndələri, Azərbaycan diaspor təşkilatları və s. bəyanat yaydılar. Bəyanatlarda birmənalı şəkildə beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməklə regionun sabitliyini təhlükə altına qoyan Ermənistana lazımi təzyiqlər göstərməli olmaları vurğulanır. Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü qeyd olunur, Azərbaycanın isə öz ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi bütün səylər tamamilə dəstəklənirdi.

Ermənistanın törətdiyi hərbi təxribatın ilk günlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsindəki paylaşımında "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!" fikirləri yer alırdı. Paylaşımda daha sonra deyilirdi: "Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!... Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir".

Torpaqlarımızın işğaldan azad olunması uğrunda qətiyyətli əks-hücum əməliyyatı aparan Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksək olduğundan hərbi qulluqçularımız əsl qəhrəmanlıq nümayiş etdirirdilər. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi isə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də 1949-cu il Cenevrə konvensiyaları və onların əlavə protokollarını, beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki əhalinin kompakt məskunlaşdığı əraziləri, infrastrukturu məqsədyönlü şəkildə ağır artilleriya qurğularından intensiv atəşə tutmaqla öz terror əməllərini davam etdirir, mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədirdi. Başqa fərqimiz də onda idi ki, bizim ordunun əsgərləri öz torpağımızın azadlığı uğrunda, haqq yolunda vuruşan xilaskar əsgərlər, erməni əsgərləri isə başqa dövlətin torpağında ölən işğalçılar idi.

Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində də göstərilən - hər bir dövlətin özünümüdafiə haqqı var maddəsindən yararlanmaqla Azərbaycan Ordusu özünümüdafiə üçün əks-hücum əməliyyatına keçməklə düşmənə sarsıdıcı zərbələr endirməkdə davam edirdi. Həmin günlərdə bir çox ölkələrlə yanaşı, bütün əsas beynəlxalq təşkilatlar - BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT bizim haqlı mövqeyimizi dəstəkləyən bəyanatlar verdilər. Çünki həm tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlı olan Azərbaycan əsgəri, zabiti ərazi bütövlüyünün bərpası üçün öz doğma torpağı uğrunda vuruşurdu.

Azərbaycana qarşı Ermənistanın növbəti hərbi təxribatının ilk saatlarından qardaş Türkiyə Respublikası bütün səviyyələrdə - müvafiq dövlət qurumlarının rəhbərləri, parlament üzvləri və ictimaiyyət nümayəndələri bu xain təcavüz aktını birmənalı və qətiyyətlə pislədilər. Türkiyə Prezidenti R.T.Ərdoğanın məsələyə dair çox açıq və sərt bəyanatları bir daha Azərbaycanın öz haqq işində yalnız olmadığını göstərdi.

Müasir tariximizin və haqq mübarizəmizin ən məsuliyyətli və ən qürurlu dövrünü yaşadığımız günlərdə milli həmrəyliyə xidmət edən hər bir təşəbbüs və layihə böyük əhəmiyyət kəsb edirdi. Ölkə ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli və siyasi həmrəyliyə xidmət edən təşəbbüslərinin şahidi olmaqla onu yüksək səviyyədə dəstəkləyirdi. Bu mərhələdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya rəhbərlərinin də iştirak etdiyi "Milli həmrəylik - siyasi dialoqun nəticəsi" adlı tədbirdə Azərbaycanda yaşanan milli və siyasi həmrəylik bir daha nümayiş etdirildi.

 

Cəbhədə əsgərlərin döyüşkən ruhu, mənəvi-psixoloji mühit, torpağı Vətən, Vətəni bütöv görmək istəyi, Ali Baş Komandanın dəmir iradəsi və döyüş əzmi ilə ordumuzun “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatı çoxəsrlik tariximizdə qısa müddətdə möhtəşəm sayılan zəfərin qazanılmasına yol açdı.

