Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə mühüm miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan “Kağızın icadı”nı oxuculara təqdim edirik.

“Respublika”.

 

Kağızın icadı

Bəzən zərurətdən, bəzən isə qəribə təsadüflər nəticəsində edilən kəşflər həm  o dövrdə yaşayan insanların, həm də sonrakı nəsillərin yaşamına təsir edərək, bəşəriyyətin formalaşmasında böyük rol oynamışdır. Kağızın icadı da, belə ixtiralardan biridir. Onun icadı ən az yazının və əlifbanın icadı qədər bəşər tarixini kökündən dəyişdirən sivilizasiyanın ən mühüm təməl daşlarındandır. Bəşəriyyət, cəmiyyətin mədəni  inkişafı və tərəqqisində böyük rol oynayan bu ixtira, tarixin gedişatına təsir edərək, dünyanın gələcəyini dəyişdirmişdir. 

Əsrlər boyu texnologiyaya  potensial təsir edən kağız sivilizasiyanın formalaşmasında  mühüm əhəmiyyət kəsb etmiş, bir sıra sahələrin inkişafına yol açmışdır. Belə ki, istehsalatın demək olar ki,  bütün sahələrində istifadə olunan kağız hazırda  dünyada insanların ən çox istifadə etdiyi sənaye məhsuludur. Ondan hazırlanan məhsullar gündəlik həyatımızda önəmli yer tutur. Xüsusilə elm və təhsil ocaqları, nəşriyyatlar, mətbu orqanlar, həmçinin yüngül və yeyinti sənayesində kağız və ondan hazırlanan məhsullara böyük ehtiyac var.

Bu gün bəşəriyyəti kağızsız təsəvvür etmək qeyri-mümkündür. Belə ki, hazırkı texnologiya və məişətin bir çox sahələrində geniş istifadə olunan kağızın alınma üsulu da insanın inkişaf edən şüuru sayəsində  təkamül edərək get-gedə müasirləşmişdir.

Hazırda hər hansı bir informasiyanı əldə etmək üçün daha çox rəqəmsal texnologiyalardan istifadə etsək də, keçmiş dövrlərdə məlumatların ötürülməsinin ən asan və qalıcı yolu kağız üzərində yazı yazmaq idi. Qədim  insanlar kağız ixtira olunmamışdan əvvəl yazı yazmaq üçün müxtəlif  materiallardan istifadə etsələr də, bu onlara müəyyən çətinliklər yaradırdı. Lakin kağızın əldə edilməsindən sonra öyrəndiklərini və ya bildiklərini sonrakı nəsillərə  daha asanlıqla ötürə bilmişdilər. Bəlkə də bu icad edilməsəydi,  sivilizasiya bugünkü səviyyədə inkişaf etməz, ən əsası isə keçmişdə nələr yaşandığını, yəni tarixi öyrənə bilməzdik.

Bəs biliklərin nəsildən-nəslə ötürülməsi ilə elm, incəsənət, mədəniyyət və texnologiyanın inkişafına böyük töhfələr verən kağız, nə vaxtdan istifadə olunmağa başlayıb? Onu kim icad edib və əvvəllər kağız əvəzinə  hansı materiallardan istifadə olunurdu?

Maraqlı və zəngin tarixi yol keçən müasir kağızın təkamülü prosesində  bir sıra amillər mühüm rol oynamışdır. Bu təbii amillər sırasında ilkin olaraq əlifbanın və yazının rolu danılmazdır. Bəşər sivilizasiyasında  fikirlərini  ifadə etmək üçün müxtəlif vasitələrdən istifadə edən insanlar ilk yazılarını daş, gil lövhələr, metal, ağac, sümük, bitki və heyvan dərisinin üzərinə həkk etmişdilər.

