DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“CNN”: ÇİN RUSİYAYA HƏRBİ YARDIM ÜÇÜN RAZILIQ VERİB

ABŞ və müttəfiqləri Çinin Ukraynaya silahlı hücum edən Rusiyaya yardım göstərməyə müəyyən qədər hazır olması barədə məxfi məlumat əldə edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “CNN” telekanalı məlumat yayıb.

“ABŞ diplomatik kanallar vasitəsilə Avropa və Asiyadakı müttəfiqlərinə məlumat verib ki, Çin ondan dəstək istəyən Rusiyaya kömək etməyə hazır olduğunu bildirib”, -  deyə məlumatda qeyd edilib.

Mənbənin açıqlamasına görə, Rusiyanın tələb etdiyi yardımlar arasında hazır hərbi qida dəstləri də var. Bildirilir ki, Ukrayna ərazisinə daxil olan Rusiya ordusu ciddi şəkildə ərzaq problemi ilə üzləşib.

Məlumata əsasən, Rusiya Çinə texniki dəstək üçün də müraciətlər edib, çünki bu yöndəki problemləri rus ordusunun hərəkətini çətinləşdirir.

 

ÇERNOBIL AES ELEKTRİK TƏCHİZATINI BƏRPA EDİB

Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası elektrik təchizatını bərpa edib. “Report” agentliyinin məlumatına görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, Rusiya hərbçilərinin hücumu nəticəsində AES-in elektrik təchizatı xətti zədələnmişdi.

“AEBA-nın Ukraynadakı nümayəndəliyi Çernobıl AES-in xarici elektrik təchizatını bərpa etdiyini bildirib”, - deyə açıqlamada vurğulanır.

Xatırladaq ki, martın 9-da Rusiya hərbçilərinin hücumu nəticəsində stansiyanın elektrik enerjisi təchizatı dayanmışdı. Həmin gün Ukrayna tərəfi stansiyanın fəaliyyətini 48 saata bərpa edəcəklərini bəyan etmişdi. Martın 13-də AES-in elektrik təchizatı bərpa olunsa da, növbəti gün Rusiya hərbçiləri onu yenidən zədələmişdi.

 

ALMANİYA ABŞ-DAN “F-35” QIRICILARI ALACAQ

Almaniya ABŞ-dan 35 ədəd “Lockheed F-35” qırıcısı almaq niyyətindədir. “Trend”in “Röyters”  agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.

Məlumata əsasən, bu, Almaniya hökumət başçısı tərəfindən orduya 100 milyard avro dəyərində maliyyələşmə vədindən sonra ilk böyük müdafiə müqaviləsidir. Vurğulanır ki, yeni “F-35”lər köhnəlmiş “Tornado” təyyarələrini əvəz edəcək.

Xatırladaq ki, “Tornado” 1970-ci illərin əvvəllərində Almaniyanın “Messerschmitt-Belkov-Blom” şirkətinin mütəxəssisləri, Britaniyanın “British Aerospace” şirkəti ilə birlikdə və İtaliyanın “Alenia Aeronautica”nın iştirakı ilə hazırlanmış reaktiv döyüş təyyarəsidir.

Bu model iki əsas modifikasiyada mövcuddur: “IDS Tornado” qırıcı-bombardmançı və “ADV Tornado”. Həmçinin uzun müddət Avropa NATO ölkələrinin əsas döyüş təyyarələrindən biri olub.

 

MÜHARİBƏ NƏTİCƏSİNDƏ UKRAYNAYA 500 MİLYARD DOLLAR ZİYAN DƏYİB

Rusiyanın başladığı müharibə nəticəsində Ukraynaya vurulan ziyanın məbləği ilkin dəyərləndirməyə görə, azı 500 milyard dollardır. “Report” agentliyinin məlumatına görə, bunu Ukrayna maliyyə naziri Sergey Marçenko bildirib.

“Bir çox logistika zəncirləri qırılıb, xeyli sayda müəssisələr dağıdılıb, bəzilərinin də işçiləri çıxıb getdiyi üçün fəaliyyətdən qalıb. İqtisadiyyat Nazirliyində hesab edirlər ki, müharibənin məsrəfləri ölkə ÜDM-in üçdə birindən yarısınadək hissəsini, yəni, təxminən, 500 milyard dollar təşkil edir. Lakin dəqiq məbləğ yalnız müharibə başa çatandan sonra açıqlanacaq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu  Ukraynada ÜDM-in 2022-ci ildə Rusiya ilə müharibə səbəbindən 10 faiz azalacağı, inflyasiyanın isə 19,1 faizə çatacağı barədə proqnoz verib.