 

Müzəffər Ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını müvəffəqiyyətlə alması, əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirməsi, vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də qardaş Türkiyənin və xarici ölkə vətəndaşlarında böyük ruh yüksəkliyi yaratmaqla, qürurla, sevinclə qarşılanırdı. Məsələn: Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov: "Tarixi ədalət və qanun Azərbaycanın tərəfindədir. Rəhbərliyinizlə Azərbaycan xalqı, hər bir azərbaycanlı üçün müqəddəs olan bu tarixi torpaqda bu çətinlikləri dəf edəcəkdir".

İtaliyanın Neapol şəhərində Neapol-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia: "Münaqişənin tez bir zamanda həll olunması üçün Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq davasında İtaliyanın və neapolluların Sizi dəstəklədiyini bildiririk".

Bu sətirlər müharibə dövründə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazılan təbrik və təşəkkür məktublarından bir nümunədir.

44 günlük müharibənin ilk günlərindən Prezidentimiz İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində demək olar ki, hər gün yazdığı xoş, qələbə müjdəli xəbərləri ilə bizi sevindirməsi hamımızda sanki hər gün qələbə sevincli məlumatlar eşidəcəyimizə bir vərdiş də formalaşdırmışdı.

Nəhayət, oktyabrın 4-də işğalda olan rayonlardan ilkinin - Cəbrayıl şəhərinin azad olunması xəbərini eşitməyimiz bir tarixi hadisə idi. Bu tarixi hadisə münasibətilə xalqımız bir-birini təbrik etməklə sevinc göz yaşlarını da saxlaya bilmirdi.

Azərbaycan Silahlı Qüvvələri uğurlu hərbi əməliyyatlarını davam etdirməklə torpaqlarımızı azad, ərazi bütövlüyümüzü bərpa etməkdə qətiyyətli və israrlı idi.

Xalqımızın böyüklüyünə, siyasətinin müdrikliyinə istinadən Azərbaycan müharibəni də müharibə qanunlarına əməl etməklə aparırdı. Ermənilərdən fərqli olaraq etnik təmizləmə siyasəti aparmayan, digər millət və xalqların dinc-yanaşı yaşadığı ölkəmizin Silahlı Qüvvələri də hərbi cinayətlər törətmirdi.

Cəbhədə əsgərlərin döyüşkən ruhu, mənəvi-psixoloji mühit, torpağı Vətən, Vətəni bütöv görmək istəyi, Ali Baş Komandanın dəmir iradəsi və döyüş əzmi ilə ordumuzun “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatı çoxəsrlik tariximizdə qısa müddətdə möhtəşəm sayılan zəfərin qazanılmasına yol açdı.

Mustafa Kamal Atatürkün təbirincə desək, zəfər, ruhlarında təslimiyyət olmayan, zəfər mənimdir deyənlərindir. Doğrudan da igid oğullarımız müharibənin ilk günündən illərdir zəfərə susamış kimi zəfər bizimdir dedilər. Adətən müharibələr taktiki hücum və manevrlərlə olur, yəni müharibə taktikanı, manevrləri, Zəfərə, Qələbəyə hesablanmış əks-hücumlar isə konkretliyi sevir, yəni korrekt olsaq, buradan başladıq, burada qurtardıq. Vətən müharibəmiz də bu baxımdan fərqləndi - manevr xatirinə belə geri çəkilmə olmadı.

Hərb meydanında qazanılan Zəfər siyasətlə nail olunan Zəfərdən qat-qat dəyərli və möhkəmdir. Çünki siyasətlə əldə edilən Qələbə əsasən aldadıcı, qısamüddətli və müəyyən dövrdə geri dönən olur. Hərb isə siyasi həllin katalizatorudur.