Kağız icad olunana qədər yazıb-oxumağı bacarmayan insanlar fikirlərini torpağın üzərinə cızma-qara etməklə çatdırırdılar. Amma bu yazı külək və yağış vasitəsilə tez pozulurdu. Sonra insanlar qərara aldılar ki, başqa nə isə fikirləşib tapmalıdırlar. Daşın üzərinə yazmaq qərarına gəldilər. İtiuclu, möhkəm bir əşya ilə yazı yazmaq da çətinlik yaradırdı. Sonralar Mesopotamiyada daşı gil lövhələrlə əvəz etdilər. Gil isə yalnız yaş olanda onun üzərində yazmaq asan olurdu. Bu səbəbdən də, gil lövhəni qurudub saxlayırdılar. Gil lövhələr çox ağır olduğundan onu saxlamaq üçün böyük yer tapmaq lazım gəlirdi. Eramızdan əvvəlki IV-III minilliklərdə qədim misirlilər yazı üçün daha asan yol tapdılar: onlar papirusu icad etdilər.

Nil çayı vadisi boyunca yetişən, qamışa bənzər bitkidən əmələ gələn bu material əsl yazı vasitəsi kimi çox yaşaya bilmədi. Belə ki, sonralar onu kiçik Asiyanın Perqama şəhərində meydana gələn daha möhkəm və uzunömürlü edən perqament əvəz etdi. Heyvan dərisindən hazırlanan bu material da zaman keçdikcə yerini başqa bir vasitəyə - bu gün istifadə etdiyimiz kağıza verdi.

Kağızın meydana gəlməsi haqqında ilk məlumat eramızın I-II əsrlərinə aiddir. Tarixi faktlara əsasən  ilk kağız materialı Çində kəşf edilmişdir. Belə ki, kağız ilk olaraq 105-ci ildə  çinli dövlət məmuru Çay Lun tərəfindən icad olunmuşdur. Əslində onun çinlilər tərəfindən kəşf olunması heç də təsadüfi deyildir. Çünki bu ölkə artıq lap qədim dövrlərdən dövlət idarəçilik sistemində kağızsız, yazılı məlumatlarsız keçinməyən dövlət olmuşdur. Elə bu səbəbdən də orada kağıza, yazı işlərini həyata keçirmək üçün lazım olan ucuz  materiallara tələbat yüksək idi.

Məlumdur ki, qədim Çin məktəblərində əsas diqqət heroqliflərdən ibarət yazıların öyrənilməsinə verilirdi. Çin dilində əlifba yoxdur: hər bir əşya, hər bir ifadə yazıda xüsusi işarə - heroqlif və ya bir neçə heroqlifin birləşməsi ilə ifadə olunur ki, onlar da müxtəlif cizgilər və ştrixlərdən tərtib olunur. Çin heroqliflərinin ümumi sayı 80000 olduğu üçün  bu qədər  sayda yazı işarələrini əzbərləmək və yadda saxlamaq  isə xeyli zaman və iti yaddaş  tələb edirdi.  Kağızı Çay Luna qədər Çində çətənənin gövdəsindən olan ipəkli kütlədən, daha əvvəllər isə ipəyin özündən hazırlayırdılar. Çay Lun isə konkret olaraq kağızın biokütlələrin lifli hissəcikləri hesabına əmələ gələn suspenziyasından sənaye üsulu ilə alınmasını kəşf etmişdir. Biokütlə kimi tut ağacı (baramaqurdu kimi) ipəyi, bambuk zoğları, saman, bitki mənşəli tullantılar, ot, yosun və s. istifadə olunmuşdur.

Sözügedən biokütlələr maye halına salınmış, toz şəklinə gətirilən bambuk ağacı  süzülmə prosesindən keçirildikdən sonra isə yerdə qalan  qatı hissəsi qurudulmuş və  preslənərək kağız materialına çevrilmişdir. Mayedən ayrılan hissə günəş altında qurudulduqdan sonra hamar daşlar altına qoyularaq sıxılmış və nəticədə kifayət qədər möhkəm kağız vərəqlər alınmışdır. Sonrakı gedişatda kağız kütləsinin möhkəmliyini artırmaq məqsədilə isə nişasta, yapışqan və təbii rəngvericilər qatılaraq kağız məmulatı hazırlanmışdır.

