Masallı: “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ” MÖVZUSUNDA KONFRANS
Region

Masallı: “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ” MÖVZUSUNDA KONFRANS

Masallıda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilir. Növbəti tədbir “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusuna həsr olunmuşdur.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov konfransda bildirdi ki, ulu öndər hakimiyyətdə olduğu hər iki dövrdə ölkəmizin inkişafında, tərəqqisində, milli dövlətçiliyimizin qorunub möhkəmləndirilməsində müstəsna xidmətlər göstərmişdir.

İcra başçısı 2001-ci il Bakıda keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurultayının milli birliyimizin, həmrəyliyimizin parlaq nümayişinə çevrildiyini qeyd etdi. Müdrik rəhbər qurultayda söylədiyi tarixi nitqində demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Ulu öndərin təşəbbüsü ilə Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyası işlənib hazırlandı. İcra başçısı azərbaycançılıq məfkurəsinin ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.

Konfrasda Milli Məclisin üzvlərindən Anar İsgəndərov, Musa Qasımlı və Məşhur Məmmədov bildirdilər ki,  böyük öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirir.

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Dəmirçi kənd ümumi orta məktəbinin direktor müavini İradə İmanbəyli azərbaycançılıq ideologiyasının inkişafında ulu öndərin tarixi xidmətlərindən danışdılar.

Əlisəfa HƏSƏNOV,

                                                                                              “Respublika”.