 

TÜRKMƏNİSTANDA KEÇİRİLƏN PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİ AÇIQLANIB

Sərdar Berdiməhəmmədov Türkmənistanda keçirilmiş prezident seçkilərində 72,97 faiz səs toplayaraq qalib gəlib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkmənistan Mərkəzi Seçki Komissiyasının yekun açıqlamasında bildirilir.

Məlumat üçün qeyd edək ki, Sərdar Berdiməhəmmədov Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğludur.

Xatırladaq ki, Türkmənistanda prezident seçkiləri martın 12-də keçirilib. Seçkilərdə 9 namizəd iştirak edib.

Bununla yanaşı, Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermədə seçici fəallığı 97,17 faiz təşkil edib.

 

GÜRCÜSTAN HÖKUMƏTİ ÖLKƏ PREZİDENTİNI MƏHKƏMƏYƏ VERİR

Gürcüstan hökuməti prezident Salome Zurabişvili ilə bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət edəcək. “Report”un verdiyi xəbərə görə, bu barədə hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının bəyanatında bildirilib.

Sənəddə qeyd olunub ki, dövlət başçısı xarici siyasətin həyata keçirilməsi prosesində ölkə konstitusiyasını pozub və Konstitusiya Məhkəməsi bunu təsdiq etməlidir.

Bununla yanaşı, hakim partiyadan bildirilib ki, son bir il ərzində prezidentin hökumətin irəli sürdüyü səfir və ya diplomatik nümayəndənin təyinatından imtina etməsi ilə bağlı çoxsaylı hallar olub və bu da konstitusiya ilə kobud şəkildə ziddiyət təşkil edir.

Bəyanatda həmçinin vurğulanıb ki, dövlət başçısının hökumətlə razılaşdırılmadan xarici ölkələrə bir neçə səfəri də konstitusiyanın pozulmasıdır və hakim partiya buna siyasi cavabın verilməsini zəruri hesab edib.

 

İYİRMİYƏ YAXIN DEPUTAT MÜHARIBƏ DÖVRÜNDƏ UKRAYNADAN QAÇIB

Ukrayna Ali Radasının iyirmiyə qədər deputatı müharibə dövründə ölkəni tərk edib. Bu şəxslərin hamısının adı Ukrayna Təhlükəsizlik Xidmətinə bəllidir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko qeyd edib.

Sədr müavini əlavə edib ki, Ukraynanı tərk edən deputatlarla bağlı müxtəlif rəqəmlər var: “İndi dəqiqləşdirməyəcəyəm. 20-yə yaxın xalq deputatı Ukraynada yoxdur”.

Bununla yanaşı, vitse-spiker əlavə edib ki, 9 deputat hazırda Avropa Şurasında ezamiyyətdədir.

“Qaçaq xalq deputatlarının adları Ukrayna Təhlükəsizlik Xidmətinə məlumdur. Departament onlarca əməkdaş haqqında qanun qüvvəyə minən kimi məşğul olacaq”, -  deyə Ali Radanın sədr müavini əlavə edib.

Bundan əvvəl isə Ali Radanın sədri Ruslan Stefançuk Ukrayna ərazisini tərk edən xalq deputatlarının satqın hesab ediləcəyini bildirib.

 

DÜNYA BANKI: RUBL DEVALVASİYAYA MƏRUZ QALA BİLƏR

Rusiyaya qarşı sanksiyaların dünya iqtisadiyyatına təsiri Ukraynadakı vəziyyətdən aslı olacaq. “APA”nın “RBC” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Dünya Bankının rəhbəri Devid Malpass bəyan edib.

Məlumata əsasən,  Devid Malpass qeyd edib ki, Ukraynadakı xüsusi əməliyyat qlobal ÜDM-in birbaşa qısamüddətli təsirlə üzləşməsinə gətirib çıxarır.

Eyni zamanda, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin bu göstəriciyə daha çox təsir edəcəyi bildirilir.

Devid Malpassın sözlərinə görə, sanksiyalar nəticəsində Rusiyanın milli valyutası rubl devalvasiya ola bilər ki, bu da əhali üçün pis nəticələnəck.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.