İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Qalib sablya üzrə qadınlardan ibarət millimiz

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşündə  qızıl medal uğrunda Özbəkistan seçməsi ilə qarşılaşıb. Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan İslamiadanın qalibi olub.

 

Şpaqaçı Ruslan Həsənovdan gümüş medal

Azərbaycan şpaqaçısı Ruslan Həsənov V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

O, finalda qırğızıstanlı Roman Petrova 12:15 hesabı ilə uduzaraq 2-ci yeri tutub.

Daha bir cüdoçumuz gümüş

medalla kifayətlənib

Azərbaycanlı cüdoçu Nəriman Mirzəyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

İdmançımız qızıl medal uğrunda qarşılaşmada özbəkistanlı Şakram Ahadovla görüşüb.

Rəqibinə cərimə xalı ilə uduzan N.Mirzəyev gümüş medalla kifayətlənib.

 

Komandamızdan atıcılıq üzrə ilk mükafat

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.

Komandamız atıcılıq üzrə ilk medalını qazanıb. Belə ki, stend atıcımız Nurlana Cəfərova İslamiadanın gümüş medalını qazanıb. O, skit reytinq yarışlarında ikinci nəticə göstərib.

 

Cüdoçumuz Oyunların qalibi olub

Cüdoçularımızın V İslam Həmrəyliyi Oyunlarında mübarizəsi davam edir.

Təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) uğurla çıxış edərək qızıl medal qazanıb. Komandamızın digər üzvü Könül Əliyeva (48 kq) İslamiadanın gümüş medalına sahib olub. Nəriman Mirzəyevin (73 kq) qızıl, Telman Vəliyevin (73 kq) isə bürünc medal uğrunda mübarizəsi davam edir.

Para-stolüstü tennis komandası bürünc medala yiyələnib

Azərbaycan komandası V İslam Həmrəyliyi Oyunlarında aktivinə daha bir medal yazdırıb. Azərbaycanın para-stolüstü tennis komandası bürünc medala sahib olub.

 

Qadın voleybolçularımızın bürünc medalı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın voleybolçularından ibarət millisi üçüncü yeri tutub.

Komandamız bürünc medal uğrunda Kamerunla mübarizə aparıb. Görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağırlıqqaldırma üzrə idmançımız fəxri kürsünün ikinci pilləsində

Ağırlıqqaldırma üzrə 102 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan Dadaş Dadaşbəyli birdən qaldırmada (174 kq) gümüş medal qazanıb.

 

Üzgüçümüz gümüş medala layiq  görülüb

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında üzgüçümüz Məryəm Şeyxəlizadəxangah uğurla çıxış edərək 50 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında gümüş medal qazanıb.

 

Qılıncoynadanlarımız yarışlarda 3 medal əldə ediblər

5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın sablya növündə qadınların şəxsi yarışına yekun vurulub.

Finalda Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Türkiyə təmsilçisi İrina Şçuklaya 14:15 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb. Yarımfinalda Palina Kaspiaroviçə 9:15 hesabı ilə məğlub olan Səbinə Kərimova və İrina Şçuklaya 10:15 hesabı ilə uduzan Valeriya Bolşakova isə 5-ci İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıblar.

 

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız qızıl medal qazanıb

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız V İslamiadada qızıl medal qazanıb.

Komandamızın 3 lent və 2 topla çıxışı hakimlər tərəfindən 30,300 xalla qiymətləndirilib. Bütün rəqiblərini qabaqlayan yığmamız V İslamiadada birinci olub.

Qadın həndbolçularımız

ikinci pillədə qərarlaşıb

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi gümüş medal qazanıb.

Yığma komandamız həlledici oyunda Türkiyə seçməsi ilə üz-üzə gəlib. Görüşdə millimiz 24:30 hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.

 Nərgiz İSMAYILOVA,

"Respublika".