Mərd və cəsarətli oğullar unudulmur
Region

Mərd və cəsarətli oğullar unudulmur

Vətən müharibəsinin   şəhidi  Firdovsi Balaxan oğlu Tahirovun əbədiyyət adlı dünyasına qovuşmasından 2 il ötdü.  Lerik rayonunun Dico kəndində  şəhidin anım mərasimi keçirildi. Mərasim iştirakçıları və şəhidin ailə üzvləri  onun məzarını ziyarət etdilər, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad etdilər. Bildirildi  ki,  haqq savaşımızın ilk günündə düşmənə vurduğu sarsıdıcı zərbələrlə Firdovsi Vətənə olan  sevgisini  ağır döyüş meydanında təsdiq edə bildi. 

Vətən müharibəsində torpaqlarımızın düşmən  işğalından azad edilməsində  xüsusi  qəhrəmanlıq dastanı yazan şəhid  Firdovsi  Tahirov 1997-ci il fevralın 18-də dağlar diyarının Dico kəndində dünyaya göz açıb. 2019-cu ildə Lerik Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı ali təhsilini yarımçıq qoyub Murovdağ istiqamətində gedən döyüşlərə qatılır.   Bu ağır döyüşlərdə erməni dığalarına qan uddurur və qəhrəmancasına şəhidlik şəhadətinə yüksəlir. Beləcə, bir igid də 23 yaşında  ürəkdən bağlandığı Vətəni üçün canından keçir.   Şərəfli ölümü  doğma yurda başucalığı gətirən  Vətən sevdalısı  böyüyüb boya-başa çatdığı Lerik rayonunun Dico kəndində dəfn edilir.  Bura  hər bir kənd sakininin and yerinə dönür.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra Firdovsi  Tahirov "Azərbaycan bayrağı" ordeni? "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunur.

 Bəli, Firdovsi kimi qəhrəmanlar cismən aramızda olmasalar da, qərinələr boyunca  mənən  xalqın qəlbində  yaşayacaq, hər an, hər yerdə böyük ehtiramla xatırlanacaqlar.

Zəfər  ORUCOĞLU.