Dahiləri bir də belə tanıyaq
Maraqlı

Dahiləri bir də belə tanıyaq

Əzim Əzimzadə

Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açan Xalq rəssamı Əzim Əzimzadə... Bakının Novxanı kəndində dünyaya göz açan rəssamın babası Əbdüləzim kasıb bir bənna olub, atası Aslan kişi isə ailə peşəsini davam etdirərək bənnalıq edirmiş. Əbdüləzimin vəfatından sonra Aslan kişi ailəsi ilə birgə Bakıya köçməyə qərar verir. Kərbəlayı Aslanın beş övladı olsa da onlardan ancaq biri sağ qalmışdı. Ona da babasının adını qoyub, "Əzim" deyə çağırardılar. Yeddi yaşında ikən atası yeganə övladı Əzimi mollaxanaya yazdırıb. Balaca oğlan qısa müddətdə ərəb əlifbasını və "Quran"ı oxumağı öyrənib. Amma günlərin birində o mollaxanadan qovulub. Səbəb isə əlinə düşən rəngli karandaşlarla çəkdiyi rəsmlər olub. Bir neçə dəfə buna görə Əzimi tənbeh edən molla axırda təngə gəlib deyir, daha buralara gəlmə. Əzimin çəkdiyi rəsmlərdən təngə gələn tək molla deyildi. Bu balaca oğlanın məhəllədə bir parça kömürlə cızmaqara etmədiyi divar, səki qalmamışdı. Qonşular tez-tez ata-anasına şikayətə gələrdilər. Amma xeyri yox idi...

Atasından xəbərsiz daxil olduğu rus-tatar məktəbini əla qiymətlərlə başa vuranda müəllimlər onun istedadını görüb atasına məsləhət görmüşdülər ki, Əzim təhsilini yarımçıq qoymasın, onu başqa məktəbə də göndərsin. Kərbəlayı Aslan təklifi qəbul etməyib demişdi: "Mənim bir övladım var, razı olmaram ki, o, sabah gedib kafir cildinə girsin".

10 yaşından muzdlu əməklə məşğul olan balaca Əzim şəhərin varlılarından olan Ağabala Quliyevin tikdirdiyi evdə kuryerlik edib. Elə orada da Maslov soyadlı rus rəssamı ilə tanış olmuş, rəssama Ağabalanın evinin dekorativ şəkillərlə bəzəməsində yardımçı olmuşdur. Bir gün Ağabala Maslova dəyirmanın tarixi haqda rəsmlərini Parisdə Ümumdünya sərgisində nümayiş etdirməyi tapşırır. Maslov Əzimi də özünə yardımçı götürmək istəyir. Bunu eşidən Ağabala Əzimə bərk acıqlanır: "Ağlını başına yığ, sən müsəlman balasısan, fikrini ticarətə ver, rəssamlıq sənlik deyil". Amma Əzim Ağabalaya yox, öz ürəyinin səsinə qulaq asır...

Rəssam 23 yaşında ailə qurub. Həyat yoldaşı Səriyyə evdar qadın idi. Bu ailədə beş övlad böyüyüb: üçü oğlan - Abdulla, Həbib, Lətif, ikisi qız - Pəricahan, Sevda. Övladlardan yalnız Həbib atasının sənətini davam etdirib.

Rəssam həmişə lampa işığında işləməyi sevər, iş zamanı sakitliyə çox önəm verərmiş. Heyvan fiqurlarını çox xoşlayan rəssamın Qraf adlı  bir iti olub. Təsəvvür edin, həmin it poçtdan Əzimzadənin qonorarını gətirərmiş. Poçtda o iti hamı tanıyırmış. Qonorarı gələn kimi zəng edib Əzimzadəyə məlumat verirdilər, o da sədaqətli iti göndərərmiş...

