Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Lotus məbədi

Hind memarlığının xarici aləmlə harmoniyası hər zaman insanları heyran etməyi bacarmışdır. Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan zəngin tarixi-mədəni irsi ilə seçilir. Nyu-Dehli şəhərində inşa edilən və bütün dinlərin vəhdətini təbliğ edən nəhəng memarlıq abidəsi --«Lotus məbədi» memar Fariborz Sahbanın şah əsərlərindən biridir.

Hündürlüyü 34 metrdən çox olan  bu unikal tikilinin nəhəng ləçəkləri betondan hazırlanmış,  eksteryeri  isə ağ mərmər plitələrlə örtülmüşdür.  Bəlkə də,  memar Fariborz Sahba  bilərəkdən məhz lotus çiçəyini əks etməklə insanlara «Tanrının yaratdığından daha mükəmməl heç nə ola bilməz» mesajını vermək istəmişdir. Abidənin  ətrafında doqquz böyük hovuz  quraşdıran memar  hər bir hovuzun arasından məbədə giriş üçün yol qoymuşdur. Mərkəzi zalının  diametri 75 metr, hündürlüyü  isə 31 metr olan binaya 1300 nəfərə qədər insan yerləşir.

6 ilə başa gələn məbədin  kompüter modelinin yaradılması iki il çəkmiş və tikintidə 800-dən çox insan iştirak etmişdir.  Bəhailərin nəhəng qızıl işarəsi istisna olmaqla binanın üzərində nə heykəl, nə freska, nə də stükkol vardır. Başqa məbədlərdə görməyə adət etdiyimiz  dinlə bağlı simvolik obrazlar  tikilinin nə fasadında, nə də interyerində  həkk olunub.  

Məbədin dizaynında düz xəttin olmaması, yalnız  hamar və əyri xətlərdən istifadə edilməsi  xüsusilə maraq doğurur. Təbii ventilyasiya sistemi isə qədim məbədlərin tikintisində istifadə olunan prinsiplər əsasında quraşdırılıb.

Lotus məbədinin ərazisində olan kiçik muzey ekspozisiyası fotoşəkillər, planlar və hətta istifadə olunan alətlər də nümayiş olunmaqla bu tikintinin necə ərsəyə gəldiyi barədə məlumat verir.  Onu da qeyd edək ki, gözəlliyi ilə seçilən bu heyrətamiz məbəd  bir neçə memarlıq mükafatına layiq görülmüşdür.

 

 «Sagrada Familia» müqəddəs ailə kilsəsi

İspaniyanın Barselona şəhərində yerləşən heyrətamiz tikili şəhərin ən nəhəng memarlıq abidələrindən biridir. Sagrada Familia məbədi 1882-ci ildə memar Fransisko de Villar tərəfindən neoqotika (klassik kompozisiyaların elementlərini özündə birləşdirən memarlıq üslubu) üslubunda hazırlanmışdır. Lakin bir il sonra F.Villar işdən uzaqlaşdığından, kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik etmişdir.

Qaudi qotik və neoqotik üslubları köhnəlmiş hesab edir, «barokko» (qeyri-adi, qəribə)  və «moorish» (Şərq ornamentlərini ehtiva edən) elementlərindən istifadə etməyə üstünlük verirdi. Layihənin detallarını əvvəlcədən düşünməyi sevməyən memarın fikirləri tez-tez dəyişir və bu səbəbdən inşaatçılar bəzən işləri dayandırmalı,  hətta binanın ayrı-ayrı hissələrini söküb yenidən qurmalı olurdular. Qaudi ideal hesab etdiyi təbii formaları əsas götürür, onların arasında ağac gövdəsinin və insan skeletinin quruluşunu xüsusilə qeyd edirdi. Məbədin əsas yükdaşıyan elementi sütunlardır. Onlar tağlara yaxınlaşdıqca budaqlanır, arasından günəş işığı keçən ağaclara bənzəyir və sanki meşə illüziyası yaradır. XX əsrin əvvəlləri binanın dizaynı memarlıqda bir  inqilaba səbəb olmuşdu. Məbədin bir hissəsində gecəni simvolizə edən mavi, yaşıl, bənövşəyi vitrajlar üstünlük təşkil edir, digər hissəsində isə şəfəqi simvollaşdıran rənglərin ahəngi göz oxşayır. Təbiətin çoxsaylı elementləri ilə bəzədilən qapıların üzərində müxtəlif növ həşəratlar və yaşıl sarmaşıqlar həkk olunmuşdur. Memar hər addımda təbiətlə insanın vəhdətini xarakterizə etmişdir.

 Sagrada Familia - dünyanın ən məşhur, uzun müddətdir tikilməkdə olan memarlıq abidəsi kimi heyrətamiz gözəlliyi ilə hər kəsin diqqətini cəlb edir. İnşaat işlərinin  2026-cı ilə qədər başa çatdırılması planlaşdırılır. Lakin ispanlar tələsmirlər, çünki məbədin tikintisi başa çatanda dünyanın sonunun gələcəyinə dair rəvayətinə inanırlar.

 

Daş ev

Portuqaliyanın Fafe şəhərindən 10 kilometr şimal-şərqdə, dağlıq ərazidə yerləşən ağlasığmaz quruluşa malik daş evin təbiətlə mükəmməl harmoniyası görənlərdə təəccüb doğurur. Fantastik görünüşə malik bu evin tikildiyi dağın hündürlüyü 793 metrdir. Dörd daşdan ibarət bloklar həm fundament,divar və tavan rolunu oynayır, həm də evi güclü küləklərdən qoruyur. Bu qəribə ev sanki daş dövrünə aid memarlıq abidəsidir.

Tikinti 1972-ci il Rodrigez tərəfindən insanlardan uzaqda istirahət etmək üçün bağ evi kimi nəzərdə tutulmuşdur. Lakin turistlərin  bu evə marağı  artdığına görə ev sahibi ailəsi ilə birlikdə evi tərk etmək məcburiyyətində qalmışdır.

Kənardan baxanda bu ev  nağıl  qəhrəmanları cırtdan və hobbitlərin məskəninə bənzəyir. Evin boşluqları daş bloklarla döşənib, pəncərə, dam örtüyü və qapı ilə təchiz edilib. Daxili dekorasiyasının davamı kimi ikinci mərtəbəyə qalxan pilləkənlər də daşların içinə həkk olunub. Daş evə yaxın məsafədə çoxlu yel dəyirmanları olsa da, evdə işıq yoxdur, işıqlandırma üçün yalnız şamdan istifadə olunur, otaqları isə daşlardan birində oyulmuş kaminlə qızdırılır. İki mərtəbədən ibarət olan evin içi rustik (sadə, rahat, çox sayda taxta və daş elementlər istifadə olunan) üslubda dizayn edilib, hündürlüyü isə təxminən 5,5 metrdir. Evi dələduzlardan qorumaq üçün Rodrigez qapı və pəncərələri güllə keçirməz materialdan konstruksiya etmişdir. «Möcüzə» evin hər otağı ayrı-ayrılıqda təkrarolunmaz formadadır, pəncərələri isə asimmetrik şəkildə kəsilib quraşdırılmışdır.

Bir müddət bina yerli muzey kimi istifadəyə verilərək orada ərazinin tarixi fotoşəkilləri və digər eksponatlar nümayiş etdirilib. Hər kəsi heyrətə gətirən bu qəribə ev dünyada üslubuna və görünüşünə görə populyarlıq qazanan memarlıq abidələri sırasındadır.

Hazırladı:

Arzu ASİFQIZI,

“Respublika”.