İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

U-17 yunan-Roma  güləşi üzrə yığmamız  Avropa çempionu olub

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub. Güləş tariximizdə növbəti parlaq nəticə qeydə alınıb. Belə ki, yeniyetmələrdən ibarət milli komandamız həm medalların sayına, həm də toplanan xallara görə rekord qazanıb.

Qitə birinciliyinə yollanan 10 idmançımızdan 8-i fəxri kürsüyə qalxıb. Fəraim Mustafayev (55 kq) və Məhəmməd Qasımzadə (60 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıb.

2 qızıl, 5 gümüş, 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə U-17 yığmamız 175 xalla Avropa çempionu olub. Xatırladaq ki, komandamız ötən il Bolqarıstanda keçirilən analoji yarışda 155 xalla Avropa çempionu olmuşdu.

 

Paraüzgüçümüz qızıl medal qazanıb

Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük üzrə yığma komandasının üzvü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

 "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarının qalibi olan Vəli İsrafilov 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışında 1 dəqiqə 05,66 saniyəlik nəticə göstərib.

Beləliklə, millimizin dünya çempionatında qazandığı medalların sayı 4-ə çatıb.

Qeyd edək ki, daha əvvəl üzgüçümüz Roman Saley dünya çempionatında 1 qızıl və 2 gümüş medal qazanmışdı.

 

Qahirədə idmançımızdan gümüş medal

 Azərbaycan təmsilçisi Murad Hacızadə (+84 kq) Misirin paytaxtı Qahirədə keçirilən Karate1 A Seriya turnirinin gümüş medalını qazanıb.

Finaladək 5 görüşdə Misir, Niderland və Xorvatiyadan olan rəqiblərinə xal vermədən irəliləyən idmançımız yerli karateçi ilə həlledici görüşdə gümüş medal qazanıb. Digər idmançılarımız Samir İbrahimov vsə Məcid Əmirov (hər ikisi -75 kq) turniri medalsız başa vurublar.

Nüfuzlu yarışda 70 ölkədən 862 karateçi iştirak edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".