Qonorardan söhbət düşmüşkən, Emin Sabitoğlunun atası, məşhur komediya müəllifi Sabit Rəhman Əzimzadə ilə zarafat etməyi xoşlayırmış. Bir dəfə Əzimzadə qəfəsdə çəkdiyi meymunlarla bağlı şəklini alqı-satqı komissiyasına təqdim edir. Həmin komissiyanın üzvlərindən biri də Sabit Rəhman olur. Əsəri komissiyaya Kazım Kazımzadə gətirir. Bu əhvalatı da Kazım müəllim danışıb. Deyir, içəri girdim, əsəri təqdim etdim, birdən Sabit Rəhman dedi, bu üç şəklə 300 manat verərik. Bu, Əzimzadəyə pis təsir edir. Ondan sonra qəfəsdə iri meymun çəkib, altına "Sabir Rəhman" yazıb, Kazıma tərəf dönüb "apar bunu komissiyaya göstər" deyib. Kazım pərt halda içəri girir, deyir, çox üzr istəyirəm, amma bu şəkli Əzim müəllim göndərdi. Sabit Rəhman şəklə baxır, gülür və deyir bunun qiyməti yoxdur - 1 milyon. Sözünün üstündə də durur, bir milyon qonorar verir.

Əzimzadənin ürəyi çox yumşaq idi. Baxmayaraq ki, görkəmcə zəhmli adam təsiri bağışlayırdı. Görkəmli rəssam Kazım Kazımzadə onun tələbəsi olub. Həmişə danışardı ki, Əzimzadə dərsə gəlib, tələbələrin şəkillərinə baxıb az-maz gülümsənəndə başa düşürdük ki, onun xoşuna gəlib. Zəhmlə baxırdısa bilirdik ki, bəyənməyib.

Görkəmli rəssam 63 yaşında dünyasını dəyişib. O, müharibədə döyüşən oğlunun ölüm xəbərini eşidəndən sonra bu ağır itkiylə tablaşa bilməyərək xəstələnib. Rəssama böyük hörməti olan Mircəfər Bağırov Əzim Əzimzadənin döyüşdə olan digər oğlunun geri qayıtması haqqında göstəriş verib ki, qoy o, öz oğlunun çiynində son mənzilə getsin. Lakin oğlu özünü can üstə olan atasına yetirə bilməyib...

Otto fon Bismark

"Qanunlar kolbasa kimidir, necə hazırlandığını görməmək daha yaxşıdır". Belə demişdi  Prussiya və  Almaniya imperiyasının ilk kansleri Otto  Eduard  Leopold fon Bismark... "Dəmir kansler" adlandırılan bu dövlət xadimi həmişə xalqın nəzarət mexanizmlərinin böyük  hissəsindən xəbərsiz olmasının daha faydalı olduğunu düşünürdü...

Kiçik zadəgan ailəsində dünyaya gələn Otto ailənin ikinci oğlan övladı olub. O, uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommern əyalətinin Nauqard şəhərində keçirib. Bismarklar nəsillikcə hərbçi olublar. Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin isə yüksək vəzifəli məmurun qızı olub. Həmişə hərbçi olmadığı üçün peşmançılıq hissi keçirən Otto bu işdə professor ailəsindən olan anasını təqsirləndirib. Valideynlərinin fərqli sosial təbəqələrdən çıxmaları Ottonun həyatına böyük təsir göstərmişdir. O fiziki cəhətdən atasına çəkmiş, onun kimi zabit olmuş, atasının mənşəyinə görə qürur duymuşdur. Anasından isə yalnız iti düşüncəni yox, həm də rasionallığı və danışıq qabiliyyətini götürmüşdür. Onun kiçik zadəganlara xas olmayan yüksək təhsil ala bilməsi anasının sayəsində baş vermişdir. Otto təbəqəsinə xas olmayan yüksək intellektə və düşüncə tərzinə malik olmuşdur. O, ingiliscə yazır, oxuyur, polyakca, fransızca və rusca sərbəst danışırdı. Hətta həyat yoldaşına yazdığı məktublarında Uilyam Şekspirdən və Corc Bayrondan sitatlar gətirirdi.