Təbii ki, ilkin formasında bəsit və keyfiyyətsiz olan kağız sonradan  təkmilləşmişdir. Kağız  Çində müxtəlif növ və rənglərdə istehsal edilsə də, çinlilər  uzun müddət, təxminən VIII əsrin ortalarınadək  onun əldə edilmə üsulunu gizli saxlamağa müvəffəq olmuşdular. Onlar monopoliyanı saxlamaq üçün  çalışırdılar ki, digər Asiya ölkələrində kağızın istehsalına yol verməsinlər. Amma bizim eradan əvvəl 751-ci ildə ərəblər Səmərqəndi ələ keçirərkən bu sirri əsirlərdən öyrənirlər. Belə ki, Tyan-Şan dağlarının ətəyində  bir neçə  çinli kağız sənətkarını əsir götürən ərəblər  emalın sirrini öyrənməyə müvəffəq olurlar. Əslində ərəblər də bu  sirri saxlamaq niyyətində olmuşdular. Amma onlar da bunu uzun müddət  gizli saxlaya bilməmişdilər. Sonralar Səmərqənddə kağız fabriki tikdirilmiş və uzun müddət buranın  kağızı dünyanın  ən keyfiyyətli kağızı hesab olunmuşdur.

Bu nailiyyət digər ölkələri də belə bir addım atmağa sövq etmişdir. Bir müddət Səmərqənd kağızı Şərqin mədəni ölkələrində geniş yayılsa da, nəhayət, 793-cü ildə Bağdadda, 900-cü ildə isə Misirdə kağız istehsal edilməyə başlanmışdır. 

Daha sonra kağız istehsalı dünyanın başqa ölkələrinə də  yayılmışdır. Təxminən X əsrdə Avropa ölkələrinə, o cümlədən Rusiyaya keçmişdir. Kağızın meydana gəlməsi əlyazma kitablarının yaranmasına və geniş yayılmasına da müsbət təsir göstərmişdir. Lakin mütaliəyə maraq artdıqca əlyazma kitabları oxucuların tələbatını ödəyə bilmirdi. Ona görə də insanlar kitab istehsalını sürətləndirmək, onu mexanikiləşdirmək üçün  uzunmüddətli axtarışlara başlamışdılar.

Avropa xalqları arasında kağız istehsalını ilk olaraq ispanlar mənimsəmişdilər. İtaliyada onun istehsalına 1154-cü ildə, Almaniyada 1228-ci ildə, İngiltərədə isə 1309-cu ildə başlanmışdır.

Azərbaycanda isə kağız istehsalına Avropadan xeyli qabaq başlanmış, IX əsrin sonunda Xunəc şəhərində kağız fabriki fəaliyyət göstərmişdir. Sonralar bu şəhər Kağızkunan adlandırılmışdır. Böyük mütəfəkkir Fəzlullah Rəşidəddin də Təbriz yaxınlığında kağız fabriki tikdirmişdir.

Beləliklə, kağızın tarixi və erası belə başlanmışdır. İllər keçdikcə hər bir ölkə də kağızın istehsal texnologiyasında az-çox özünəməxsus yeniliklərini əlavə etmiş və get-gedə formalaşan bu vasitə öz təkamül dövrünü keçərək bugünkü formaya gəlib çıxmışdır. Məsələn, yenilikçi italyanlar kağız üçün su işarələri tətbiq etmiş, onun yapışması üçün isə  heyvan mənşəli yapışdırıcılarından istifadə etmişlər.

Bununla belə, III-IV əsrlərə qədər mövcud olan yazı üçün hazırlanmış bütün materiallar sıradan çıxmış və bugünkü kağızla əvəz olunmuşdur. Amma bəşəriyyət tarixinə Çay Lunun adı tam əsasla dünya mədəniyyətinə misilsiz töhfə verən bir ixtiraçı, yəni, kağızı kəşf etmiş nəhəng bir alim kimi düşmüşdür.

Xüsusilə qeyd olunmalıdır ki, kağızın əldə edilməsi təkcə Çinin deyil, bütün bəşər mədəniyyətinə təkzibolunmaz bir kəşf kimi daxil olmuş və indiyə qədər  əvəzolunmaz yazı vəsaiti olaraq qalmaqdadır.

Hazırladı: 

Elenora HƏSƏNOVA,

"Respublika".