Saatlı: Gənc rəssamlar müsabiqədə
Region

Saatlı: Gənc rəssamlar müsabiqədə

Saatlıda Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Qalereyada onlarla gənc bu qədim sənətin sirlərini öyrənir, dünya rəssamlıq incilərini yaradan dahilərin sənətkarlıq xüsusiyyətlərinə bələd olurlar. Rəsm qalereyasında gənc rəssamların əl işlərindən ibarət sərgilər təşkil olunur. Bundan əlavə, rayon Tarix-Diyarşünaslıq Muzeyində “Gənc rəssam” dərnəyi fəaliyyət göstərir, istedadlar tez-tez mötəbər müsabiqələrə yollanırlar.  Gənc rəssamlar Türkmənistan Respublikası Mədəniyyət  Nazirliyi tərəfindən təşkil olunmuş gənc incəsənət nümayəndələrinin “Xoşbəxt uşaqlar” adlı uşaqların beynəlxalq rəsm müsabiqəsində iştirak etmişlər. 15 fərqli dövlətdən 1700 nəfər gənc rəssamın iştirak etdiyi müsabiqədə Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin “Gənc rəssam” dərnəyinin üzvü Günel Cavadova 12-16 yaş kateqoriyasından olan rəssamlar arasında birinci yerə layiq görülmüşdür. Saatlı Rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəhbərliyi gənc rəssamla görüş keçirmiş, onu fəxri fərman və qiymətli hədiyyələrlə təltif etmişlər.

 Tofiq HÜSEYN,

  Respublika”.