Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

«Capital Gate» göydələni

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə inşa olunmuş «Capital Gate» göydələni memarlıq üslubuna görə dünyanın qeyri-adi və unikal binalarındandır. Görünüşü ilə hər kəsi heyran edən binanın baş memarı Neylom Van Der Vin 2007-ci ildə binanın inşasına başlamış və tikinti 4 il davam etmişdir. Əyilmə bucağına görə  məşhur Piza Qülləsini keçən və dünyanın ən hündür tikililəri sırasında olan «Capital Gate»nin hündürlüyü 160 metrdir. Yaxın Şərqdə ilk dəfə məhz bu binanın tikintisində diaqonal şəbəkə texnologiyasından istifadə olunmuşdur ki, bu da küləyi və seysmik təzyiqi yönləndirmək üçün əsas vasitədir.  

Dekonstruktivizm üslubunda tikilən binanı daha dayanıqlı etmək üçün 30 metr dərinliyə 490 polad armatur basdıran mühəndislər yükün bərabər paylanmasına kömək edən və qüllənin düşməsinin qarşısını alan 8,5 min künc lövlə və 700-dən çox şüşə paneldən istifadə etmişlər. Binada həmçinin, hündürlüyü 60 metr olan konusvari atrium da var.  Binanın daha gözəgəlimli olması üçün şüşə panellərə üçbucaq forma verilmişdir. 12000-dən çox şüşə elementlərin hər birinin çəkisi 5 tondur. Qüllələrin fasadları elə hazırlanmışdır ki, kondisionerlərdən istifadə etmədən otaqları sərin saxlamaq, havalandırmanı təmin etmək və süni işıqlandırmanı minimuma endirmək mümkündür.

Dünyada analoqu olmayan «Capital Gate» göydələni 2010-cu ildə -hələ tikintisi başa çatmamış artıq Ginnesin rekordlar kitabına daxil edilmişdir. 35 mərtəbəli binanın 18-ci mərtəbəsinə qədər ofislər, yuxarı mərtəbələrdə isə dünyanın ən bahalı otellərindən biri yerləşir.

 

Milanın evi

Kataloniya əyalətinin inzibati mərkəzi sayılan Barselona şəhərində inşa edilən «Kasa Mila» binası tanınmış memar Antonio Qaudinin son layihəsidir. Memarlığın şedevri hesab edilən bu tikili Barselonanın  məşhur  və mənzərəli tikililərindən biridir. Binanın Milanın evi adlandırılması təsadüfi deyil. Deyilənlərə görə, binanı tekstil memar A.Qaudiyə maqnatı və siyasətçi Pere Mila Kamps sifariş vermişdir. Binanın bir neçə mərtəbəsi  sifarişçi Milanın ailə üzvləri, qalan mərtəbələr isə kirayə vermək üçün nəzərdə tutulmuşdur. Lakin tikinti zamanı Pere Milanın maddi vəziyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşür, buna səbəb isə binanın hündürlüyünün və eninin qəbul olunmuş standartları aşmasına görə Barselona rəhbərliyi tərəfindən dəfələrlə cərimələnməsi olmuşdur. Sifarişçi ilə fikir ayrılıqları səbəbindən memar Qaudi də 1909-cu ildə layihəyə rəhbərlik etməkdən imtina edir və öz haqqını almaq üçün məhkəməyə baş vurmaq məcburiyyətində qalır. 

Modernizm üslubunda inşa edilən binanın daşıyıcı sütunlarının dəmir-betondan hazırlanması tikilinin dayaq divarlarına olan ehtiyacı aradan qaldırmışdı. Köçürülə bilən daxili arakəsmələrin yerini dəyişmək mümkün olduğundan ev sahibləri istənilən şəkildə evlərini dizayn edə bilirdilər. Binanın fasadı dəniz dalğasını, eyvanlarda əkilən bitkilər yosunu  xatırladır, dalğavari bir-birinə keçən xətlər isə daimi hərəkət illüziyasını yaradır. Binanın fasadında xarakterik elementlərindən olan dairəvi və elliptik formalar, mifoloji və dini mövzularda divar rəsmləri həkk olunub. Memar A.Qaudi bütün layihələrində olduğu kimi,  süni kondisioneri aradan qaldıran havalandırma sistemini də diqqətlə düşünmüşdür. Binaya giriş iki həyətdən keçdiyindən, onun strukturu təbii işığa və binanın bütün mərtəbələrinin havalandırılmasına kömək edir. Konusvari qüllələrin və keramik plitələrlə örtülmüş qəribə burulmuş sütunların birləşməsi qeyri-adi təəssürat yaradır. Evin damındakı terras isə xüsusilə diqqət çəkir.  İlk dəfə məhz bu binanın tikintisində istifadə olunan sütun formaları memarlıqda abstrakt üslubun yaranmasının xəbərçisidir.

Beləliklə, 1969-cu ildə İspaniyanın milli abidəsi kimi tanınan bina, 1984-cü ildə  XX əsrin ilk binası kimi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

 

«Niteroi» Müasir İncəsənət Muzeyi

Braziliyanın tanınmış və görməli yerlərindən olan «Niteroi» Müasir İncəsənət Muzeyi məşhur Latın Amerikalı memar Oskar Niemeyerin əsəridir. Uçan nəlbəki formasında tikilən binanın daxilində müasir incəsənət nümunələrinin – rəssamlıq, qrafika, heykəltəraşlıq, plastik və metal konsrtuksiyaların toplandığı böyük kolleksiya mövcuddur. Burada tanınmış kolleksiyaçı Joan Sattami 45 ildən çox topladığı 1200 əsərdən ibarət şəxsi kolleksiyasını sərgiləyir. 

Modern üslubda inşa edilən və  «uçan boşqab»ı xatırladan sahil qayalığında yerləşən möhtəşəm muzey beton və şüşədən hazırlanıb. «Niteroi» Müasir İncəsənət Muzeyinin tikintisi beş il çəkmiş və 1996-cı ildə tamamlanmışdı. 89 yaşlı memar bu layihəni həyata keçirərkən fikrini belə izah etmişdi: « Bir vaxtlar şəhərin üzərində uçan boşqab bu yerlərin gözəlliklərinə heyran olmuş və burada əbədi qalmaq  üçün yerə enərək müasir incəsənət muzeyinin əsasını qoymuşdu".

Girişdən qonaqlar geniş panoramik pəncərəsi olan nəhəng dairəvi zala daxil olurlar. Bina sudan 16 metr hündürlükdədir, “uçan boşqab”ın diametri isə 50 metrdir. Diametri 9 metr olan nazik ayağın üzərində quraşdırılmış silindrə bərkidilmiş nəhəng konstruksiya hovuzla əhatə olunur. Binanın ağappaq əksi suya düşdüyündən onu bəzən nəhəng çiçəyə bənzədirlər. İkimərtəbəli muzey kompleksinin birinci mərtəbəsində bar, restoran, kitabxana və geniş konfrans zalı yerləşir. Girişə çatmaq üçün ziyarətçilər 98 metr uzunluğunda qırmızı əyri enişlə binaya doğru gedirlər.

Hər kəsin marağına səbəb olan bu tikilini görmək üçün dünyanın hər yerindən bura minlərlə turist axın edir.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».