Tarix boyu dini icma, tayfa təfəkkürü ilə başqa dövlətlərin ərazisində toplum olaraq yaşamağa adət edən ermənilərdən öz iradələrindən kənar süni terror dövləti yaradılanda xislətlərində olan terrorçuluq yenidən alovlandı. Ötən əsrin 60-cı illərində neçə-neçə məşhur türk diplomatını bu yolla qətlə yetirdikləri də tarixdən hamımıza məlumdur.

Birinci Qarabağ müharibəsində lokal terror əməlləri və başqalarının dəstəyi ilə nail olduqlarından eyforiyaya qapılıb "məğlubedilməzlik" mifi yaratmışdılar. Belə məqamda bir el məsəli yada düşür: Ortalıq boş olanda çaqqalların dövranı qurd meydana girənə qədərdir. Formalaşdırdıqları miflərə, əsatirlərə çox inanmışdılar. Bu inamla da İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldular. Eyforiyaya qapılıb xülyalarında qurduqları "məğlubedilməz ordu" mifi acı sonluqla nəticələndi. Unutdular ki, nə Azərbaycan, nə Azərbaycan Ordusu, nə Azərbaycan xalqı, nə Azərbaycan rəhbərliyi, nə də beynəlxalq aləmin Azərbaycana münasibəti ötən əsrin 90-cı illərinin əvvəlindəki deyil. Həmçinin xeyirlə şərin, gerçəkliklə mifin mübarizəsinin başladığını da xəyallarına gətirmədilər. Belə mübarizələrdə isə tarix boyu həmişə sonda haqqın, ədalətin zəfər çaldığı həyat həqiqətidir.

Qələbəmizi təmin edən əsas faktorlardan olan müasir, modern Ordu və onun qabaqcıl texnologiyalarla təminatı xüsusilə qeyd olunmalıdır. "Hərb hər şeyin atasıdır" deyimi həmin müharibədən əvvəlki dövr üçün çox aktual səsləndiyindən bütün səylər də həmin sahəyə yönəldildi və nəticədə dünyanın qabaqcıl müdafiə sənayesinin istehsalı olan silahla təmin edilmiş çevik Ordu yaradıldı.

Qələbənin təminində digər amillərdən biri də kosmik sənayenin inkişafı idi. “Göylərə hakim olanlar yerlərdə mütləq hakimdir” aforizmindən çıxış edən ölkəmiz milli kosmik sənayenin yaradılması ilə bu məsələdə də öndə oldu.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı, kosmik sənayenin yaradılması, peyklərin orbitə buraxılması müharibəyə qədərki dövrdə öz xüsusi və strateji əhəmiyyəti ilə seçilən ən mühüm işlərdəndir. Bu, ilk növbədə informasiya təhlükəsizliyini təmin etməklə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığını aradan qaldırır. Bu peyklər eyni zamanda müdafiə və təhlükəsizlik məsələlərinə də xidmət etdiyindən 44 günlük Vətən müharibəsi zamanı da kosmik proqramın yaratdığı imkanlardan istifadə olundu. Ermənistanın öz xalqına və dünya ictimaiyyətinə çatdırmaq istədiyi feyk xəbərlərin (Fake news) qarşısını almaqda, cəbhədəki mövcud vəziyyəti dəqiq görüntülərlə müşahidə etməkdə, törədilə biləcək təxribatları vaxtında zərərsizləşdirməkdə və s. bu kimi digər strateji mahiyyət kəsb edən əməliyyatların həyata keçirilməsində peyklərin rolu ölçüyəgəlməzdir.

Vaxtilə "Azerspace-1", "Azerspace-2" və "Azersky" peykləri orbitə buraxılanda buna açıq etiraz edənlər də vardı. Ancaq müharibə digər sahələrdə olduğu kimi, bir daha təsdiq etdi ki, bu, çox uzaqgörənliklə gələcəyə, böyük hədəflərə hesablanmış bir layihədir. Prezident İlham Əliyev texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri xüsusi qeyd edərək demişdir: "Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi".