Deyilənlərə görə,  çox pis şagird, ondan da betər işçi olub: onu həmişə ya işdən çıxardıblar, ya da o özü  işdən çıxıb gedib. Vəzifəyə gəldikdən sonra isə hər səhər yeməyində 2 şüşə şampan içməmiş işinin icrasına başlamazmış. Bismarkın formalaşmış siyasi baxışları var idi. O, tələbə dövründəki yarımrespublika baxışları ilə xudahafizləşmiş və möhkəm əqidəli monarxist olmuşdu. Möhkəm xarakteri, kəskin və bəzən kobud hərəkəti ilə fərqlənirdi. Tez-tez duelə çıxırdı. Həm də möhkəm ov həvəskarı idi. Əhatəsi onu "vəhşi mülkədar" adlandırırdı. Ondan o qədər çəkinirdilər ki, kansler ağır ürək xəstəliyinə tutulanda onu heç bir həkim müalicə edə bilmirdi. Ona görə ki, bütün həkimlər Bismarkın şöhrəti, şəxsiyyəti və həkimliyi qarşısında pərəstiş etməkdən yaxa qurtara bilmirdilər. Həkimlərin belə halını görən Bismark onlara inanmır və aparılan müalicə səmərəsiz olurdu. Nəhayət, Şveninger adlı həkimi dəvət edirlər. O adi qaydada məlumat toplamaq üçün Bismarkı sorğu-suala tutur. Həkimin onu adi xəstə yerinə qoyması Bismarka təəccüblü gəlir və cavab verməyi özünə sığışdırmır. Vəziyyəti belə görən həkim ciddiləşir və deyir: - Bağışlayın, mən baytar həkim deyiləm!  Bu söz Bismarka təsir edir. Həkimə hörmət, ehtiram və inamla yanaşır, sorğularına tam cavab verir və dediklərini etməyə məcbur olur. Şveninger tez bir zamanda kansleri sağaldır və ömrü boyu onun şəxsi həkimi olur. Sonralar Bismark bu haqda belə deyirmiş: "İndiyə qədər həkimlər məndən göstərişlər alır, mənim təsirimə düşür, məndən ümid gözləyirdilər, mən də onları müalicə edirdim. İndi isə mən həkimi eşidirəm, göstərişlərinə əməl edirəm. O məni müalicə edir".

Ottonun həyatı təqribən otuz yaşında dostunun həyat yoldaşı Mari fon Taddenlə yaranmış dostluqdan sonra kəskin dəyişir. Onun təsiri ilə o lüteran kilsəsinə inanc gətirir və ilk dəfə dua edir. Marinin vasitəsilə onun əmisi qızı, gələcək həyat yoldaşı İohanna fon Puttkamer ilə tanış olur və onlar evlənirlər. Bu nikahdan onların üç uşağı olur: Mariya, Herbert və Vilhelm. İohanna utancaq və dindar qadın idi, o öz həyatını tamamilə Bismarka uyğunlaşdırır və ona anasından almadığı emosional istiliyi bəxş edir. Onların bir-birinə yazdıqları məktublar XIX əsr məktub ədəbiyyatının incilərindən sayılır. Ottonun həyat yoldaşı İohanna həyatı boyu ona dəstək olmuşdur. "Dəmir kansler"ə əsl zərbə də elə onun ölümündən sonra dəyir. Belə ki, xanımını itirməsindən 4 il sonra səhhəti kəskin şəkildə pisləşən Otto 83 yaşında vəfat edir.

Marsel Prust

Böyük fransız yazıçısı Marsel Prustun "İtirilmiş zamanın axtarışında" adlı məşhur əsərinin birinci cümləsi belə başlanır: "Çoxdan erkən yatmağa öyrəncəliyəm". Qəribə müəllifin qəribə romanı... Şotlandiyanın müasir yazıçısı Endryü Krumi "Mister Mi" əsərində yazır ki, Prust yuxusuzluqdan və astmadan əziyyət çəkib...

