Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Günəş batareyalarında pomidordan istifadə ediləcək

Çinin Jilin Universitetinin tədqiqatçıları günəş enerjisində istifadə olunan materialların davamlılığını artırmaq üçün maraqlı bir üsula əl atıblar. Bir qrup tədqiqatçı, xüsusilə pomidorun və bu kimi qırmızı rəngli bitkilərin tərkibində olan likopen adlı piqmenti perovskit əsaslı günəş batareyalarına əlavə etməklə onların səmərəliliyini, davamlılığını artırmaq fikrinə düşüblər. Alimlər bu üsuldan istifadə etməklə günəş batareyalarının ətraf mühitə qarşı həssaslığını daha da artıra biləcəklərini düşünürlər.

Bəzi qırmızı meyvələr, xüsusilə də bişmiş pomidor və qarpızın tərkibində olan, güclü antioksidant təsirə malik likopenin dərini günəşin zərərli (UV) şüalarından qoruduğu məlumdur. Bu piqment ultrabənövşəyi şüaların yaratdığı sərbəst radikallara bağlanaraq dəri toxumasını hüceyrə zədələnməsindən qoruyur. Bundan ilhamlanan alimlər, likopenin UV radiasiyasına və havada oksigenə məruz qalan perovskit günəş batareyalarında da eyni şəkildə hərəkət edərək onların parçalanmasını ləngidə biləcəyinə inanırlar. Elm adamları bu şəkildə modifikasiya edilmiş günəş batareyalarının nəinki daha davamlı, həm də daha səmərəli olacağına ümüd edirlər.

Tədqiqatçılar bu üsulla enerji çevrilməsinin səmərəliliyinin 20,57 faizdən 23,62 faizə qədər yüksələrək, nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını qeyd ediblər. Bundan əlavə, likopenin ultrabənövşəyi şüaların yaratdığı sərbəst radikalları da təmizləyə biləcəyi qeyd edilib.

Lakin alimlər üsulun nə dərəcə səmərəli olub-olmamasını bilmək üçün 30 illik sınaq müddətini gözləməli olacaqlarını bildiriblər.

İnformasiya "Nature Communication" jurnalında dərc edilib.

 

Smartfonlar üçün printer gəlir...

"FUJIFILM" şirkəti ağıllı telefonlar üçün "instax mini Link 2" adlı yeni printerini təqdim edib.

Yeni cihaz, fərdiləşdirilə bilən çərçivələr, mükəmməl görüntü effekti, havada çəkim və çap imkanları, o cümlədən yaradıcılığı dəstəkləmək üçün dizayn edilmiş AR rəsm rejimi də daxil olmaqla bir sıra unikal xüsusiyyətləri ilə istifadəçilərlərinin görüşünə hazırlaşır.

Yığcam, yüngül və zolaqlı dizayna malik "instax mini Link 2", smartfonlarla yanaşı, "FUJIFILM X-S10" adlı güzgüsüz rəqəmsal fotoaparatı ilə də uyğun kamera inteqrasiyasını təmin edir. Cihaz cəmi bir dəfə şarj edilməklə təxminən 100 ədəd civarında mini mətni çap edə bilir.

"instaxAiR" kimi son dərəcə innovativ, əyləncəli və interaktiv proqram sayəsində istifadəçiləri ruhlandırmağın yeni yollarını kəşf edirik", - deyə "FUJIFILM"in baş vitse-prezidenti Şin Udono öz açıqlamasında qeyd edib.

Cihazın həyəcanverici xüsusiyyətlərindən biri də pulsuz əlavə oluna bilən "instaxAiR" tətbiqidir. Tətbiq istifadəçilərə çap zamanı müxtəlif cür qabarcıqlar, çiçək ləçəkləri, neon, sprey boya və ya parıltı kimi vektorial effektlərdən yararlanmaq imkanı verir.

