Litvanın Xüsusi İstintaq Xidmətinin nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər barədə məlumatlandırılıb
Dünya xəbərləri

Litvanın Xüsusi İstintaq Xidmətinin nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər barədə məlumatlandırılıb

Noyabrın 13-də Baş prokuror Kamran Əliyev “Avropa qonşuluq aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi üzrə ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəisinin birinci müavini Yovitas Razkeviçiusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqdan verilən məlumata görə, Kamran Əliyev Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin daim yaşayış yerlərinə qayıdışı və reinteqrasiyası, həmin rayonlarda prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Həmçinin litvalı qonaqlar prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin 3 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron prokurorluq informasiya sistemi”nin fəaliyyəti barədə məlumatlandırılıblar.

Yovitas Razkeviçius Litva Respublikası tərəfindən Azərbaycanla ənənəvi dostluq əlaqələrinə böyük önəm verildiyini və hüquqi sahədə əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.