Paris ətrafındakı qəsəbələrin birində doğulan Marselin atası məşhur həkim olub, anası  Janna Veyl isə varlı yəhudi maliyyəçilərinin nəslindən çıxıb. Yazıçı ana tərəfdən Karl Marksın qohumu olub. Deyilənlərə görə, o uşaq vaxtı heç də yaxşı oxumayıb. Düzdür, ədəbi əsərləri çox mütaliə etsə də, məktəbdə həmişə danlanarmış. Universitetin hüquq fakültəsinə daxil olsa da, sonralar  təhsilini yarımçıq qoyub. Bunu etməsinin günahını isə yaxşı mənada filosof Anri Berqsonda görüb. Belə ki, o, hüquq fakültəsində oxuyarkən tez-tez Berqsonun mühazirələrinə qulaq asmağa tələsər, kitabxanalara gedərmiş. Elə bu səbəbdən də ilk iş yerini kitabxanada tapıb. 9 yaşından ömrünün sonuna kimi astma xəstəliyindən   əzab çəkən yazıçı  xəstəliyinə görə uzunmüddətli bülleten açdıraraq yeni iş yerindən uzaqlaşıb, şəhərdə gəzib, günlərini ədəbiyyat adamlarının arasında keçirib. Sual oluna bilər ki, bəs Marsel necə dolanıb? Onun üçün bu problem deyildi? Ailəsi varlı olduğundan yazıçı kitabxana məvacibinə qalmamışdı. Onun üçün əsas mənəviyyatını zənginləşdirmək idi.

İlk yazılarını oçerk və novellalar təşkil edib. Sonra tərcümə işinə girişib. Daha sonra isə siyasətə qoşulub. Varlı ailənin oğlu bilmirdi nə ilə məşğul olsun ki, içindəki boşluğu doldura bilsin. Getdikcə irihəcmli əsərlər yazmağa özündə baza tapıb. Hiss edib ki, bildikləri romanlar yazmasına əsas verir. Ancaq ağır-ağır yazıb. Anasının vəfatından sonra isə əzablı günləri başlayıb. Heç olmasa valideynləri sağ ikən astma tutmaları zamanı yardım edərdilər. Əlbəttə, varlı Prust həkim və tibb bacılarını evə çağırıb lazımi tibbi məsləhətləri yerinə yetirər, həblərini atardı. Ancaq valideynləri ona mənəvi dəstək olardılar. Prust mənəvi istiliyi həkimlərdən ala bilmirdi. Digər əzabverici məqam isə anasının arzusunu yerinə yetirə bilməməsi  idi. Anası həmişə onu böyük yazıçı kimi görmək istəyirdi. Öləndə oğlunu hələ də hekayə və esseler yazan ortabab yazıçı kimi gördü. Məhz bu səbəbdən Marsel özünü bağışlaya bilmirdi. Ancaq özündə güc tapdı, söz verdi ki, böyük yazıçı olmaqla anasının ruhunu sevindirəcək. Veyil-veyil gəzməyinə ara verdi, mühazirələrə qatılmadı, masa arxasına keçib gecə-gündüz elə hey yazmağa başladı. Həmin günlərdə yazıçı barədə qəribə söz-söhbət gəzirdi. Fransada danışırdılar ki, xəstə yazıçı  ikiotaqlı mənzil kirayəyə götürüb. Divarları palıd ağacından olan bu otaqları ona görə seçib ki, çöldəki səs içəri girməsin, rahat yazsın. Pəncərənin pərdəsi isə heç vaxt açıq olmaz, günəşin şəfəqi düşməzmiş. Günortalar yatar, gecələr yazarmış, sobada kartof qaynadıb yeyər, hər tərəfi bağlı avtomobillə şəhərə gedərək müşahidələr apararmış. Bəlkə də bu şayiələrdə həqiqət izi vardı, bəlkə də yox... Ancaq  məlum olan bircə odur ki, Prust "İtirilmiş zamanın axtarışında" adlı ik cildlik romanını yazıb bitirə bildi və bununla da şöhrət qazandı. Lakin məşhurluğun dadını doyunca yaşaya bilməyən 51 yaşlı yazıçı tanınandan 3 il sonra ağrı və əzablar içərisində ağciyər iltihabından vəfat etdi. O ölərkən yanında heç bir qadın olmadı. Çünki həyatı boyu evlənməyən yazıçı anasından savayı heç bir qadını sevmədi...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".