Tarixə yazılan günlər
Digər xəbərlər

Tarixə yazılan günlər

"...Bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik". Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirdiyi operativ müşavirədə dedi.

Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasında ölkəmizin əleyhinə sənəd qəbul edilməsi cəhdləri və bunun qarşısının alınması barədə danışdı. Erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılması haqqında 4 qətnaməsi kağız üzərində qalan bu təşkilatda ölkəmizə qarşı təxribata və ədalətsizliyə Təhlükəsizlik Şurasının üzvlərindən bir neçəsi və Qoşulmama Hərəkatına üzv ölkələr etiraz ediblər. Ali Baş Komandan həm siyasi müstəvidə, həm də döyüş meydanında aparılan mübarizə, real vəziyyət haqqında həqiqətləri xalqa çatdırdı və çıxışını bu sözlərlə yekunlaşdırdı: "...Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!".

Müşavirə barədə rəsmi məlumat yayıldıqdan bir neçə saat sonra, günün sonuna yaxın Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində növbəti qələbə müjdəsi ilə xalqımızı sevindirdi: "Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Azad edilən kəndlər bunlar idi: Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu kəndləri, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri.

Bununla da rəşadətli ordumuz ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirməklə 27 sentyabr tarixindən 25 oktyabra qədər Füzulinin  Füzuli şəhəri və 29 yaşayış məntəqəsi, Cəbrayılın Cəbrayıl şəhəri, Xudafərin və Xələfli qəsəbəsi və 60 yaşayış məntəqəsi,  Xocavəndin Hadrut qəsəbəsi və 20 yaşayış məntəqəsi, Zəngilanın Zəngilan şəhəri, Həkəri, Mincivan, Ağbənd qəsəbələri və 37 yaşayış məntəqəsi, Qubadlı şəhəri və 11 yaşayış məntəqəsi, Tərtərin 3 yaşayış məntəqəsi və Kəlbəcərin Murovdağ yüksəkliyini işğalçılardan azad etmişdir.

Ermənistan silahlı quldur dəstələri Qubadlı şəhərini 1993-cü il avqustun 31-də işğal etmişdilər. Düşmən 93 kəndi də ələ keçirmiş və rayonun 31 mindən çox əhalisi didərgin düşmüşdü. İşğal dövründə sayı 40 mini ötüb keçən Qubadlı camaatı doğma yurdun azad edilməsini böyük sevinclə qarşıladılar.

Qubadlı uğrunda gedən döyüşlərdə əslən bu rayondan olan Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak oldu. O, yüksək fəxri ada 2016-cı il Aprel döyüşlərində göstərdiyi şücaətə görə layiq görülmüşdü. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyində keçirdiyi müşavirədə bu barədə məlumatı diqqətə çatdıraraq, bütün şəhidlərimizin xatirəsinə ehtiramını bildirdi.

Oktyabrın 25-də dövlətimizin başçısının Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibəsi də ölkədə və dünyada böyük maraq doğurdu. Müsahibədə Amerika auditoriyasına nəyin, nəyə görə baş verdiyini və gələcəkdə nələri görmək istəyimizi izah etməyə çalışacağını qeyd edən Prezident İlham Əliyev müharibəni Azərbaycanın başlaması barədə müxbirin hər vəchlə irəli sürdüyü iddiaları, erməni tərəfinin təbliğatından qaynaqlanan saxta xəbərləri özünəməxsus təmkinlə, aydın və məntiqli cavablarla təkzib etdi, Ermənistanın təcavüzkarlığı və işğalçılıq siyasəti haqqında həqiqətləri tutarlı dəlillərlə bir daha dünyaya çatdırdı. Dövlətimizin başçısı, həmçinin Ermənistanın işğal etdiyi əraziləri boşaldacağı barədə öz üzərinə öhdəlik götürəcəyi halda sülhün mümkünlüyünü növbəti dəfə bəyan etdi və bölgənin gələcəyi barədə arzularını söyləyərək dedi: "Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm. Çünki bütün müharibələr dayanır və sülh gəlir".

Müharibə isə hələ davam edirdi. Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, əməliyyat planına uyğun olaraq, ordumuzun bölmələri döyüşlər apararaq, işğaldan azad edilmiş əraziləri genişləndirirdilər. Cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi atəş zərbələri endirilərək onun müqaviməti zəiflədildi, müxtəlif istiqamətlərdə döyüş mövqeləri düşməndən təmizləndi. Ağdərə və Xocavənd istiqamətlərində yerləşən düşmən bölmələri ordumuzun cavab tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə itirdilər.

Ermənistan tərəfində döyüş sursatı tükənir və artilleriya qurğuları sıradan çıxırdı. Ermənistan silahlı qüvvələrinin 543-cü alayının 1-ci taborunun bölmələri Qubadlı istiqamətində canlı qüvvə və hərbi texnika baxımından itkilər verərək geriyə oturduldular. Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsində ehtiyatdan çağırılıb Qarabağa göndərilmiş hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edildi.

Hərbi hava qüvvələrimizin döyüş aviasiyası da düşmənə dəqiq zərbələr endirirdilər. Hava şahinlərimiz cəbhənin Ağdərə və Ağdam istiqamətlərində düşmənin üç tankını, iki sığınacağını və dörd dayaq məntəqəsini sıradan çıxardılar.

Azərbaycan Ordusunun keçirdiyi döyüş fəaliyyətləri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 3 tankı, 2 piyada döyüş maşını, 6 artilleriya qurğusu, 1 "Qiasint-B" topu, 2 "Qrad", 1 komanda idarəetmə məntəqəsi, 9 avtomobil texnikası və bir neçə atəş nöqtəsi məhv edilmişdi.

Müdafiə Nazirliyinin oktyabrın 25-də yaydığı daha bir məlumatda isə bildirilirdi ki, günün ikinci yarısında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirib. Nəticədə düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib. Bundan başqa, Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin hücuma cəhd göstərdiyi, bölmələrimizin qəti tədbirləri nəticəsində 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edildiyi, silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnika ələ keçirildiyi bildirilirdi. Müdafiə Nazirliyi ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim etdi.

Bütün cəbhəboyu döyüşləri davam etdirilir, düşmənə havadan və qurudan sarsıdıcı zərbələr vurulurdu. "Qələbə bizimlədir!" şüarı döyüş meydanında həqiqətə çevrilirdi.

"Respublika".