Bu gün Azərbaycanın dünya kosmik ailəsinin bir üzvünə çevrilməsi, ölkəmizdə kosmik sənayenin inkişafı peyk xidmətlərinin ixracına, dünyanın istənilən nöqtəsində etibarlı məlumatın ötürülməsinə, yüksəkkeyfiyyətli peyk təsvirlərinin təqdiminə, qeyri-neft sektorunun hərtərəfli bərpası və inkişafına çox böyük təkan verir.

Müasir döyüş növlərinin fövqündə duran bir müharibə aparan Azərbaycan terrorçu dövlət olan düşmənimizdən fərqli olaraq mülki vətəndaşları, mülki infrastrukturu hədəf seçmədən legitim hərbi hədəfləri vurmaqla qisasını hərb meydanında alırdı.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinə məxsus qabaqcıl döyüş təcrübəsi dünyanın hərb məktəblərində öyrənilməklə tədqiqatlar aparılır. Bunlar tədris kitablarında, təlimlərdə öz əksini tapacaq. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq Azərbaycan təcrübəsini öyrənirlər. Çünki ordumuz nümunə olacaq “Əsrin müharibəsi”ni aparırdı. Bu müharibə müxtəlif növ pilotsuz uçuş aparatlarının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırılmaqla intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı nümunəvi müharibə kimi hərb tarixinə “Əsrin müharibəsi” adı ilə yazıldı.

 

Dünya Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi şücaətin şahidi oldu. Döyüşlərdə yüksək fədakarlıq göstərən Ordumuzun hər bir üzvü ona verilən tapşırığı böyük həvəslə və qürurla icra etməklə, döyüş meydanında Azərbaycan əsgəri adını, üçrəngli bayrağımızı şərəflə, məğrurluqla daha da zirvələrə daşıdı.

 

Qeyd etdiyimiz kimi, rəqəmsal texnologiyaların tətbiqi ilə işləyən müasir hərb texnikasının əsasında aparılan hibrid (havada və quruda) müharibənin üstünlükləri göz önündədir. İndiki zamanda -  XXI əsrdə göylərdə üstün olmadan yerlərdə nəyəsə nail olmaq mümkün deyil. Nə qədər mükəmməl quru döyüş texnikası (məsələn, tanklar) olsa belə. İndiki dövrdə tanklarla ancaq lokal və məhəlli döyüşlərdə effekt əldə etmək olar. Tankların aktivliyi dövrü 1943-cü ildə həmin dövr üçün modern döyüş texnikası hesab olunan "katyuşa"nın hərb meydanında geniş mənada praktik istismarından sonra, demək olar ki, sona çatdı.

Zəfərimizi təmin edən növbəti amillərə keçmədən öncə məşhur sərkərdə Suvorovun bir kəlamını xatırlayaq: “Müharibəyə hazırlaşan ölkə ilk növbədə özünə müttəfiqlər tapmalıdır”. Azərbaycan da öz müttəfiqlərini artıq müəyyənləşdirmişdir. Yaranmış diplomatik mühit, qonşu ölkələrlə və aparıcı dövlətlərin liderləri ilə olan əlaqələr, danışıqlar və görüşlər səmərəsiz olmadı. Əksər ölkələr bu müharibəni Azərbaycanın daxili işi olduğunu əsas tutaraq, demək olar ki, neytrallıq nümayiş etdirməklə dəstəyini ifadə etdilər. Düşmən tərəf müxtəlif yollarla, bəhanələrlə, formalarda münaqişəyə üçüncü tərəfi cəlb etməyə çalışsa da, nail ola bilmədi. Bu yöndə Rusiya Prezidenti V.Putinin "Rossiya-1" telekanalına müsahibəsində (08.10.2020) bildirirdi: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Lakin biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir, bu əməliyyatlar Ermənistan ərazisində aparılmır". Bununla da Paşinyanın ümidləri puça çıxmaqla ilğım kimi yox oldu. Bir çox ölkələrdən, xüsusən də həmsədrlərdən gözləntiləri özünü doğrultmadı.

Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası, mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edirdi.

İri infrastruktur neft-qaz layihələrinin həyata keçirilməsi və bu layihələrdən gələn əhəmiyyətli həcmdə gəlirlər Azərbaycanın inkişafına yönəlsə də, böyük təxsisatlar məhz orduya yönəldildi. Bu səbəbdən də bugünkü Azərbaycan Ordusu yaxşı təchiz olunub, o layiqli rəqib və regionda ən yaxşı ordu olmaqla dünyanın ən güclü ordularındandır.

Ermənistan ordusu isə müharibə qayda-qanunlarına, beynəlxalq normalara zidd olaraq mülki əhalinin yaşadığı kənd və qəsəbələri ağır artilleriyadan istifadə etməklə atəşə tutur, xarakterlərinə hopmuş xisləti ilə terror aktları törədirdi, yəni dinc əhaliyə ziyan vurmaq kimi alçaq hərəkətlərə əl atmaqla çaşqınlıq yaratmaq, Ordumuzun əks-hücumunu dayandırmağa nail olmaq istəyirdilər. Mülki şəxslərə zorakılıq göstərmək, onlara qarşı atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti olduğu bəllidir. Ermənistan ordusunun belə çirkin əməllərə əl atması acizlik və eyni zamanda Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayəti, rejimin faşist mahiyyətinin göstəcisi idi.

44 günlük Vətən müharibəsi dövründə humanitar atəşkəs razılaşdırılsa da, Ermənistan əməl etməyərək həm təmas xətti boyunca yerləşən yaşayış məntəqələrini, həm də təmas xəttindən 100 kilometrlərlə uzaqlıqda yerləşən yaşayış məntəqələrini (Mingəçevir, Gəncə kimi iri şəhərləri də) atəşə tutmaqla mülki əhaliyə qarşı vandalizm aktı törədib hansısa məqsədə nail olacağına ümid edirdi. Bunun əksinə olaraq, Azərbaycan tərəfi isə müxtəlif səviyyələrdə bəyan etmişdir ki, - "Biz Ermənistan silahlı qüvvələri ilə mübarizə aparırıq, mülki əhali hədəfimiz deyil".

1949-cu ildə qəbul edilən Cenevrə Konvensiyasının müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 18-ci maddəsində deyilir ki, heç bir halda münaqişə tərəfləri mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi bunlara və digər beynəlxalq norma və prinsiplərə əməl etməyərək mülki vətəndaşlara qarşı cinayət törətməkdə davam edirdi. Əhalinin kompakt olduğu məntəqələr, rayon və kənd mərkəzləri, xəstəxanalar, məktəb binaları və uşaq bağçaları hədəf kimi seçilirdi. Bunları nəzərə alan Azərbaycan ziyalıları və vətəndaş cəmiyyətinin üzvləri BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması, Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın ərazisini tərk etməsi tələbi ilə beynəlxalq və regional təşkilatlara müraciət ünvanladılar.

Müharibə dövründə Ermənistan silahlı qüvvələri Azərbaycanın döyüş zonasından kənardakı şəhərlərinə raket və artilleriya vasitələri ilə hücum etməklə, böyük cəhdlə və vasitələrlə çalışırdı ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Cəfakeşliklə hər şeyə əl atsa da, buna nail ola bilmədi.

Dünya Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi şücaətin şahidi oldu. Döyüşlərdə yüksək fədakarlıq göstərən Ordumuzun hər bir üzvü ona verilən tapşırığı böyük həvəslə və qürurla icra etməklə, döyüş meydanında Azərbaycan əsgəri adını, üçrəngli bayrağımızı şərəflə, məğrurluqla daha da zirvələrə daşıdı.

(davamı növbəti saylarımızda)

Hümbət MUSAYEV.