İstifadəçilərin iki fərqli şəkil rejimi arasında seçim etmə imkanı da var: daha dərin və zəngin rənglər üçün "instax-Rich", orijinal şəkil üçün isə "instax-Natural" rejimi. Bu tətbiq vasitəsilə şəkillərin parlaqlığı, kontrastı tənzimlənərək təkmilləşdirilə bilər. Bundan əlavə, tətbiq həmçinin istifadəçilərə səkkizə qədər fotoşəkili bir instax çap kollajında birləşdirmək imkanı da verir.

İnformasiya" TechXplore" veb saytında yayımlanıb.

 

Robot balıqlar okeanı təmizləyəcək

Elm dünyasının bu dəfəki yeniliyi okeandakı yaşamı təhdid edən problemlərin sonunu gətirə bilər. Belə ki, həm okean sularını, həm də orada yaşayan canlıları zərərverici, mikro plastik çirkləndiricilərdən xilas etmək üçün yola çıxan alimlər kiçik robot balıqlar hazırlayıblar.

"Science news" jurnalında yayımlanan xəbərə görə, Sichuan Universitetinin Polimer Tədqiqat İnstitutunun alimləri zərərli mikroplastikləri təmizləmək məqsədilə suda üzə, öz-özünə hərəkət edə bilən robot balıq ərsəyə gətiriblər. Xüsusi bir bəslənməyə və qəlsəməyə ehtiyacı olmayan bu balıqların funksiyası su hövzələrindən sadəcə, mikroplastikləri toplamaq olacaq.

Uzunluğu 13 millimetr, saniyədə isə təxminən 30 millimetr sürətlə üzə bilən bionik canlı təbiətdən ilhamlanmış materiallardan hazırlanıb. İstiridyə qabıqlarının daxili təbəqəsinin yumşaqlığı, elastikliyi və davamlılığına malik olan robot balıqlar sərt sulara tab gətirə bilmək üçün nəzərdə tutulub və hər hansı bir problem zamanı isə vücudunun təxminən 89 faizi özünü bərpa edə bilir.

Hələ ki, sınaq mərhələsində olan robotun suyun altındakı çətinliklərə uyğunlaşması və davam gətirməsi üçün daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

 

Bu dəfə kosmosa hamster səyahət etdi

Bu yaxınlarda Yaponiyanın "KK İwaya Giken" şirkəti maraqlı bir təcrübə ilə gündəmə gəlib. Heyrətləndirici bir ilkə imza atan şirkət, kosmosa hamster göndərib. Xüsusi bir kabinəyə yerləşdirilən gəmirici hava şarı ilə 23 kilometr yüksəkliyə qədər qalxmaqla bir çox insanın bacara bilmədiyini edib və planetimizi stratosferdən seyr edərək sağ-salamat geri dönüb. Bu uğurlu təcrübənin insanların da şarlardan istifadə edərək kosmosa səyahət etmələrinə yol açacağı düşünülür.

"Daily Star"ın xəbərinə görə, şirkət gəmiricinin rahatlığı üçün xüsusi bir kosmik kabinə hazırlayıb. Okinava əyalətindəki Miyakojimadan kosmosa buraxılan səyahətçi saatda 6,3 metr sürətlə Yer atmosferinin ikinci qatına, 23 kilometr yüksəkliyə qalxıb.

Hündürlüyü 60, eni isə 50 santimetr olan silindr şəklində olan dolabın içərisinə nəzarət sensorları yerləşdirilərək oksigen səviyyəsi, temperatur və təzyiqə nəzarət edilib. Qeyd edək ki, səfərdən sonra hamster, kabinəsi və şarı ilə birlikdə Yaponiyanın Miyako adası yaxınlığındakı dənizə düşüb. Daha sonra alimlər tərəfindən xilas edilən gəmiricinin səhhətinin yaxşı olduğu bildirilib.

Şirkət rəsmisi bu uğurlu təcrübənin gələcəkdə kosmosa şarla səyahətlərə yol açacağını qeyd edib. Bundan əlavə, 25 kilometr yüksəkliyə qədər insanlı uçuşun planlaşdırıldığı da vurğulanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".