Ürəklərdə  yaşayanlar     
Region

Ürəklərdə  yaşayanlar     

Cəlilabadda   şəhidlərimizin  Vətən  müharibəsində   adlarını  hərb  tariximizə  qızıl  hərflərlə  yazdıran  igid  oğullarımızın  xatirəsi  əziz  tutulur.   Vətən  uğrunda  canından  keçən   oğul  və  qızlarımız,  onların  ailələri  daim  yad  olunur.  Şanlı  Zəfər  yürüşündə  qəhrəmanlıq  göstərərək  öz  canından  keçmiş  şəhid  oğullarımızdan  biri  də  Əliyev  Camal  Mehman  oğludur.  

Cəlilabad  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Rafiq  Cəlilov   və  Aparatın  məsul  əməkdaşları  şəhidimizin  ailəsinə  baş  çəkərək  ailəsinə  başsağlığı   verərək   onların  qayğıları  ilə  maraqlandılar.  Rafiq  Cəlilov  bildirdi  ki, Prezident, Müzəffər  Ali  Baş  Komandan  İlham  Əliyevin rəhbərliyi  ilə şanlı  Azərbaycan  Ordusu  düşməni   diz  çökdürərək  torpaqlarımızı  işğalçılardan  təmizlədi  və  ərazi  bütövlüyümüzü  bərpa  etdi.  Ali  Baş  Komandanın  iradəsi  ilə  dəmir  yumruğa dönən   möhtəşəm   xalqımız  bu  Zəfəri  ilə  tarixə  qızılı hərflərlə  yeni  səhifə  yazdı. Bu dəmir  yumruq xalqın  gücünü,  milli  birliyini,  vəhdətini,  mübarizliyini  bütün  dünyaya  bəyan  etdi.  Azərbaycan  hər zaman  mübariz  oğul   və  qızlarının  şücaətini  yüksək  qiymətləndirir,  bütün  şəhidlərimizin  ruhuna ehtiram  göstərir,  xatirəsini   uca  tutur.

Görüşdə  Vətənimizin  ərazi  bütövlüyü  uğrunda  şəhid  olmuş  Camal  Əliyevin  həyatı  və   döyüş  yolundan  söhbət   açıldı.  

Camal  Mehman  oğlu  Əliyev  2000-ci il dekabrın  17-də  Cəlilabad  şəhərində  anadan  olub.  Azərbaycan Ordusunun  əsgəri  olan  Camal Əliyev 2020-ci il sentyabrın  27-də  Azərbaycan  Silahlı  Qüvvələri tərəfindən  Ermənistan  işğalı  altında  olan  ərazilərin  azad  edilməsi  və  Azərbaycanın  ərazi bütövlüyünün  bərpa  olunması  üçün  başlanan  Vətən  müharibəsi  zamanı  Cəbrayılın  və  Füzulinin azadlığı uğrunda  gedən  döyüşlərdə  vuruşub. Camal  Əliyev  oktyabrın  14-də Füzuli  döyüşləri  zamanı  qəhrəmancasına  şəhid  olub  və  rayonun  Pərdi  kənd  qəbiristanlığında  dəfn  olunub.

Camal  Əliyev  Vətən  müharibəsindəki  xidmətlərinə  görə  Azərbaycan  Prezidenti,  Ali  Baş  Komandan İlham  Əliyevin   müvafiq  sərəncamlarına  əsasən   ölümündən  sonra  “Vətən  uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına  görə”  və  “Xocavəndin  azad  olunmasına  görə”  medalları  ilə  təltif  edilib.

Şəhidin  ailə  üzvləri  onlara  göstərilən  diqqət  və  qayğıya  görə  ölkə  Prezidenti,  Ali  Baş  Komandan  İlham  Əliyevə  və  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevaya  minnətdarlıqlarını  bildirdilər.   

                              Ərəstun  ABDULOV,

                            “Respublika”.