Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

NASA prezidenti Bill Nelsondan UFO ilə bağlı təəccüblü etiraf

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin prezidenti Bill Nelson uçan obyektlər (UFO) haqqında verdiyi müsahibəsi ilə sosial medianın gündəmini zəbt edib.

Hərbi radarlara düşən naməlum uçan obyektlərdən  danışan Nelson onları görən pilotlarla görüşdüyünü bildirərək, maraqlı açıqlamalar verib: "Onlar nəsə gördüklərini bilirlər. Radarları da bu səbəbdən kilitlidir. Ancaq biz onun nə olduğunu bilmirik. Ümüd edirik ki, dünyada bu cür texnologiyaya malik düşmən yoxdur" - deyə alim vurğulayıb.

Yerdən kənarda həyat axtarışının NASA-nın ən mühüm missiyalarından biri olduğunu vurğulayan Nelson, paralel olaraq kainat nəzəriyyəsinə də toxunub.

"Biz kimik?  Bura necə gəldik? Necə inkişaf etdik və sivilləşdik? Eyni şərtlər milyardlarla başqa qalaktikalarda da mövcuddurmu? Bu, başa düşülməsi çox çətin olan böyük bir anlayışdır. Mənim şəxsi fikrim budur ki, kainat çox böyükdür və hətta başqalarının da ola biləcəyinə dair nəzəriyyələr var. Ağıllı varlıqların yaşadığı  yeganə planetin, yalnız Yer olmasına inanmıram" - deyə Nelson bildirib.

Məlumat "Live science" veb saytında yayımlanıb.

 

Yeni  insan növü tapıldı: "Homo bodoensis"

Efiopiyanın Avaş çayı vadisində arxeoloji qazıntılar zamanı təxminən 500 min il əvvəl Homo Sapiens və Neandertallarla eyni dövrdə yaşadığı ehtimal edilən yeni insan növü tapılıb. "Homo bodoensis" adlı bu növ insanların ən qədim əcdadı ola bilər.

"Journal of Evolutionary Anthropology" jurnalında dərc olunan araşdırmanın nəticələrində yeni tapılan  növün Homo Sapiens və Neandertallarla eyni dövrdə yaşamasından bəhs olunub. Tədqiqatçıların fikrincə, "Homo bodoensis"in kəllə sümüyü Afrikada və cənub-şərqi Avropada orta Paleolit dövründə yaşamış insanların əksəriyyəti haqda məlumatların əldə edilməsinə kömək edəcək. Sözügedən insan növünün kəllə sümüyü Efiopiyanın Avaş çayı vadisindəki Bodo Darda tapıldığı üçün "bodoensis" adlandırılıb.

Haway Universitetinin Antropologiya Departamentinin tədqiqatçıları, yeni kəşf olunan növün,  insan təkamülünün mühüm dövrü ilə bağlı müəyyən düyünləri aça biləcəyinə ümid edirlər.

Elm adamları yeni təsnifatın nomenklatura (obyektlərin coğrafi siyahısı) şərtlərinə cavab verəcəyini düşünürlər.

 

Dünyanın ilk "düşünən" robotu

Yaponiyalı alimlər süni intellektlə yeni  bir uğura imza atıblar. Onlar laboratoriyada yetişdirilən canlı beyin hüceyrələrindən istifadə edərək hazırladıqları dünyanın ilk zəkalı  robotu  ilə tarixə düşüblər.

Tokio Universitetinin mühəndisləri robotun hazırlanmasında "fiziki rezervuar hesablaması" adlı texnikadan istifadə ediblər. Süni intellektlə işləyən robotun beynindəki neyronlar insan beynindən alınan canlı hüceyrələrdən yetişdirilib. Hüceyrələr elektriklə stimullaşdırıldığı üçün robot labirintdə qarşısına çıxan bütün maneələri dəf edə bilir.

Təxminən 7,5 santimetr diametrdə və 5 metr hündürlüyündə olan robotun insan kimi düşünə bilməsi, robot texnologiyasının müasir dövrünə yeni yollar açır.

"Bizim işimiz sübut etdi ki, insan beyninin toxumasından fiziki resurs kimi istifadə edilə bilər. Sinir hüceyrələri və ya neyronlar beyindən alınan canlı hüceyrələrdən yetişdirilib. Onlar koherent dalğalar yaradaraq kompüter üçün fiziki rezervuar rolunu oynayır. Ərsəyə gətirdiyimiz robotun zəkası bir növ ibtidai sinif uşağının zəkasına bənzəyir. Çünki onun beyninin dinamikası hələ ki, kifayət qədər zəngin deyil. Lakin robotun üzərində aparılan işlər davam etdikcə, onun daha mürəkkəb problemləri həll edə biləcəyi əlçatmaz görünmür" - deyə araşdırmanın həmmüəllifi   Hirakazu Takahaşi bildirib.

Alimlər ümid edirlər ki, insan beynini təqlid edən bu irəliləyiş superkompüterlərin inkişafına perspektivli yollar açacaq.

İnformasiya "Applied Physics Letters" elmi jurnalında dərc edilib.

 

Ayda istifadə üçün elektrikli motosiklet hazırlanıb

Alman şirkəti tərəfindən hazırlanmış Tardiqrade adlı elektrikli motosiklet  Ayda aparılan gələcək tədqiqatları  yeni səviyyəyə qaldıra bilər.

Almaniyanın Hookie firması tərəfindən istehsal edilən motosiklet, NASA-nın Aya insanlı missiya üçün planlaşdırdığı Artemis proqramının həyata keçirilməsində mükəmməl bir seçim olacaq.

Ayda işləyə biləcək elektrikli motosikletin iki təkərli və yüngül olması onu digərlərindən fərqləndirir. Çəkisinin azaldılması üçün lazerlə kəsilmiş alüminium çərçivələrdən, özünü və ötürücü sistemi kosmosun artan radiasiyasından qorumaq məqsədilə isə kevlardan (karbon mənşəli tekstil materialı) istifadə edilmişdir. Bu çəki, NASA-ya daha kiçik eniş aparatlarından istifadəyə imkan verməklə yanaşı, yanacaq xərclərinin azaldılması üçün də əlverişli olacaq.

Qeyd edək ki, NASA-nın əvvəlki Apollon missiyalarında bir neçə növ elektrikli skuter sınaqdan keçirilmişdir. Lakin skuter Hookie firmasının dizayn etdiyi futuristik motosikletdən çox fərqli idi. Skuterin prototipi hazırlansa da, NASA sonradan bu təklifdən imtina etmişdi. Hazırda kosmik agentliyin simvolu dörd təkərli elektrikli maşındır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".