Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Sən demə, riyaziyyat xəstəlik yaradırmış...

Çikaqo Universitetinin alimləri iddia edirlər ki, riyaziyyatla həddindən artıq məşğul olmaq beyində narahatlıq yaradaraq miqrenə səbəb olur.

Bu barədə tədqiqatın müəlliflərindən olan Asma Maad məqaləsində deyir: "Riyaziyyat, bu fənnin yaratdığı narahatlıq insanlar üçün təhlükəlidir. O, gərginlik və qorxu ilə müşayiət oluna bilər". Təəcüblüdür ki, alimlərin gəldiyi qənaətə görə, riyazi məsələnin həlli zamanı  beyində yaranan həyəcan əlimizi qaynar tavaya vuranda hiss etdiyimiz fiziki ağrıya bənzər reaksiya yaradır.

Amma riyaziyyatçılar bu fikrin əleyhinədirlər. "Bəsdir, riyaziyyatın karikaturasını düzəltdilər, fəlsəfə üçün də belə araşdırma apara bilərdilər", - deyə riyaziyyat üzrə professor Pyer vurğulayıb. Bir çox  tədqiqatçılar isə bu fənnin yaratdığı qorxunu real sayırlar: "İstənilən fobiya kimi, onu da sağaltmaq mümkündür".

"OK" sözü necə yaranıb?

Son dövrlər bütün dünyada hamı tərəfindən qəbul olunan sözlərdən biri də "Ok" ifadəsidir. Global Language Monitor  (GLM)  Assosiasiyasının müşahidələrinə görə, artıq beynəlxalq hesab olunan bu söz lakoniklik baxımından demək olar ki, bütün dövlətlərdə  hədsiz dərəcədə çox işlənilir. Bu ifadə, xüsusilə də sosial şəbəkələrdə geniş istifadə olunur. Bəs onun necə yarandığını bilirsinizmi?

Əvvəla qeyd edək ki, "OK" Amerika ifadəsidir, mənası isə "hər şey yaxşıdır, hər şey qaydasındadır" deməkdir. Bu söz Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti Martin Van Byurenin ləqəbi olub. Old Kinderhook - onun doğulduğu holland qəsəbəsi bu cür adlanırdı. Prezident bu bənzəri olmayan adı özünə təxəllüs seçmişdi. Seçki öncəsi nyu-yorklu demokratlar belə bir reklam şüarı hazırlamışdılar: "Old Kinderhook is O.K". Seçkilərdə dəstək məqsədiylə Martin "The OK Club" adlı siyasi qrup yaradır. Həmin gündən etibarən bu ifadə istifadə olunmağa başlayır.  Bu sözün yaranma tarixi 1839-cu il 22 mart hesab olunsa da, ilk dəfə 1938-ci ildə Boston qəzetlərinin birində işlədilmişdir.

Digər bir versiyaya görə isə "OK" "all correct"  sözünün yanlış yazılışı olan "oll korrect" sözlərini ifadə edir.  Deyilənlərə görə, ABŞ prezidenti Endryü Cekson  "all correct"  sözünü, yəni hər şey qaydasındadır ifadəsini "oll korrect"  kimi işlətdiyi üçün bu ifadə meydana gəlib.

Pul doğrudan da əl çirkidir...

Yeni araşdırma "pul əl çirkidir" atalar sözünü bir daha təsdiq edib. Belə ki, Oxford Universitetində aparılan tədqiqat zamanı  kağız pulda 26 min bakteriya növü  aşkar edilib. Ən çirkli pulların isə Danimarkada olduğu müəyyənləşdirilib.

Tədqiqatçılar Avropanın 15 ölkəsinin pul vahidlərinin üzərində nə qədər çirk olduğunu müəyyən ediblər. Araşdırmanın nəticələri göstərib ki, Avropadakı banknotların üzərində orta hesabla 26 mindən çox, ən təmiz və ən yeni pullarda isə 2.400 bakteriya olur. Məlumatlara görə, Danimarkada istifadə edilən banknotlar çirklilikdə liderdir. Belə ki, bu ölkənin baknotları 40 mindən çox bakteriyaya malikdir. İsveçrədə istifadə edilən banknotların üzərində 32 min, Rusiyada istifadə olunan banknotların üzərində isə 30 mindən çox bakteriya növü mövcuddur. İtaliya, Almaniya, Fransa, Avstriya, Belçika, Hollandiya, İspaniyada istifadə edilən pullar isə saxladığı 11 mindən çox bakteriya ilə siyahının aşağı sıralarında yer alıblar.

Araşdırma zamanı, həmçinin məlum olub ki, bu bakteriyalar arasında tənəffüs və sidik yolunda infeksiyaya səbəb olan bakteriyalar da mövcuddur. 

Amma bütün bunlara baxmayaraq, bir çox problemlərin məhz bu çirkli vasitə sayəsində həllini tapdığı danılmaz faktdır.

Qan analizi niyə "adsız" barmaqdan götürülür?

Elə adam tapılmaz ki, ömründə bir dəfə də olsun analiz üçün qan verməsin. Heç düşünmüsünüzmü niyə həmişə bu analiz "adsız" barmaqdan götürülür?

Digər barmaqlara nisbətən, tibbi nöqteyi-nəzərdən "adsız" barmağın müsbət tərəfləri çox olduğuna görə analiz üçün qan adətən məhz bu barmaqdan götürülür. Əvvəla, bu barmaq infeksiya baxımından daha təhlükəsizdir. Digər bir səbəb isə həmin barmağın başqalarına nisbətən tük örtüyünün olmaması, xırda qan damarcıqlarının çoxluğudur. Dərisinin çox nazik və elastik olması, əsəb, ağrıverici və həssas nöqtələrin azlığı da əsas şərtlərdən biridir. Ən əsası isə "adsız" barmaq çox asan dezinfeksiya olunur, infeksiyaya həssas və meyilli deyildir.

Səbəblər yalnız bununla bitmir. Bu barmaq digər barmaqlara nisbətən biləklə çox az əlaqəlidir. Belə ki, digər barmaqları bir azca incidən kimi, ağrı biləyə vurur və baqmaqdakı ağrı uzun sürür. Amma "adsız" barmaqda bu heç də belə deyildir. Bu barmağa əgər infeksiya keçərsə belə, iltihab zamanı ağrılar ancaq onun ucunda hiss olunur. Digər barmaqlarda isə bu cür ağrılar bütün biləyi əhatə edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".